Əli Kərimin “Maska” şeiri

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Əli Kərimin “Maska” şeirini təqdim edirik.

MASKA

Yaxşı yadımdadır Peredelkino,

Klubda karnaval gecəsi vardı.

Orda maskaları maska taxmamış,

Bir şümal, bir gözəl qız paylayardı.

Bəzən görürdim ki, bir ayüzlüyə

Eybəcər bir meymun maskası düşür.

Bəzən də görürdün, elə tülkünün

Özü özü ilə bir də görüşür.

Gah da hər gün üzü maskalı olan,

Təzədən üzünə bir maska vurur.

Bəzən də birisi öz sifətini

alır,

qəzəblənir,

qıza qaytarır.

Karvanal qurtarır,

adamlar bir-bir

aldığı maskanı qaytarır qıza.

Amma bəziləri naxələf çıxır,

Qayıdır evinə üzündə maska.