“Ah”lar ağacından “Saat qülləsi”nə…

41 il ömür sürən, həyatı “Füsunlar” arasında keçən, incə ruhlu, şeirlərində tərtəmiz ana qoxusu hiss edilən türk şairəsi Didəm Madak…

Ömrünün neçə baharını, neçə qışını yaşamışdı, amma sevinmək nədənsə həmişə “yeddi yaşında”kı kimi qalmışdı ağlının ən dərin qatlarında. Həyat hekayəsində kədərli anlar sevincli günlərə üstün gəlmiş, alın yazısının hansı kitabın arasında olduğunu bilmək üçün günlərlə Tanrı ilə danışmışdı. Hər kəsdən, hər şeydən uzaqlaşan Didəm bir tək Allahdan uzaqlaşmamış, onu qəlbinə ən yaxın dost, anasız günlərində könlünə məlhəm hesab etmişdi. Həyatının ən şıltaq çağlarında, hələ 13 yaşında olanda “çox sevinmələrin qadını” olan anası Füsun xanımı xərçəng xəstəliyindən itirmişdi. Anasından xatirə qalan şeir dəftəri isə balaca qızcığazın bundan sonrakı həyatını şairə kimi davam etməsinə səbəb olmuşdu. Didəmi ədəbiyyatla tanış edən də, onu bu dünyanın adamı kimi yaradan da anası olmuşdu.

O, həyatının xoşbəxt anlarını uşaq romanlarına bənzədirdi. Fırtınalarla keçən ömür yolunda şeirləri əlindən tutmuş, “palçıqlı paltar geyinmiş şəhər”in içində hər kəsdən uzaq dünya qurmuşdu özünə. Hər kəsdən qaçdığı  zamanlarda kimsə onu tapmasın deyə Tanrının arxasında gizlənərdi çox zaman/

Çünki Tanrı, bir qız uşağının xəyalları qədər böyük idi…

               “İnsanlar öldülər, həmişə öldülər, bir gün öldülər

                bilinməz!

               Gecənin çəkməcəsində unuduldular sonra”

misralarıyla Didəm Madak insanların nə qədər unutqan varlıq olduqlarını sübut etməyə çalışırdı…

Şeirlərində anası ilə yanaşı bacısı İşıldan, onunla qurduğu xəyallardan, oynadıqları məsum oyunlardan da söhbət açardı. Bəzən iki bacı “olmayan çayları, olmayan fincanlardan içib” doyunca gülərdilər. Ara-sıra qəlbinin küsdüyü atasından da danışardı şeir dünyasında. “Mutsuza kim bakacak” şeirindəki “Bir atadan qurtuluşumu bayram edirəm” misrası sevgi ilə küskünlüyün ortasında dayanmışdı sanki. O, atasının “anasının həyatının mərkəzini güllərlə bəzəyən insan” olmasını istəyərdi həmişə. Amma bu arzusu heç vaxt gerçəkləşmədi. Əksinə anasını itirdikdən sonra atası yenidən evlənir, ögey ananın yadlığını hələ uşaq ikən dadır. Yadlıq duyğusundan qurtulmaq üçün gənc yaşda evlənir, amma bu evlilik xoşbəxtlik yox, kədər gətirir.

Ailə həyatında şansı gətirməyən Didəm Madak bu evliliyi bitirdikdən sonra öz qabığına çəkilir.

                            Onlara nə deməliyəm

                            Nələrsə deməyim lazımdır?

                            İnsanlar onları axtaranda gəlməzlər,

                            Axtarmayanda isə kaş məni çağıraydın deyərlər.

Bu misralar göstərir ki, Didem Madak tək olmağı seçsə də, qəlbində həmişə axtarılmaq, ehtiyac duyulmaq hissini gizlədib. İnsanlarda görmək istədiklərini tapmadığından yalnızlığı seçib.

Lakin bir gün güclü bir əl onu tutub silkələyir. Hər silkələndikdə budaqlarından min bir “ah”tökülür. Nə çox demişdi həmin gecələr “ah” kəliməsini. Bəzən Tanrını qucaqlamaq arzusu ilə yanıb-tutuşar, bəzən də “insan unudan və unudulmaya məhkum olandır” düşüncələrini beynində köhnə kasetlər kimi tez-tez fırlayardı. Hərdən pəncərədən yetim qalmış dünyaya, Allah baba ilə baş-başa söhbət edən insanlara baxardı. Qismətini, yaşanmış və yaşanacaqları sorğu-sual edərdi beynində. Yağışın sərtcə düşən damlaları ruhunu üşüdərdi çox gecə. Həmin anlarda dilindən çıxan kəlimələr bəyaz vərəqləri yaşıla, maviyə boyayardı.  Həyatındakı səhifələr isə payızın sarı yarpaqlarına dönərdi. Orada mavi və yaşıl rəngdən əsər-əlamət olmazdı. Bu zaman da onu tutub silkələyən əllər var idi, amma silkələndikcə Didemin çiynindən geri döndərməyə çalışdığı əqrəblər, zamanın ana laylasına bənzəyən həzin naləsi tökülürdü. Artıq onun da yaşamaq, savaşmaq üçün bir məqsədi vardı. Anası Füsunu itirdikdən sonra qaranlığa qərq olan dünyası, balaca qızı Füsunla işıqlaşmışdı. Şeir yazmağa itirdiyi ananın ilıq nəfəsini tapmaq ümidi ilə başlayan Didəm qızının doğulması ilə həsrət qaldığı ailə sevgisinə qovuşmuşdu.

      Çox zaman deyirlər ki, qız uşaqları analarının həyatını yaşayır.  Ananın sevinci övladına xoşbəxtlik, kədəri isə hüzn gətirir. Həyatının başlanğıcından sonuna kimi ana kəliməsini müqəddəs ocaq zənn edən, Didem Madak anası kimi 41 yaşında xərçəng xəstəliyindən həyatını itirmişdi. Balaca Füsun hələ 3 yaşında ikən anasından yetim qalmış, onun yoxluğunu doldura bilməmişdi. Şairə Didem Madak istəməsə də həm anasının həyatını yaşamış, həm də öz taleyini qızına yaşatmışdı. Bəlkə də, Tanrı “bəzən məni yenidən dünyaya gətirəsən deyə, ölmək istəyirəm” arzusunu qəbul etmişdi…

Zülfiyyə Mirzəzadə