Mirzə Cəlilin “Şeir bülbülləri” hekayəsi

Epiloq.Az Cəlil Məmmədquluzadənin”Şeir bülbülləri” hekayəsini təqdim edir.

Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor, Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.

Ədəbiyyat zavodlarımızda verilən dərslərdən

  • Molla dadaş, bir gəl bizə!

Məni dəvət edən mənim köhnə dostlarımın biri idi ki, adını burada söyləməyi lazım görmürəm. İkinci və üçüncü dəfə küçədə rast gəlib, dostumdan həmin dəvəti eşidəndən sonra bir gün axşam çağı getdim onlara.

Evdə bir ev sahibi özü idi, bir arvadı… xanım idi (adını yazmıram); bir də böyük oğlu idi ki, texnikum məktəbində dərs oxuyur. Mən gi­rəndə cəmən durdular ayağa.

  • Xoş gəlmisən, axşamınız xeyr, buyur əyləş.
  • Ya Allah!

Mən oturdum və. xanım çıxdı getdi. Əyləşdiyimiz otaqda yuxarı başda bir kiçik kitab şkafı qoyulmuşdu. Şkafın yuxarısında bir lövhə gözəl cəli xətlə[1] yazılmışdı: “Ənadili-şeir”; yəni şeir əndələri, yaxud şeir əndəlibləri.

Bu şkaf, – əgər durub haqq söyləsək, – ev sahibinə çox yaraşan bir şey idi; ondan ötrü ki, vaqeən mənim həmin dostum bizim maarif qədri bilənlərin cərgəsində sayılır.

Şkafın qapısının şüşəsinin dalında səliqə ilə düzülmüş kitablar aşkar bunu deyirdilər ki, “bax, şeir bülbülləri bizdən ibarətdir”.

Mən durdumm ayağa və gəldim dayandım şkafın qabağında. Ev sahibi də durdu, cibindən bir açar çıxartdı, gəldi şkafın qapısını açdı, üzünü mənə tutdu və dedi:

  • Görürsən?..

Dedim:

  • Bəli.

Dostumun oğlu da yavıq gəldi. Mən istədim əlimi uzadam və kitablardan birisini çıxardam, baxam, ev sahibi mane oldu və üzr istədi:

  • Molla dadaş, mən ölüm dayan!

Mən bir az təəccüb elədim və bu mənə belə dedi:

  • Mən bu kitabların hamısını hazıram tökəm qabağına, amma qəsdim o deyil. Mənim xəyalım sənə bir müjdə verməkdi və onunçun da səni zoman bu gün bura gətirmişəm.
  •  

Dedim: – Nə müjdə?

Dedi: – İki qəribə kitab ələ gətirmişəm, amma muştuluğumu verməsən, göstərməyəcəyəm.

Oğlu qəh-qəh ilə güldü və mənə tərəf dedi:

  • Hı, Molla dayı, beləcə işə düşərsən ha!..
  •  

Mən ev sahibinə dedim:

  • Muştuluq vermək borcum. Sənin də borcun sübuta yetirməkdi ki, ələ gətirdiyin kitablar həqiqətdə muştuluğa müstəhəqdirlər.

Dostum papirosunu yandırdı və çöndü stola tərəf ki, spiçka çöpünü külqabına qoysun. O vaxt mən genə istədim əlimi uzadam şkafa, dos­tum özünü yetirdi:

  • Mən ölüm, dayan, səbrini dər. Başın üçün, muştuluğumu vermə­sən, qoymayacağam əlini kitablara vurasan.
  •  

Mən daha dinmədim, amma qardaşoğlunun mənə deyəsən yazığı gəldi və atasına dedi:

  • Dədə, sən Allah Molla dayını incitmə, təzə kitablarını çıxart göstər.
  •  

Dostum genə bir qədər baxdı üzümə və papiros tüstüsü gözlərini acıda-acıda əlini uzatdı ən yuxarı təbəqədən bir köhnə cildli kitab çıxartdı və tutdu qabağıma. Mən də aldım görüm nə kitabdır.

Yarısı əl xətti idi və köhnə əsrlərdə daşdan çap olunmuşa oxşayır­dı. Bir-iki səhifəsinə göz gəzdirdim və birinci səhifənin sərlövhəsinə diqqət yetirdim. Qarışıq-dolaşıq yazıların içində kitabın adını tapa bil­mədim. Dostum burada mənim iczimi[2] duydu, əlini uzatdı kitaba və gülə-gülə dedi:

  • Ver mənə! – Və məndən kitabı alıb dedi:
  • Bu kitab qüdəmayi-şüərayi-Azərbaycan Yeldainin divanıdır. Bunu mən neçə ildi ki, axtarırdım.

Mən soruşdum ki, indi bunu haradan tapıb; o da mənə belə cavab verdi:

  • Bu kitab şahzadə Bəhmən Mirzənin kitablarındandı və rəvayət eləyirlər ki, şahzadə İrandan Qarabağa qaçanda bu kitabı qoltuq ci­bində saxlayırmış. İki il bundan irəli bir dəllala mən xəlvətcə bir qədər pul vermişdim ki, əgər o kitabı tapıb gətirsə, ona bir mahud çuxa da verim. Qoçaq kitabı gətirdi və çuxanı da məndən aldı.

Burada mən kitabı genə aldım əlimə və açdım orta səhifələrini və­rəqlədim. Hər yeri nəzm idi. Gözlüyümü taxıb, bir yerindən bu ibarəni çətinliklə oxuya bildim.

Mənarixəs əbuzi ki, bərq-nərq olacaqdır,

Sita ki, həşm nitaxi…

Burada dayandım və dalını oxuya bilmədim və söz yox ki, oxu­duğumu da başa düşmədim. Kitabın sahibi əlimdən aldı və dedi:

  • İndi gəlin əyləşək.

Əyləşdim.

  • Hı, haradan oxuyurdun?

Mən əyildim və nişan verdim. Cavan da kitaba tərəf başını əydi. Dostum dedi:

  • Molla dadaş, görükür, bu cür mətbuatın mütaliəsini etiyad etmə­misən (yəni; adət etməmisən). Qoy mən oxuyum, sən qulaq as. Hə, haradan oxuyurdun?.. – Və başladı oxumağa:

Niyarbəxş əyuri ki, tərq-bərq olacaqdır,

Saki çeşmi nitafı-tü mehri-talei-pünhan.

Və bu beyti oxuyandan sonra dostum baxdı üzümə, bir qədər dinmədi və dedi:

  • Mən öz vicdanıma and içə bilərəm ki, bir belə kəlami-əbədzin- dəni[3] indiyədək Azərbaycanın bərgüzidə şairlərinin heç biri səhneyi- mətbuata çıxartmayıbdır. Mərhəba, mərhəba! Siz öləsiniz, qiyamət eləyib. İndi dalına qulaq as.
  •  

Burada mən bir söz danışmadım və danışmamağımın səbəbi bu idi ki, əgər desə idim ki, bu “qiyamət” şairin əbədzində kəlamını mən başa düşmədim, o vədə dostum da və oğlu da məni bisavad hesab edəcəkdilər; necə ki, min dəfələrlə belə-belə türk məclislərində min dəfələrlə elə belə-belə “qiyamət” şairlərin əbədzində kəlamı zikr olunub və türk qulaq asanları (yəni müstəmeinləri) o kəlamdan bir zərrə qədər işarə də anlamayıblar və anlamayanlann bir para quru təşəxxüslüləri və kəmcurətliləri mənim kimi yalandan “bəli-bəli” deyib özlərini anlayana oxşadıblar. Onun üçün də mən dinmədim; istəmədim savadsız olmağımı duyalar.

Mən bu xəyalatda idim, bir kasıb qoca arvad üzundə yaşmaq, çay gətirdi. Dalınca… xanım da gəldi. Arvad stəkanları qoyub padnosu aparanda… xanım onun dalınca dedi:

– Zeynəb, samavarı gözlə soyumasın.

Bu arvad qulluqçuya oxşayırdı. Arvad getdi və. xanım əyləşdi.

Dostum başını kitabın üstündən qalxızmayıb, sağ əlinin şəhadət barmağını mənə tərəf uzatdı və başladı kitabdan oxumağa:

Sima tühəf, nə yəşanir, olubdu xəlhə dilbər.

Ümuri-ğərb zəraf nə kar-kur səfıhan.

Yəni: əkərəm mən bustanımda “ğəbr” gülünü və “ğəbrin” qönçələri açılıb müəttər[4] olar və mən o güldən dərib apararam o na­zənin yarıma ithaf edərəm. Demək, burada “ğəbr” kəlməsi “ğaym”m fəthi ilə soğan qabığını məna edir, “ğaym”m kəsrilə dəvənin quyru­ğunun ucuna deyir, “ğaym”m zəmmi ilə həman gül ağacıdır ki, şair onun qönçələrini öz yarına ehda etmək[5] istəyir. İndi dalma qulaq as:

QƏZƏL

Nigari-vəsl şövq-mütrübü rəğbət xizar olmaz,

Gülü hər ləhzeyi-aşiq tərabi-xar-mar olmaz.

Əgər əndişə xatimak dəsturu-mərac etsə,

O dilbər kim, kəvakib eşqi-qəbzi-xakisar olmaz.

Süxən bər duş əclafi-rəaya məzhəri eymən, Dəmadəm nazənin ol mərhəmi-mülqət nisar olmaz.

İndi dalma qulaq as:

Hər ki, mehri-çaki-dilxun səngi-barın görməsin,

Qəfləti-mərcan-hal içrə diyarın görməsin.

Çün pərişan zülfü cövhər dilbəri-baləli-ləb,

Qəm küdari-rəhnüma bir busə yarın görməsin.

Mən qərib əslan nigəhbani-biladi-möhtəriz,

Ta xədəngi-navük olsa, xəddi-xarin görməsin.

Burada… xanım əsnədi və durdu ayağa. Oğlu da yavaşca gülüm­sündü. Çox istərdim səbəbini biləm, amma soruşsa idim, yersiz düşər­di; yəni bica olardı. Oğlanın qəzəlpərəst atası başını genə haman kita­ba əyib və genə şahadət barmağını mənə tərəf uzadıb başladı bəlağət­lə oxumağa:

Cəmin cəmal cümuli cəlali-cul eləyibdir Ki, həzmi tahir dəfi xətaq təhn müqilan.

  • Pəh-pəh!.. Nə qədər məziyyət! Zalım oğlu qiyamət eləyib! Sən bir məharətə bax ki, bir dənə “cim” hərfi ilə nə böyük bir mənanı ifa­də edir, yəni anladır.
  • Pəh-pəh, pəh!.. Qiyamət eləyib.

Doğrudan da, dostumun fəsahətinin qəlizliyindən ağzının köpüyü stəkan-nəlbəkiyə sıçrayırdı. Xanım əsnəyə-əsnəyə istədi gedə və gedəndə bircə bunu dedi:

  • Heyif ki, bir şey başa düşmürəm. – Oğlu da anasına tərəf danışdı:
  • Yəni, dədə, doğrudan da o kitaba ki, o qədər pul verirsən, axı nə olar ki, bizi başa salasan görək o kitabda yazılan sözlərin mənası nədir və nə demək istəyir.
  •  

Mən də burada istədim ana və oğula qüvvət verəm və istədim ki, ağzımı açam, amma ev sahibi qoymadı və məndən soruşdu:

  • Molla dadaş, necə gördün Yeldaini? Görürsən necə qiyamət eləyir?

Mən genə utandım və bircə bunu deyə bildim:

  • Bəli.

Dostum haman kitabı bükdü qoydu stolun üstə və durdu getdi şkafdan genə bir köhnə kitab çıxartdı gətirdi və haman kitabı iki əli ilə yuxarı qalxızıb, şairanə bir şivə ilə mənə dedi:

– Bax, Molla dadaş, bu kitabı da bir iranlı bazarda dolandırırdı və hər kəsə ki, göstərib, bir kəs buna pul vermək istəməyib; çünki öküz nə bilir gülün qədrini və kürd nə bilir püstənin qədrini?! Bu kitaba mən o qədər pul verdim ki, kitabın əsil qiymətinin ondan biri deyil. Mən buna otuz iki manat verdim və verəndən sonra elə bildim ki, küçədən tapdım. Bu nadürül-vücud kitab, cahiliyyə əsrinin girən bəha şairi Səqərül-Qadirinin “Məcməün-nəbiqə”sidir. Bir rəvayətə görə Səqərül-Qədiri hicrətdən 212 il qabaq Azərbaycanın “Danaqırt” qə­səbəsində təvəllüd edib. Doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasələt edərək, Bətabinüşşəcəri kimi əazimi-üləmadən təhsili-ülumi-vəznü qafiyə etmişdir ki, əvaxir ərəb dilində şeir yazmaqla Ərəbistanın bərgüzidə şairlərinin silkinə məslək olmuşdur; onunçun ərəblər səhvən və qəflətən onu öz şairi hesab edirlər. Sə- qərül-Qadiri, – necə ki, məlumdur, – “Müəlləqati-səbə”nin birinin sahibidir; necə ki, minlərcə ifayi-fərizeyi-həcc edənlər müruri-dühur onun zirayətinə müşərrəf olmaqdadırlar. İştə bu bir-iki beyt onun cümleyi-əşarındandır.

Bəğdü məqata təbərül-zicanə xəyalək,

Matül-kəlabü latəşnəba ğüzaza.

Pəh-pəh, doğrudan da zalım oğlunun necə abdar kəlamı var! Və gör necə ərəblərin içində, bəlkə islam aləmində biz azəri türklərinin başını ucaldıb (yəni: gör necə “sərbülənd” eləyib). Və bunu da burada qeyd edə bilərəm ki, ərəblər bundan başqa genə bizim qeyri bir neçə şairlərimizi təsahüb edirlər. Məsələn, “ağlına nə gəlir, kimdi Hatəmi- Tai? Mən neçə-neçə sənədlər və məxəzlərlə dərəğeyi-sübuta yetirə bilərəm ki, Hatəmi-Tai Arar bu taylı Hatəm xan ağanın nəslindən inşiqat edib, Ərəbistana hicrət edənlərdəndir ki, onun bimisl və manənd nabiqəsi ilə indi ərəblər iftixar edirlər. Və hətta, Molla dadaş, mən “Müəlləqə” sahibi İmrəəl-Qeys barəsində də çox şəkdəyəm.

Daha cavan tələbə burada yoxdu. Yəqin ki, darıxdı və baş götürüb qaçdı (çünki məclisin ləzzətini anlamadı).

Dostum genə gözünü dikmişdi kitaba və oxşuyurdu ki, oradan genə bir şey oxumağa hazırlaşır.

Mən bu boynuma alıram ki, bir az yoruldum, ancaq ev sahibindən utandım və yorulmağımı büruzə vermək istəmədim və hətta üzə qaldım və bir-iki dəfə “bəli-bəli” də dedim.

Amma burada bir iş vaqe oldu ki, yorulmağım da getdi işinə, utan­mağım da yaddan çıxdı. Elə ki, dostum ağzını açırdı kitabdan oxusun, burada elektrik çıraqları birdən söndü və biz qaldıq qaranlıqda. Dostum haman saat oğlunu çağırdı:

  • Oğlum, oğlum, qadan alım, çıraqları yandır.

… xanım əlində bir yanan şam, gətirdi bizim otağa, qoydu stolun üstə. Oğlu da çəkic, kəlbətin və məftil qırıqları götürüb qaçdı dalana.

Şeir məcnunu da şamı çəkdi kitabın yanına ki, oxusun, amma na­rın yazıları gözü seçmədi və başladı papiros çəkməyə.

O biri otağın qapısı açıq idi və görürdüm və eşidirdim ki, haman otaqda… xanım əyləşib, yanında bir balaca qız uşağı oturub və Zeynəb arvad da yerə çöküb nə isə nağıl eləyir və .xanım da və qızı da qulaq asırlar. Zeynəb arvad bir belə nağıl söyləyirdi:

  • Ay xanım, biri var idi, biri yox idi, bir padşah var idi və bir də o padşahın bir vəziri var idi. Bu vəzir də çox qoçaq vəzirmiş. Bir gün vəzir öz evində yatmışmış. Gecə vaxtı qapı döyülür, vəzir ayılır və köynəkcək istiyir çıxa qapıya. Burada vəzirin arvadı deyir: – Ay vəzir, elə köynəkcək qapıya çıxma, paltarını geyin, yaraq-əsbabını götür. Yoxsa ola bilər ki, qapıdakı düşmən ola.

Vəzir də arvad dediyini eləyir və yaraq-əsləhəsini geyir, gedir qapını açır və görür ki, qapını döyən bir igiddir, belində xəncəl, əlində tapança. Vəziri yaraq-əsləhəli görəndə deyir:

  • Qurban olasan arvadına! Yoxsa mənim qabağıma köynəkcək və əli yalın çıxsa idin, otuz doqquz igidin boynunu vurmuşam, sən də qırxıncı olacaqdın.

Xülasə, qapını döyən vəzirə deyir:

  • Gəl gedək.
  • Hara gedək?
  • Sənə borc deyil, gəl gedək.

Xülasə, gedirlər, gedirlər, gedirlər və bir qapıda dayanırlar. İgid vəzirə deyir:

  • Sən dur burada, məni gözlə, əgər səsləndim, bil ki, basmışam, onda gəl mənim harayıma. Əgər səsim gəlmədi, onda bil ki, mən basılmışam; onda çıx get. Amma mənim qohum-əqrəbamdan hər kəs məni soruşsa, məbada deyəsən igid basıldı; deginən bilmirəm harada mən onu itirdim. Bax, yadında saxla, yadında saxla. Deməyəsən ki, igid basıldı.

Bu yerə kimi… xanım da şirin-şirin qulaq asırdı və mən də qulaq asırdım. Burada yanımdakı dostum yadıma düşdü, dedim bəlkə genə kitablarına cumub, onun üçün səsi çıxmır. Çöndüm və gördüm ki, bu da cəmi huş-guşunu Zeynəb arvadın nağılına verib qulaq asır.

Ara qapı örtüldü və Zeynəbin səsini daha eşitmədik. Və bizim otaqda bu dəqiqə elə bir sakitlik əmələ gəldi və mənim qəlbimdə elə bir tutqunluq üz verdi ki, otağımızda yanan şamı daha gözüm görmür­dü. Və bu qaranlığın içində bu dəmdə mənim üçün Azərbaycan şairi Yeldai də yox idi, Səqərül-Qadiri də qaranlığa batdı və hətta dostu­mun bülbüllərinin cəmi ərəbləşmiş şeirləri zülmətin tərkinə düşüb, məndən ötrü həmişəlik fotə getdilər.

Ancaq bu dəmdə mənim üçün bircə işıq haman tək bir şamın işığı idi ki, oradan Zeynəb arvadın dilindən açıq və şirin Azərbaycan nağı­lını eşidirdim.

Elektrik çıraqları yandı və məni bu qaranlıq malxülyasından oyat­dı. Elektrik fənninin tələbəsi şad və gülə-gülə gəldi.

  • Hı, dədə, nə olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şair­lərin yandıralar?

Atası da dilxoşluqla oğluna baxırdı və görürdüm ki, oğlunun bi­liyinə qəlbdən çox-çox fəxr edir.

Ev sahibindən üzr istədim və hazırlaşdım getməyə. Cavan məni küçə qapısmadək yola saldı və pilləkənləri yenə-yenə mənə belə dedi:

  • Molla dayı, vallah, doqquz ildi ki, müsəlman dərsi oxuyuram, amma genə bu şairlərin dilini qanmıram.

Bunun cavabında mən buna əl verib ayrılanda dedim:

  • Sənə bir sözüm var; amma gərək atan bilməsin.

Cavan and içdi və mən ona dedim:

  • Sənin dədənin və mənim əziz dostumun o qəribə şairlərinin dilini mən də qanmadım.

Cavan mat qaldı