Vatikanın qadağan etdiyi kitablar

Katolik kilsəsinin 1559-cu ildən 1966-cı ilə qədər qüvvədə qalan və davamlı olaraq yenilənən “qadağan olunmuş kitablar” siyahısı var idi. Həmin siyahı əvvəllər protestant reformasiyasını təzyiq altında saxlamaq üçün hazırlanmışdı. Dünyanın kainatın mərkəzi yox, Günəş ətrafında fırlanan adi bir planet olduğunu iddia edənlər, əxlaqın dinlə əlaqəli olmadığını düşünənlər və bunun kimi bir neçə kitab müəllifləri növbə ilə siyahıya əlavə olunurdu. Son illərdə tədqiqatçılar üçün açıq elan edilən  Vatikan mənbələrində görünür ki, “qadağan olunmuşlar siyahısı” dörd min başlıq altında Qərb dünyasının, demək olar ki, bütün yazıçı, alim, filosoflarını və onların əsərlərini əhatə edir.

Epiloq.az katolik kilsəsinin 1559-1966-cı illər arasında kitablarını qadağan etdiyi həmin müəlliflərin siyahısını təqdim edir.

Elmi İnqilabın nümayəndələri:  Qalileo Qaliley, Nikolay Kopernik, İoahann Kepler, Cordano Bruno, Erasmus Darvin (Çarlz Darvinin babası)

Bruno sadəcə əsərlərinin qadağan olunması ilə xilas ola bilməmiş, 1600-cü ildə Roma meydanında diri-diri yandırılaraq cəzalandırılmışdı.

Fəlsəfi düşüncənin təmsilçiləri: Rene Dekart, Nikkolo Makiavelli, Frensis Bekon, Tomas Hobbs, Devid Yum, Con Lokk, Benedikt Spinoza,  İmmanuel Kant, Corc Berkli, Anri Berqson

Fransız maarifçiləri:  Fransua Volter, Jan Jak Russo, Şarl Lui Monteskyö, Deni Didro, Adrian Helvetsi, Pol Anri Holbax

Qərb dünyasının böyük ədəbiyyat nümayəndələri:  Aliqyeri Dante, Mişel de Monten, Onore de Balzak,  Viktor Hüqo, Jan de Lafonten, oğul-ata Dümalar, Markiz de Sad, Daniel Defo, Andre Jid, Qustav Flober, Emil Zolya, Henrix Heyne, Jan Pol Sartr,  Simona de Bavuar, Anatol Frans.

Qısacası, Vatikan düşüncəni, elmi, sənəti, ədəbiyatı, insanlığın bütün təcrübəsini qadağan etməyə və təzyiq altında saxlamağa çalışmışdır.

Lakin maraqlıdır ki, siyahıda adı çəkilənlər arasında Çarlz Darvinin əsərləri yoxdur. Bəzi tədqiqatçılar bunu belə açıqlayırlar ki, vaxtilə Qalileyi yerin Günəş ətrafında dönməsi iddiasına görə məhkum edib, sonradan yanıldığını görən kilsə yenidən eyni səhvi təkrarlamaq istəməyib. Məhz, bu hadisədən sonra kilsə elmi kitablara qarşı daha təmkinlə yanaşmağa çalışıb.

Darvinlə yanaşı, kitabı qadağan olunmayanlar arasında Fridrix Nitsşenin, Karl Marksın, Engelsin, Freydin, Şopenhauerin, Feyerbaxın da adı var.

Eyni zamanda Hitlerin “Mübarizəm” əsəri  üç il müzakirə olunsa da, kilsə sonda nasist liderini qarşısına almaqdan çəkinmişdi.