Ədəbiyyat daha yoxdur, olmayacaq!

Qan Turalı

XVIII əsrin ən vacib ilinin, ən görkəmli günüdür: 1789, 14 iyul.

Xalq küçələrdədir.

Kral əyanlarını məşvərətə toplayıb.

Həyəcanlı çıxışına belə başlayır: “Bu qiyamdır”

İlk cümlədə bir əyan onun sözünü kəsir: “Yox, əlahəzrət, bu inqilabdır!”

Ədəbiyyatın gələcəyi ilə bağlı düşünəndə bu əhvalatı xatırlayıram.

Vəziyyəti bundan yaxşı ifadə etmək olmaz.

Həyəcan təbili çalsan nə olacaq?

Qulaqlarda qulaqcıqlar…

Bəli, Füzuli nəzmin xar olduğunu deyirdi.

Bəli, Mirzə Cəlil də “inanmıram, bir oxuyan ola” deyə gileylənirdi.

Füzuli ilə Orta Əsrlər başa çatmışdı, Mirzə Fətəli və Mirzə Cəlillə Yeni Dövr başlanmışdı, amma qiyam davam edirdi.

Biz isə Yeni Dövrün ən həlledici mərhələsindəyik və inqilab indi baş verməkdədir.

İndi ədəbiyyat məhv olmaq təhlükəsi ilə üzbəüzdür və bu sərt diaqnozda zərrə qədər də olsun şişirtmə yoxdur.

Bəşəriyyət öz tarixi boyunca utopiyaların yox, antiutopiyaların gerçəkləşməsinə şahid olmuşdur.

Saturndan baxan Yer kürəsində nəhəng tərəqqi görər.

Marsa çıxmağa hazırlaşırıq.

Amma hər il dünyada milyonlarla uşaq xəstəliklərdən dünyasını dəyişir.

Mars büdcəsinin onda biri ilə onları xilas etmək mümkündür.

Və bəşəriyyət niyə Marsa can atır?

Çünki bəni-adəmin yırtıcılığı ucbatından Yer kürəsində həyat günü-gündən daha dözülməz olur.

Təbii ehtiyatlar sürətlə azalır, qlobal istiləşmə artır.

Gözlə görünməyən virusun dünyaya meydan oxuduğu zamanda insanın qüdrəti haqqındakı nitqlər lətifəyə çox oxşayır.

Hər şey bir qəbilənin şam yeməyindən sonra tonqal ətrafında başlamışdı.

Ov etməkdə elə bir məharəti olmayan ozan qədim çağlardan, basılmaz igidlərdən, qənirsiz gözəllərdən danışırdı.

O danışdıqca qəbilənin hər üzvü şirin xəyallara dalırdı, cari həyatdan uzaqlaşır və şirin xəyallara cumurdu.

İnsan özü ilə qalırdı, Divlə qılınc çalır, gözəli azad edir, əjdahaları qanına bələyirdi.

Günəş qürub edərkən insanın ürəyində ən munis arzular oyanır, möhnətlər vüsala çevrilirdi.

İnsan insanlaşırdı, özümləşirdi və ucalırdı…

Böyüyürdü…

İllər, qərinələr, əsrlər boyunca ədəbiyyat bəşəriyyətin isti yuvası, ana ağuşu idi…

Nəhəng qalalar, böyük şəhərlər, uzun yollar inşa edən bəşər övladının sığınacağı idi ədəbiyyat.

Və yaratdığı alətlər, saldığı küçələr insanı anbaan özündən, öz ruhundan uzaqlaşdırırdı.

Daha qəbilə tonqalının işığında ozanın bəzən tityəyən, bəzən kükrəyib, bəzən inildəyən alovlu səsinin sehrinə düşən insanlar yox idi.

İnsanlar indi axşamlar tıxaca düşürdü…

Sehrə yox, tələyə düşürdü.

Əsrlərdir təbiəti fəth etmək arzusuyla alışıb yanan insan təbiətə qalib gəlmiş, lakin bu yolda öz insanlığını, onu digər canlılardan ayıran xislətini itirmişdi.

İnsan mənanı itirmişdi…

Əzələlərini robotlara, zehnini süni intellektə təhvil verən insan bunun müqabilində ruhunu da şeytana satırdı.

Metafizik dünya ilə bütün rabitəsini qırıb atan insanın indi isə ovunmağa ehtiyacı vardı.

Sağalmaz xəstəliyin pəncəsində ağrıkəsicilərlə yaşayan xəstə kimi o daim süni təsəllilər axtarır.

Sosial media bu yerdə insanın harayına çatır.

Qəbilə tonqalının zərif işığında xəyallara dalıb gedən insanın gözləri indi telefonun ekranındadır.

İnsan orda güclüdür, ağıllıdır, gözəldir, qüdrətlidir, hakimdir, mütləqdir.

Qınamayın insanı, ördəklərin arasında yaşasa da qu quşu qu quşudur.

Ruhunu itirmiş insan cənnət həsrətindədir.

Ancaq bu həsrət üçün ağır əməliyyata girməyə, özü və öz həqiqətləri ilə üzləşməyə yəni ədəbiyyatla məşğul olmağa insanın taqəti yoxdur.

Ona görə də o ağrıkəsicilərlə yaşamağı daha üstün tutur.

O özünü və özünü xatırladan ən qiymətli aləti, ədəbiyyatı bir daha tapmamaq ümidi ilə bir yerdə itirmişdir.

Bu artıq inqilabdır…

Ədəbiyyatın xilası görünmür.

Və bu gerçəkliyi etiraf etmək vaxtı çoxdan gəlib çatmışdır.