Əli Kərim: “Qayıt…”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Əli Kərimin “Qayıt” şeirini təqdim edirik.


Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.