Ən məşhur ədəbiyyat jurnalları

 Epiloq.az dünyanın ən məşhur ədəbiyyat jurnallarının adlarını təqdim edir.

 “Nyu-Yorker”

1925-ci ildən nəşr olunan “Nyu-Yorker” jurnalı br-birindən maraqlı hekayələrin, tənqidi yazıların, esselerin, şeirlərin dəyişməz ünvanıdır. Amerikalı jurnalist Harold Ross tərəfindən təsis edilən jurnal ildə 47 dəfə çap olunur və dünyada 1 milyondan çox oxucu kütləsinə malikdir. Jurnalda ilk dəfə Con Ohara, Devid Cerom Selincer, Skott Fitscerald, Salman Rüşdi və digər məşhur müəlliflərin əsərləri çap olunub.

 “Paris Revyu”

İngillisdilli jurnal olan “Paris Revyu” 1953-cü ildə Parisdə təsis olunub. Jurnal nəşr olunduğu ilk illərdən Samuel Bekket, İtalo Kalvino, Jan Qenet kimi məşhur müəlliflərin əsərlərini çap edib. “Paris Revyu” müsahibələri ilə də məşhurdur.  Belə ki, müxtəlif illərdə jurnalda Ezra Paund, Ernest Heminquey, Tomas Eliot, Luis Borxes, Uilyam Folkner, Pablo Neruda, Vladimir Nabokov və digər məşhurların maraqlı müsahibələri yayımlanıb.

“Harpers”

Aylıq “Harpers” jurnalı 1850-ci ildə yaradılıb. Jurnalın ilk saylarında Çarlz Dikkens, Emili Bronte, Uilyam Tekkerey kimi yazıçıların əsərləri çap olunub.

“Poetry”

Əsası amerikalı şair Hariyet Monro tərəfindən qoyulan “Poetry” jurnalının ilk sayı 1912-ci ildə ABŞ-ın Çikaqo şəhərində yayımlanıb. Tomas Eliotun 22 yaşında yazdığı məşhur “Alfred Prufrokun məhəbbət nəğməsi” şeiri ilk dəfə bu jurnalda çap olunub. Şeiri dərc etməyi Hariyet Monroya dərginin o vaxt redaktorlarından olan şair Ezra Paund məsləhət görüb.

“Qranta”

Dünyanın ən məşhur ədəbiyyat jurnallarından hesab olunan “Qranta” 1889-cu ildə Böyük Britaniyanın Kembric Universitetinin tələbələri tərəfindən yaradılıb. Maliyyə böhranı səbəbindən bir müddət fəaliyyətini dayandıran jurnal 1979-cu ildən yenidən nəşrini bərpa edib.