Ən məşhur nəşriyyatlar

Epiloq.az dünyanın ən nüfuzlu və məşhur nəşriyyatlarının adlarını təqdim edir.

“Pinqvin”

 1935-ci ildə Allan Leyn tərəfindən yaradılan “Pinqvin” nəşriyyatı kütləvi şəkildə cib kitabları çap edərək kitab bazarında yeni bir cığır açıb. 2013-cü ildən etibarən isə iki böyük nəşriyyatın birləşməsi nəticəsində yaranan “Penguin Random House” qrupunun tərkibinə keçib. Rəsmi ofisləri Londonda yerləşən “Pinqvin” nəşriyyatının bir neçə kitab seriyası var. Məsələn, 1967-1987-ci illərdə nəşr edilən “Şekspir” seriyasında dahi ingilis şairinin bütün əsərləri toplanıb. “Qızıl klassiklər” seriyasında isə Ceyn Ostin, Bronte bacıları, Çarlz Dikkens, Mixail Bulqakov, Virciniya Vulf, Vladimir Nabokov, Frans Kafka və digər dünyaca məşhur yazıçıların adlarına rast gəlmək olar.

 “Random House”

1927-ci ildə ABŞ-da yaradılan bu nəşriyyat evi sonradan Almaniya media qrupu olan “Bertelsman”a satılıb və hal-hazırda “Penguin Random House”un tərkibindədir. Ceyms Coysun “Uliss” romanının ilk nüsxəsi 1934-cü ildə məhz “Random” nəşriyyatında çap olunub. İllik gəliri 3 milyard dollara yaxın olan nəşriyyat Den Braun, E.L.Ceyms, R.R. Martin kimi əsərləri milyon tirajlarla satılan müəlliflərlə əməkdaşlıq edir.

 “Sxolastik”

1920-ci ildə ABŞ-da əsası qoyulan bu nəşriyyat uşaq ədəbiyyatının nəşri və yayılması sahəsində çox böyük rola malikdir. “Harri Poter” və “Aclıq oyunları” kimi bestsellerlərin müəlliflik hüququ “Sxolastik” nəşriyyatına məxsusdur.

“Qallimard”

1911-ci ildə Parisdə yaradılmış bu nəşriyyat tərtibat və imza baxımından ən keyfiyyətli kitabları ilə məşhurdur. İllik gəliri 329 milyon dollar olan nəşriyyatın məşhur müəllifləri arasında Antuan de sent Ekzüperi, Alber Kamyu, Marsel Prust və digərlərinin adlarını çəkmək olar.