Cabir Novruz: “Tələsin insanlar…”

Əzəldən söz olub. Şeir cildində… İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər. “Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar” Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və başqa ruhlarda milyon anda yenidən doğulur. Anlar əbədidir çünki… Şeirlər kimi…

Epiloq.az bu dəfə “Anın şeiri” layihəsində   Cabir Novruzun “Tələsin insanlar” şeirini təqdim edir.

Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.

Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var, qəm var, kədər var.
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.

Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur.
Siz elə zənn edin planetimiz
Xeiyrxahlıq üstdə fırlanır, durur.

Tələsin, tələsin, tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin.
Hərdən qocaya da gəncsən, cavansan,
Hərdən kifirə də gözəldi deyin.

Səs salın səmaya, suya, torpağa,
Bu yola çağırın nəsilləri də.
Tələsin, adamlar, əldən tutmağa,
Fəqət ev yıxmaqda qalın geridə.

Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun!
Siz günah yumaqda birinci, ilkin,
Günah işlətməkdə mininci olun!

Tələsin, yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin!
Tələsin, ömr edib yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin.