
Epiloq.Az İlqar Rəsulun “2025” hekayəsini təqdim edir.
‒ Sabahınız xeyir, oğlum. Necəsiniz?
‒ Hər vaxtınız xeyir, ağsaqqal. Yaxşıyam, sağ olun. Siz necəsiniz?
‒ Sağ olun, mən də yaxşıyam. Maska yoxdur?
‒ Var.
‒ Bəs…
‒ Spirt də var.
‒ Qurtarmaz ki?
‒ Yox, ağsaqqal, narahat olmayın, anbar doludur, qurtarmaz.
‒ Şükür, Allah həmişə var eləsin! ‒ deyib, əl ağacını xəfifcə yerə toxundura-toxundura aptekin qapısına tərəf yönəldi nimdaş kostyumlu, şlyapalı, eynəkli ixtiyar qoca. Qapını bayırdan örtərkən təkrar etdi, – Bu günümüzə şükür, Allah heç əskik eləməsin!
‒ Maskanı, spirti niyə soruşurdu ki bu qoca? – piştaxtanın qarşısında dayanıb olanları seyr edən xanım müştəri maraqla aptekçidən soruşdu.
Aptekçi gözləırini qapıdan ayırmadan, ağrıyırmış kimi boynunu ovuşdura-ovuşdura cavab verdi:
‒ Qonşuluqda yaşayır bu kişi. İki min iyirminci ildə dünyada koronavirus adlı kabus dolaşarkən hər gün gəlib aptekdən maska soruşurdu. Bizsə belələrinə: “Yoxdur”, – deyib maskanı gizlədir, imkanlılara baha qiymətə satırdıq. Hər gün gəlirdi qoca, “Maska varmı?” ‒ soruşur, “yoxdur” cavabını alır, səbirlə, təmkinlə: “Sağ olun”, ‒ deyib gedirdi. Bəzən gündə iki dəfə gəlirdi…
‒ Bəs indi neyləyir spirti, maskanı qoca? – müştəri aptekçinin fikrə getdiyini görüb qayğılı halda dilləndi, – virus ki daha yoxdur?
‒ Özünə lazım deyil. Sadəcə o vaxtdan ağlında ilişib qalıb bu maska-spirt məsələsi, hər gün gəlib soruşur, – aptekçi pərt olmuş kimi cavab verdi, – bəzən gündə iki dəfə gəlir, birdən yenə tapılmaz deyə narahatdır, bizə, sizə ‒ hamıya görə narahatdır yəni…
Aptekçi sözünə ara verdi, köks ötürdü, başını yırğalayıb davam etdi:
– Hamıya görə narahatdır, bircə xanımından başqa. Qonşular deyir ki, qarı sağ çıxmayıb o günlərdən. Koronavirusdan vəfat edib. Sən demə, maskanı da onunçün axtarırmış o vaxt. Maska olsa, ölməyəcəyindən əminmiş…
Bakı- 04.04. 2020