Səhər Əhməd: “Elə hamı səbəbkardı…”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Səhər Əhmədin “Elə hamı səbəbkardı …” şeirini təqdim edirik.

Elə hamı səbəbkardı, ən yaxşıları ən çox…

Günahkardı sağlığına içdiyimiz adamlar,

Bütün şərab çeşidləri, bütün məzə növləri.

Cavablarından xəbərsiz o bicbala suallar,

Səbəbləri bilinməyən o ruh düşkünlükləri.

Elə hamı səbəbkardı, ən yaxşıları ən çox…

Günahkardı bu dünyanın bütün çıxış yolları,

Ən böyük super-marketlər və ən tünd şokaladlar.

Şair sayıqlamaları, filosof yalanları,

Tolstoylar, Şekspirlər, Platonlar və Kantlar.

Elə hamı səbəbkardı, ən yaxşıları ən çox…

Günahkardı unudulan, unutduran hər nə var,

Bütün gözəl indilərə xəyanətdi sonralar.

Təsadüflər günahkardı, zərurətlə örtülü,

Sevənlər də günahkardı, sevgilərin qatili…

Səbəbkardı bu çirkabın içindəki o saflar,

Varlıqları bu həyatın puçluğuna ithaflar,

Və intihar səhnəsində bir cümləlik monoloq,

Elə hamı səbəbkardı, ən yaxşıları ən çox.