Şəhriyar del Gerani: “Dekabr şeiri”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Şəhriyar del Geraninin “Dekabr şeiri”ni təqdim edirik.

nə uzaq küçələr vardı uşaqlığımızda,
nə uzaq şəhərlər oldu sonralar.
böyüdükcə dəyişir uzaqlar da,
küçələr də.
küçə-küçə
şəhər-şəhər uzaq olur adamlar…

sən də bir küçə seç getməzdən öncə,
bir şəhər şeç unutmağa,
bir uzaq seç darıxmağa…
sən də getməzdən öncə
bir az dəyiş,
bir az uzaq ol
sonra get.
bu qədər yaxşıykən getmə, nə olar…
bilirsənmi
çətin olur yaxşıların gedişi…

ən sonuncu dostum da oğraş çıxmamış,
bilirsənmi,
axşam düşməmiş,
şər qarışmamış getmə…
çətin olur
yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmə…

sən bilmirsən
çətin olur payızlarda darıxmaq…
ən sonuncu yarpaqlar da düşməmiş,
torpağa qarışmamış,
bir az qal, nə olar
getmə qış çıxmamış
qış çıxmamış getmə…

sən bilmirsən
indi mən, allahdan nə üçün yox
kimin üçün yaradıldığımı soruşuram.
bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.

sən bilmirsən
indi mən, adamlarçün yox
əşyalarçün darıxıram.
bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür,
sonra get.

daha mən, gələcəkdən yox
keçmişdən nigaranam,
bir də gördün heç kəs yadına düşmür.
indi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdi.
arzular da canavar kimidi… əhliləşmir!

səndən sonuncu istəyim:
məni xatırlasan
kimsəsiz, boş qalmış
otaq kimi xatırla.
səndən sonuncu istəyim
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.

heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?