Kitablarla səyahət etmək…

Epiloq.az Cahan Seyidzadənin “Kitablarla səyahət etmək” adlı yazısını təqdim edir.

Biz şəhərə baxdıq…

Yollar şəhərin ətrafında düyünlənmişdi.

Biz şəhərdə qalıb çürüdük və oxuduq:

“Bizi buradan apara bilməyən qatar – qatar deyil”.

                                                             Rəsul Yunan

Mənə görə dünyanın ən sadiq və ən gözəl “səyyah”ı sudur… Suyun saf, pak, müqəddəs olmasının səbəbi dayanmadan səyahət etməsidir… Buna görə də o həyat mənbəyidir…  Deməli, həyata qarşı çıxmayan onun mənbəyinə çevrilir.

 Əgər insan da arzu etsə su kimi sonsuz həyat mənbəyi ola bilər. Bunun üçün eynilə su misalı, müxtəlif maneələrə baxmayaraq yolundan dönmədən, hər hansı mənzilə, məqsədə vardığında “çatdım” demədən sonsuz səyahətə davam etmək lazımdır.

Hər insan, həyatının müəyyən mərhələsində öz daxilinə səyahətə çıxır. Və bunun səyahətlərin ən möhtəşəmi olduğunun fərqinə varır.

Paskal Merşerin eyniadlı əsəri əsasında çəkilmiş “Lissabona gecə qatarı” filminin qəhrəmanı Reymund Qreqor bir gün təsadüfən Amadey Prado adında bir müəllifin kitabını tapır və bircə anın içində kitabın yazıldığı yerə, Pradonun həyatını araşdırmaq, həm də özünün yaşadığı monoton həyatı tərk etmək üçün uzaqlara – Lissabona gedir…

Bu müəllif tərəfindən düşünülmüş simvolik bir göndərmədir. Hər insan bir gün əlinə keçən və həyatını dəyişmə gücünə malik olan bir kitab sayəsində  həmin “qatara minir” və günlük yaşamımızdan çox-çox uzaqlarda olan daxilinə – mənəvi dünyasına  özünü tapmaq üçün səyahətə çıxır. Yəni, bizim getdiyimiz bütün yolların, çıxdığımız bütün səyahətlərin iki tərəfi var. Eynilə bir medalyonun iki üzü kimi…

İnsan istər müxtəlif məkanlara, istərsə də öz daxilinə daha çox xoşbəxt olmaq, mənəvi cəhətdən daha çox rahatlıq tapmaq üçün səyahət edir. Təbii ki, özünü xoşbəxt hiss etmək çox çətin və mürəkkəb bir məsələdir. Amma imkansız deyil. Müasir dövrdə insanı xoşbəxt həyata səsləyən, müxtəlif uğur və qazanc imkanlarını vəd edən saysız kitab var. İnsanlar, xüsusilə gənclər onları böyük həvəslə oxuyur, orada yazılanları həyatlarında tətbiq etməyə çalışırlar. Lakin çox vaxt nəticə gözlənilən kimi olmur. Problem isə ondadır ki, daxilən rahatlıq tapa bilməyən, ümumiyyətlə, özünü tapa bilməyən insan nə qədər uğur qazanırsa qazansın xoşbəxt ola bilməz…. Hətta milyonluq mirasa sahib olsa və ya dünyanın ən gözəl yerlərinə səyahət etsə belə… Çünki daxilində daima hüzursuz, qarma-qarışıq duyğular içində olan birini daşıyacaq və bu da ona həyatın gözəlliklərindən zövq olmağa ehtimal ki, mane olacaqdır. Bəs görəsən, insan özünün mənəvi rahatlığına necə qovuşa, özünü necə daha xoşbəxt hiss edə bilər?!

Bu sualın cavabını axtardığım vaxtlarda iki kitab alaraq mən də cənab  Qreqor kimi “uzaqlara” səyahətə çıxdım: Zamanımızın sufilərindən olan Neil Duqlas Klotsun müəllifi olduğu “Sufinin həyat rəhbəri” və ateist filosof Bertran Rasselin “Xoşbəxt olmaq sənəti”. Qeyd etmək istərdim ki, bir sufiylə bir ateistin müəllifi olduğu iki kitabı paralel oxumaq olduqca zövqverici idi. Ona görə ki, mən bu kitablarda bir-birinə ziddiyyət təşkil edən, demək olar ki, heç bir fikrə rast gəlmədim. Əksinə hər iki kitab özünəməxsus şəkildə insanı mənəvi rahatlığa, daxili hüzura səsləyirdi, çünki hər iki kitab daha çox insana fokuslanmışdı, insanın qayğılarını, narahatlıqlarını çözməyə yönəlmişdi. İstənilən halda, doğurdan da önəmli olan insanın özünü necə hiss etdiyidir.

Neil Duqlas insanı ətrafla əlaqəni kəsib öz daxilinə çəkilməyə, içindəki xəzinəni axtarmağa səsləyirsə, Bertran Rassel də müasir zamanın və texnologiyalar əsrinin insanları necə əsarəti altına almasından gileylənir, çarəni isə bu dünyadan uzaqlaşmaqda görür.

 Nəticə isə eynidir: hər iki müəllif xoşbəxtliyi, rahatlığı mənəvi dünyamıza səyahətdə görür!

Neil Duqlasa görə xoşbəxtlik bədbəxtlikdən başlayır. Yəni bəzən sahib olduğun hər şeyi itirmək, bütün həyatını sıfırlamaq ən böyük xoşbəxtlikdir. Təsadüfi deyil ki, insanların daha rahat və sakit həyat yaşamasını təbliğ edən minimalizm cərəyanının təməl prinsiplərindən biri də məhz həyatımızdakı bir çox şeydən qurtulmaq, onlardan imtina etməkdir.

Müasir dövrün imkanlarını həm ərmağan, həm də lənət olaraq qiymətləndirən Neil Duqlas bu məşğul olma vəbasından zamanımızı və özümüzü xilas etdiyimiz an yenidən güclü ola biləcəyimizin mümkünlüyünü xatırladır.

Bəzən əlimizdə olanlar bizə davam etməyə, yeni yola çıxmağa mane olur. Onları itirmək qorxusu ilə daim olduğumuz yerdə ilişib qalır, amma öz yolu ilə cəsarətlə irəliləyənlərə həsədlə baxırıq.  Buna görə də itirmək və ya məğlub olmaq ən böyük qazancdır. Bu zaman sən yanlış yolda olduğunun fərqinə varır və doğru olanı tapmaq üçün axtarışlara başlayırsan. Axtarışa başlayan insan isə mütləq axtardığını tapır. Çünki bu həyatda mövcud olmayan heç nə axtarıla bilməz. 

Neil bu səyahət dəvətini Ruminin misralarıyla daha da dəqiqləşdirir:

Ruh bədəndən ayrılanda

Allah onu cənnət qapısında dayandırır:

“Təəssüf! Eynən getdiyin kimi geri qayıtmısan,

Bəs

yolun səndə buraxdığı izlər və cizgilər haradadır?”

Heç dəyişmədən, gəldiyimiz kimi geriyə dönmək, dünyanı, özümüzü, həyatın sirlərini anlamadan geri qayıtmaq bizi hər hansı məkanı daha gözəl göstərmək üçün istifadə olunan, daima bir yerdə dayanan hər hansı bəzək əşyasından fərqləndirmir. Əksinə, məncə, hər insan bir küncdə dayanıb olub-bitənləri seyr etmək əvəzinə, hadisələrin düz mərkəzinə atılıb yaşamalıdır. XII  əsrin sufi şairlərindən Sədi yazır:

“Hər varlıq məlum bir məqsəd üçün yaranmışdır və o məqsədin işığı  varlığın ruhunda öz əksini tapmışdır”.

Önəmli olan insanın hansı məqsədə görə yaradıldığını tapmaq, bütün həyatını bu məqsədə həsr etməkdir. O zaman insan daha lazımlı və hüzurlu həyat yaşamağın əlçatmazlığından uzaqlaşır.

Mahmud Şəbüstəri isə bu səyahəti  qumar oyununa bənzədir:

“Həqiqi ibadət üçün bəhslər yüksəkdir

Özünü bəhsə qoymalı

Və itirməyə hazır olmalısan…”

İnsanın özünü axtarışı isə hüzünlü bir acıyla başlayır. Tamamilə yeni həyatı təxəyyül edə bilmək üçün adətən ən güclü motivasiya qaynağı acıdır. Çünki yalnız hər şeyini itirən və ya hər hansı uğursuzluğa düçar olan insan yenidən qazanmaq üçün mübarizəyə başlayır. Bu mübarizənin sonunda isə özünü tapmaq və həyatı anlamaq kimi mükafatlar var. Demək ki, “Tanrı ən çox ən sevdiklərini sınayır” cümləsində həqiqət payı var. Mustafa Məsturun məşhur  “Tanrının gül üzündən öp” romanında dünyadan bixəbər,  bütün gününü kef içində keçirən Pərviz obrazı həyatı boşuna yaşayan insanları təmsil edir. Məstur onun mənasızlığını bu cümləylə ifadə edir: “Pərviz düşünmür, yeyir, içir, yaşayır”…

Yeni bir yola çıxmanın vacibliyini bizdən əsrlər əvvəl yaşayan Əbdülqadir Gilani isə belə ifadə edir:

“Çətinliklərlə üz-üzə qaldığım zaman əvvəlcə öz çabalarımı sərf etdim, sonra ailəmin, ətrafımdakıların və tanıdıqlarımın. Ancaq bütün yollar bitəndən sonra Allah yoluna baş vurdum.  Lakin Tək olan varlıq digər bütün yollardan imtina etdiyim zamana qədər bir cavab vermədi. Yalnız hər şeydən vaz keçəndən sonra qurtuluş gəldi. Artıq “BİR”in əllərində idim…”

Və özümüzə yol yoldaşı olaraq daha çox pul qazanmağa, daha uğurlu olmağa, lüks həyat yaşamağa səsləyən kitabların əksinə, insanı sakit, dinc, yaşadığı və gördüyü hər şeydən zövq almağa, mənəvi rahatlığını tapmağa kömək edən kitabları seçməliyik.