Aktyorların “O olmasın, bu olsun” xatirələri…

Epiloq.az “O olmasın, bu olsun” filminin aktyorlarının xatirələrini təqdim edir.

  Əliağa Ağayev (Məşədi İbad) – Məşədi İbad rolunu ifa etmək ən böyük və çoxdankı arzum idi. Bakı kinostudiyasında “O olmasın, bu olsun” filminə hazırlıq işləri aparılırdı. Günlərin birində filmin baş operatoru Ə.Atakişiyev teatra gəldi. Həmin axşam mən “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə artist Əhməd Əhmədov oynayırdı. Elə həmin tamaşa axşamı Ə.Atakişiyev Ə.Əhmədovun Hambal roluna ən yaxşı namizəd olduğunu söylədi və onu kinostudiyaya dəvət etdi. Bir neçə gündən sonra məni də Ə.Atakişiyevin məsləhəti ilə kinostudiyaya sınaq çəkilişlərinə çağırdılar…

***

Tamara Gözəlova (Gülnaz) – “O olmasın, bu olsun” məni kino sənətinə yaxınlaşdıran ilk və son filmdir. Böyük bəstəkarımız Ü.Hacıbəylinin bu ölməz operettası ekranlaşdırılan vaxt mən məktəbli idim. Bakıdakı 190 nömrəli məktəbin doqquzuncu sinfində oxuyurdum. Yaxşı yadımdadır, filmin rejissoru Hüseyn müəllim öz köməkçiləri ilə bizim məktəbə gəlmişdi. Bütün məktəbə səs yayıldı ki, “O olmasın, bu olsun” filmində Gülnaz rolunun ifası üçün adam axtarırlar. Onlar sinifləri gəzir, şagirdlərlə söhbət edirdilər. Təsadüf elə gətirdi ki, Gülnaz roluna bir neçə namizəd içərisindən məni seçdilər.

Filmin rejissoru H.Seyidzadənin aktyorlarla apardığı yaradıcılıq işini də xüsusi qeyd etmək istərdim. “Qızım, səni ərə verim” sözləri ilə bağlı səhnə, Rüstəm bəylə qulluqçu Sənəmin münaqişəsi, Məşədi İbadın ilk dəfə Rüstəm bəygilə qonaq gəlməsi, həyətdə qızılgülü dərərkən əlinə tikan batması, Məşədi İbadın çuxasının ətəyi ilə qonaqlarla əl tutması və başqa epizodlar aktyorla rejissorun birgə yaradıcılıq səyi nəticəsində daha maraqlı və mənalı alınmışdır.

***

Barat Şəkinskaya (Sənəm) –  Bir gün Dram Teatrına işə gələrkən divardan elan asıldığını gördüm. Elanda yazılmışdı ki, teatrın baş rejissoru Adil İsgəndərov məşqdən sonra bütün aktyorları yanına dəvət edir. Biz Adil müəllimin kabinetinə yığışanda kinorejissor H.Seyidzadəni onun yanında gördük. Hüseyn müəllim Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını ekrana çıxarmaq istədiyini bildirdi.

Adil müəllim aktyorlar adından danışıb çıxışının sonunda dedi: “Biz kollektiv şəkildə filmin çəkilişində iştirak edəcəyik. Lazım olsa, epizodik rollarda belə oynayacağıq”. Bu belə də oldu. Adil müəllim özü bazarda dava-şava salan Qoçu Balaqədeş rolunda çəkildi.

Baş rolda – Məşədi İbad rolunda Mirzəağa Əliyev oynamalı idi. Amma filmin istehsala buraxılmasından bir qədər əvvəl vəfat etdiyi üçün bu rolda Əliağa Ağayev çəkildi. Əgər Məşədi İbadı M.Əliyev oynasaydı, qulluqçunu mütləq Münəvvər xanım ifa edəcəkdi. Görünür, qismətdə yoxmuş…

Filmdə belə bir epizod var. İki aşiq – Gülnazla Sərvər həyətdəki bağçada oturub söhbət edir. Mən evin içində pəncərədən cavanlara baxıb sonra onların yanına gəlirəm. İş bundadır ki, mənim pəncərədən baxdığım epizod mart ayında çəkilib. O vaxt havalar hələ soyuq idi. Ona görə də əynimə uzunqol paltar geyinmişdim. Sərvərlə Gülnaza yaxınlaşdığım epizod isə beş aydan sonra, yəni avqust ayında lentə alınıb. Bu dəfə qollarımı çırmalamışdım. Tamaşaçı ekranda hər iki səhnəyə birnəfəsə baxır. Ona görə da paltarımda olan dəyişikliyi hiss etmir. O vaxtı isə ikinci səhnədə çəkiləndən sonra evdə gecəyarısı birdən yadıma düşdü ki, ay aman, mən neyləmişəm, kadra qollarım çırmanmış şəkildə girmişəm. Bunu fikirləşəndə başımdan ağrı qopdu.

Səhər tezdən Hüseynə zəng vurdum. Əhvalatı ona danışdım. O, ani olaraq fikrə getdi, sonra məni sakitləşdirməyə çalışdı: “Fikir vermə, kinoda belə şeylər çox olur. Bu hələ harasıdır əgər Bondarçukun “Otello”suna baxsan, göydə təyyarə görərsən…”

 Bir dəfə növbəti çəkiliş zamanı H.Seyidzadənin aktyor Lütfəli Abdullayevlə maraqlı söhbətini eşitdim. Qonaqların Rüstəm bəyin evinə gəlməsi səhnəsi lentə alınırdı. L.Abdullayev həyətə girib evə qalxanda pilləkən sınır, qoçu Baloğlan kəlləmayallaq yerə yıxılır. Rejissor bu səhnəni filmə heç də gülüş xatirinə daxil etmədiyini söyləyib onun mənasını açıqladı: “Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Diqqət elə, Rüstəm bəy olsa da, o artıq müflisləşib, “quru bəy”dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin – feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də sən, Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalısan ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun…

***

Əhməd Əhmədov (Hambal) – “O olmasın, bu olsun” filmində çəkilişə başlayanda rejissor H.Seyidzadə və operator Ə.Atakişiyev Hambalın xarici görünüşü ilə əlaqədar mənim qarşımda belə bir şərt qoydular: 7–8 ay ərzində başımdakı qara və gur saçlarımı ortadan ülgüclə qırxdırmalı idim.

Bu təklif heç xoşuma gəlmədi, dərin fikrə getdim. Gözümün qabağına gətirəndə ki, başım eybəcər hala salınacaq, dəhşət məni bürüdü. Qohum-əqrəba, tanış-biliş var, məni bu vəziyyətdə görəndə nə fikirləşəcəklər, adam arasına necə çıxacağam? Amma mən onlara “İncəsənət qurban tələb edir” deyib razılıq verdim…

Aydın Kazımzadənin “Kino və zaman” kitabından…