“Avatar” filminin ikinci hissəsi Yeni Zelandiyada başa çatıb

“Avatar” filminin ikinci hissəsi Yeni Zelandiyadakı studiyalardan birində başa çatıb.

Bu barədə filmin rejissoru Ceyms Kameron öz həmkarı Arnold Şvartsneygerlə keçirdiyi videokonfrans zamanı deyib.

Rejissor bildirib ki, koronavirus səbəbindən yaranan pandemiya şəraiti filmin istehsalı prosesində gecikmələr yaratsa da, “Avatar 2” filminin çəkilişləri başa çatıb. “Koronavirusa görə biz çəkilişlər zamanı dörd ay yarım vaxt itirdik. Nəticə etibarı ilə filmin premyerasını təxirə salaraq 2022-ci ilin dekabr ayına təyin etdik. Yaxşı xəbər ondan ibarətdir ki, “Avatar 2” filminin 100 %, 3-cü hissəsinin isə 95 %-i hazırdır.”

Ceyms Kameron qeyd edib ki, çəkilişləri Yeni Zelandiyada aparmaq çəkiliş qrupu üçün uğurlu olub, çünki bu ölkə öz ərazisində virusun yayılmasının qarşısını qısa bir zamanda alıb. “Buna görə də hər iki hissəni başa çatdırmaq üçün heç bir maneə ilə qarşılaşmadıq”.