Axı o müharibədən gəlib – Səhər Əhməd yazır…

Epiloq.az Səhər Əhmədin “Axı o müharibədən gəlib” adlı yazısını təqdim edir.

İsmayıl Şıxlının bu günümüzlə səsləşən  “Mənim rəqibim” adlı bir  avtobioqrafik  hekayəsi var. Yazıçı müharibədən qayıdandan sonra  aspiranturaya sənəd verir. Həmin ixtisas üzrə Əzizə Cəfərzadə də sənəd verib,  cəmisi  isə bir yer var. İmtahanda bir sual İsmayıl Şıxlının yadından çıxır, Əzizə Cəfərzadə sualın cavabını kağıza yazıb öz “rəqibinə” ötürür. Yazıçı kağızı açıb birinci sualı oxuyan kimi cavab bütünlükdə yadına düşür.

 Bunu görən müəllim təəccüblənir, üzünü Əzizə Cəfərzadəyə tutur:  (Onların arasında olan dialoq, zənnimcə, olduğu kimi yadımdadır).

Əzizə, nə edirsən, axı siz rəqibsiniz.

Axı o, müharibədən gəlib.

Qəribəsən.

Həyat qəribədi.

…Bəli, Əzizə Cəfərzadə haqlıydı, həyat qəribədi, çox qəribə. Onun enişi, yoxuşu, qabarması, çəkilməsi olur zaman-zaman. “Nəsimi” filmində Əmir Teymurun dediyi kimi, “qarı, çovğunu, zəlzələsi, tufanı var bu dünyanın. Bəzən bütün vəziyyətlərdə eyni qaydalar işləmir, eyni cür düşünmək mümkün olmur. Müharibə isə bütün bunların heç birinə bənzəməz. Burda hər şey cəbhə üçün sözləri adi şüar deyil, qəbul olunmuş qaydadır, yeganə çıxış yoludur. Bütün fərdi prinsiplərin, şəxsi rəqabətin, siyasi baxışların dondurulduğu fövqəladə vəziyyətdir.  “Mənim rəqibim” hekayəsi isə belə davam edir; İsmayıl Şıxlı  aspiranturaya qəbul olunduğunu biləndə sevinmir, əksinə qəzəblənir, beş il cəbhə yolu keçmiş döyüşçü,  odun-alovun içində “Cəbhə gündəlikləri” kimi əvəzsiz bir əsər ortaya qoymuş yazıçı o yerə gənc qızın daha çox haqqı olduğunu düşünür və qəbuldan imtina edib kəndə qayıdır. Bir az keşmiş Bakıdan məktub alır, məktubda  həmin ixtisas üzrə bir yerin də əlavə olunduğu bildirilir. İmza isə beləydi : Sənin rəqibin.

Bu bəlkə adi bir fakt kimi görünə bilər, amma əslində insanlığın hərb üzərində qələbəsidir. Müharibəyə belə də qalib gəlməyin yolu həmrəy olmaqdan keçir. Bəzən sülhü bərqərar etmək üçün döyüşmək, humanizmi yaşatmaq üçün qalibiyyət lazımdı.

İndi bizim igidlərimiz müharibədədirlər, qanlı döyüşlərdə canını bizim üçün fəda edirlər, heç bir qarşılıq gözləmədən vətən uğrunda döyüşməyi seçiblər. Bizim fikrimiz daim onların yanında olmalıdır, bizim vəzifəmiz onlara layiq olmaqdır, bu həyatı, bu qələbəni onlara borclu olduğumuzu unutmamaqdır, özü də həmişə, bir ömür boyu. Bu gün bütün dualarımız ön cəbhədəki igidlərimiz üçündür. Axı onlar müharibədirlər. Sabah  onlar qələbə ilə qayıdanda da münasibətimiz elə olmalıdır, axı onlar müharibədən gəlib…