Ayrılıq arası bir küçədi ömür…

Epiloq.az Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

bəlkə, əllərim bir sevda yeriydi,

gözlərim bulanmamış su yeri…


bəlkə, üzüm bir ayna yeriydi mutluluqlara…

kimsə baxacaqdı,

baxıb özünü görəcəkdi


bəlkə, dodaqlarım bir söz yeriydi…

hələ hərfləri islaq,

nöqtələri uzaqlara uzanıb gedən


bəlkə, ovuclarım yuva yeriydi,

yuva yeriydi

bir cüt körpə ələ…


bəlkə, bahar yeriydi saçlarım…

bahar yeriydi saçlarım!


dərələrdən keçib,

təpələrdən keçib

küləklər niyə oynasın ki, saçlarımla

xxx

daha bu da,
bu umud da yalındısa,
bu istək də yavandısa…

ya nə varsa, gümandısa,
o gümandan keçirəm,
bilsən,
necə keçirəm.

bölünürəm uşaqlığa, gəncliyə..
ya kölgəyə,
ya xəyala,
ya ruha…
bilməm necə keçirəm.

harda isə…
əl yelləyən o qıza çatmaq üçün
bu şəhərdə
ancaq,
ancaq iki küçə keçirəm.

sonra belə…
nəsə yazmaq istəyirəm,
yazıram da,
pozuram da…
istədiyim alınmır
və beləcə bu payızdan
iki heca keçirəm.

heç bilmirəm nədən belə
bir ömrü
elə gecə keçirəm

XXX

yağışdan çatlamış torpaq damların,
küləkdən laxlamış yelpənək qapıların
həsrəti qədər böyüyürəm bu şəhərdə.

adına yaşamaq deməkdən qorxduğum
günlərdə azalıram,
üst-üstə gələn, gələn qəmlərdə azalıram…
heç özüm də bilmirəm nələrdə azalıram, azalıram…

və hər gün qoxulara parçalanıram
bənövşə qoxusuna,
nanə qoxusuna,
yağışdan sonrakı torpaq qoxusuna

daha aydın bilirəm ki,
ayrılıq arası bir küçədi ömür…
nə o yandan çıxmaq olur,
nə bu yandan

hər gün yağışdan çatlamış bir ömrün
aralı buraxılmış qapısından qaranlıq kimi keçirəm.
sanki gözlərinə mil çəkilmiş günəşin
heç zaman unutmadığı çocuğuyam

XXX

yol hara gedirsə… mən də bilmirəm,
bir ucu olumdu,
bir ucu ölüm.
bir ömür nədi ki yaşamaq üçün,
bir yaşam nədi ki yollara bölüm?

yollara bölündüm elə özüm də,
gah quru yoluyam,
gah yaş yoluyam.
qartopu atıram günün dalınca,
ömrün payızında qar-qış yoluyam.

unama,
hardansa gün çıxa qəfil,
çıxsa da bu dünya gün soyuğudu.
hələ də canıma üşütmə gəlir,
hələ xatirələr mən soyuğudu.

vətən soyuğudu soyuqlar hələ,
bala qoruyuram, soyuq dəyməsin.
bilmirəm hayandan qapını örtüm,
bu ömrə üst-üstə soyuq gəlməsin.

yol hara gedirsə… mən də bilmirəm,
ha sağı tuturam, solaxay gedir.
bu sollar,
bu sollar,
sollar deyirəm…
soyuqdan başlayıb soyuğa gedir.

daha isidəmməz ocaqlar belə,
göylərə ulayan qurd soyuqları.
təpədən dırnağa buz kəsir elə,
içimdə,
çölümdə yurd soyuqları.

haçandı sırsıra bağlayıb hər şey
qanadım üşüyür,
qolum üşüyür.
gözümə oturub bu yolu getmək,
İlahi,
İlahi, yolum üşüyür!

XXX

bundan o tərəfə nələr var isə…
bir qış gerçəkliyi,
bir yaz yoxluğu.
yaşam üşüdürsə, ömür qar isə,
üzünə çırpırsa gün soyuqluğu

əgər ayazdısa,
əgər dondusa…
illərin bu məşum aralıqları.
bitmirsə…
həsrətin dəli-divanə
yalın boşluqlara sarılmaqları
getmək istədiyin yer yoxa çıxır,
yollar da yolundan qırağa çıxır.

onda anlayırsan,
o yaz ayrıydı
içində bir dəli qızın havası.
hüzündü,
nisgildi,
yağmurdu elə
bir titrək, bir həzin sözün havası.

sanki o havalar umudnan gəlir…
sanki o umudlar buludnan gəlir…
gəlir də,
gəlir də…
düşünürsən ki,
bundan o yana da yenə qar isə..
hər gecə yatağın, yerin qor isə,

o yoxsa,
bu yoxsa…
yoxlar var isə…
getmək istədiyin yol yoxdu daha,
bu soyuq boşluğu,
o boz boşluğu
qucmağa əl yoxdu,
qol yoxdu daha…

onda bilirsən ki,
ehhh… bilirsən ki,
o ayrı yaz idi…yolları vardı,
o ayrı qız idi…qolları vardı.

XXX

elə bilirsən ki, sübhdü, açılır,
elə bilirsən ki, gecədi, düşür?
küləklər ağacda söz kimi əsir,
yarpaqlar bir-iki hecadı, düşür?

qar yağır, görürsən…
iz kimi qalır
əlində, üzündə qar yanıqları.
bitişmir sularda xəyallarının
budanıb qırılan su sınıqları.

qış gəlir, görürsən,
qış hara gəlir
haçandı bu ömür elə qışdı ki…
bir fəsil nə qədər uzana bilir,
nə qədər,
nə qədər…
yenə qışdı ki…

sözlər də üşüyür dodaqlarında,
üşüyüb,
üşüdən sözə donursan.
bu yaz da bir quşun gözündən düşüb,
yaş kimi keçirsə…
yaza donursan.

nəsə itirirsən, nəsə tapırsan…
tapdığın nədi ki,
əlinə yatmır.
adsız küçələrdə adın soyuyur,
adın unudulur, dilinə yatmır.

elə bilirsən ki, yaşamdı ölmək,
həyat itirirsən,
ölə bilmirsən.
bir gün ayılırsan dəhşət içində
elə bilirsən ki, elə bilmirsən.