Azərbaycan mədəniyyəti Özbəkistan telekanalında

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə bu ilin 26 avqust tarixində ölkənin “Madaniyat va Marifat” telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb. 

Dili, dini, mədəniyyəti, adət və ənənələri bir-birinə yaxın olan xalqlarımızın tarixi dostluğu, ortaq dəyərləri verilişdə geniş işıqlandırılıb.

Ekran əsərində hər iki ölkənin tanınmış şəxsiyyətləri, alimləri tərəfindən tariximizə, ədəbiyyatımıza nəzər salınır, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi şəxsiyyətlərin ədəbi əlaqələrimizin inkişafındakı xidmətlərindən söhbət açılır.

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Azərbacan Mərkəzinin direktoru Gülbahar Aşurova  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması, Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin Sərəncamı ilə özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması haqqında məlumat verib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında dostluq və dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb. O, həm ötən əsrlərdə, həm də XX əsrdə mədəni-ədəbi əlaqələr, Sovet dövründə ölkələrimizdə keçirilən ədəbiyyat-sənət dekadaları, mədəniyyət günləri, müstəqillik illərində bu istiqamətdə görülən işlər, dövlət başçılarının qarşılıqlı səfərləri, əlaqələrin gün-gündən daha da inkişaf etməsi barədə məlumat verib.

Verilişdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr və bu istiqamətdə görülən işlər haqqında söhbət açıb.

Verilişdə Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılmış M.Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti geniş işıqlandırılıb.

Özbəkistanın tanınmış ədəbiyyatşünas alimləri Mamatqul Hazratqulov, İslom Yoqubov, Abdulla Uluqov, Azərbaycan alimləri Paşa Kərimov, Akif Azalp, Ümid Mirzəyev və digərlərinin müsahibələri də verilişdə yer alıb.