Azərbaycandakı rus icmasının sədr müavini Tərcümə Mərkəzində olub

Azərbaycandakı rus icmasının sədr müavini Anastasiya Lavrina Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Rusiya ədəbi əlaqələri istiqamətində Mərkəz tərəfindən ərsəyə gətirilən nəşr layihələri – Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr olunmuş tanınmış rus yazıçıları Yuri Trifonovun “Seçilmiş əsərləri”, Valeri İvanov–Taqanskinin “Zəfər və ilğım”, Georgi Pryaxinin “Xəzər yuxuları”, Leonid Andreyevin “Uçuş”, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” kitabları, rus dilində Moskvada işıq üzü görmüş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasından söz açılıb. Görüşdə, həmçinin Azərbaycanın öz əzəli torpaqlarına qayıdışı, Qarabağda gedən döyüşlər barədə fikir mübadiləsi aparılıb.

Anastasiya Lavrina: “Azərbaycan ədəbiyyatının Rusiyada təbliği və yayılması istiqamətində Mərkəzlə sıx əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə yaxından iştirak etməyə hazırıq. Rusiyada ədəbiyyatın audio-formatda təbliği geniş yayılıb. Bu prosesə Rusiyanın Mərkəzi kitabxana və universitetlərini də cəlb edə bilərik. Qarabağda baş verən son hadisələrə gəlincə, hesab edirəm ki, Rusiya rəhbərliyi bu məsələdə düzgün mövqe nümayiş etdirir. Yəni Rusiya tərəfi birmənalı şəkildə qonşu dövlətlərin daxili işlərinə qarışmayacağını, Azərbaycanın hərbi əməliyyatlarını öz əraziləri daxilində keçirdiyini xüsusi olaraq bildirir”.

Görüşün sonunda qonağa Mərkəzin Moskva və Bakıda işıq üzü görən nəşrləri hədiyyə olunub.