“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsinin yekun mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən ilin fevral ayında elan olunmuş  “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı Azərbaycan-Özbəkistan birgə rəsm müsabiqəsinin yekun mərasimi keçirilib.

Onlayn formatda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Mədəniyyət Nazirliklərinin rəsmi təmsilçiləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi, rəssamlar iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov həyata keçirilən “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlılayihə haqqında  məlumat verib. Samir Abbasov Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olaraq tarixən türk dünyasına və bəşəriyyətə verdiyi tövhələrdən danışıb, dünyada heç bir şəhərin bu qədər dahi şəxsiyyət, mədəniyyət, sənət adamları yetişdirmədiyini, mədəniyyət abidəsinə malik olmadığını qeyd edib. Diplomat Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirib: “Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir”.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan danışıb, Özbəkistanın Vətən müharibəsi illərində Azərbaycana verdiyi dəstək, özbək ziyalılarının, tanınmış simaların dünya birliyinə müraciət edərək Azərbaycana həmrəylik nümayiş etdirmələrini yüksək qiymətləndirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi bu layihəni yalnız rəsm müsabiqəsindən ibarət olmadığını, xalqlarımız arasında möhkəm dostluq əlaqələri qurduğunu bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təmsilçisi, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov hər iki ölkənin gənc rəssamlarının iştirak etdiyi müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirib. O, Ermənistan işğalı dövründə milli mədəni irsimizin dağıdılması, mədəniyyətimizə vurulan zəfər barədə danışaraq hazırda həyata keçirilən bərpa işlərini xüsusi qeyd edib.

Özbəkistan Mədəniyyət Nazirliyinin rəsmi təmsilçisi, müşavir Marufjon Yuldaşev çoxəsirlik sıx əlaqələrə əsaslanan Azərbaycan-Özbəkistan dostluğunun uğurla inkişaf etdiyini qeyd edərək, eyni soykök, mədəniyyət, adət-ənənələri bölüşən xalqarımızın qardaş olduğunu söyləyib. O, yaradılmış rəsm əsərlərində Azərbaycanın incisi olan, təkrarsız mədəniyyətə, təbiətə malik Qarabağın Türk dünyası üçün də əvəzolunmaz müqəddəs bir məkan kimi əks olunduğunu qeyd edib.

Azərbaycanın TÜRKSOY–dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyə Respublikasının Özbəkistandakı Səfirliyinin Mədəniyyət-Mətbuat məsələləri üzrə müşaviri Alparslan Akıncı, şair-publisist Əkbər Qoşalı,  Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Türk dünyası arasında birliyə xidmət edən bu layihəni yüksək qiymətləndiriblər.

Daha sonra Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələri, əməkdaşlığından danışaraq, iki ölkə arasında keçirilən rəsm müsabiqəsində seçilən əsərlərin və  qalibləri adlarını elan edib.

Müsabiqədə Azərbaycan tərəfdən birinci yerə gənc rəssam Fərəh Babayevanın qrafika üslubunda çəkdiyi “Qarabağ musiqiçilər məclisi” əsəri, ikinci yerə Lalə Hüseynovanın yağlı boya ilə Azərbaycan bayrağı fonunda çəkdiyi “Qarabağa qayıdış” kompozisiyası, üçüncü yerə Gülşən Baxşəliyevanın “Şuşanın panoraması” əsəri layiq görülüb. Samir Abbasov xüsusi mükafata layiq görülən iştirakçıların adlarını da qeyd edib: rəssamlar Aytən Məmmədova, Sara Qədimova, Arzu Abduləzizova, Türkan Babayeva.

Özbəkistan tərəfindən də qaliblər elan olunub. Birinci yerə gənc rəssam Gulnoz Calalovanın “Qarabağ kəndi”, ikinci yerə Husniya Azadovanın “Qarabağlı qadın”, üçüncü yerə isə Abrorcan İzzatullayevin “Qarabağ təbiəti: kükrəyən dağ çayı” layiq görülüb. Özbəkistan tərəfindən xüsusi mükafata Xudayar Atamuradov, İroda Xudayberqanova, Mircalol Xoliqov, Firangiz Komilcanova, İlgiz Hakimov layiq görülüblər.

Tədbirin yekununda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı müsabiqəyə təqdim olunmuş əsərlər əsasında hazırlanmış videoçarx Qarabağ şikəstəsinin  sədaları altında nümayiş etdirilib.