BERNAMA agentliyi: Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub


Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunmasına dair məqalə yayıb.

Epiloq.az  xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən verdiyi açıqlaması əksini tapıb.

Qarabağın incisi kimi təqdim edilən Şuşa şəhərinin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyi və ötən il noyabrın 8-də işğaldan azad olunduğu vurğulanıb. Bu qədim şəhərin Azərbaycan tarixində və mədəniyyətində rəmzi məna daşıdığı, tanınmış azərbaycanlı musiqiçilərin və görkəmli elm-mədəniyyət xadimlərinin məhz bu şəhərdə dünyaya göz açdığı nəzərə çatdırılıb.

İşğal dövründə Ermənistan tərəfindən Şuşaya vurulmuş maddi-mənəvi ziyana diqqət çəkilib və bu barədə Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev yeni təyin olunmuş Mədəniyyət nazirinə Şuşa şəhərində musiqi festivalı və poeziya günlərinin keçirilməsinə dair tapşırıqlar da verib.