
Epiloq.az salvadorlu şairə Fatima Estela Benitez Dimasın “Bir təbəssüm hər şeyi anladır mənə” şeirini təqdim edir.
Fatima Estela Benitez Dimas 25 aprel 1991-ci ildə San Salvador şəhərində anadan olub. 15 yaşından sərbəst vəzndə şeirlər yazır. “Könül şeirləri” (“Poemas del alma”) ədəbiyyat bloqunun (https://www.poemas-del-alma.com/blog/comunidad) baş redaktorudur. Bundan əlavə Feysbuk sosial şəbəkəsində 20.000-dən çox izləyicisi olan “Ədəbiyyat və poeziya” (“Literatura y poesía”) (https://www.facebook.com/literaturaypoesiaa/) səhifəsinin redaktorudur.
Həyatımın elə bir nöqtəsindəyəm ki,
məni maraqlandıran yeganə şey –
həyatdan zövq almaqdır…
Arxonanın dediyitək –
günortadan sonra sevindirər səni
bir fincan qəhvə, bir siqaret də…
Mən bu cür xırda şeylərin dəlisiyəm…
Nəzərdən qaçanları sonacan dadmaqdan,
varlığın məğzinə varmaqdan
və özüm olmaqdan xoşum gəlir…
San Salvadordakı istənilən səkinin kənarında
həşəratlar və özüm kimi insanlar arasında otura bilərəm
və oturduğum yerin gözəlliyini duya bilərəm.
Seyr edirəm
Azadlıq meydanındakı qədim qapıları,
Rosario kilsəsindən görünən günəşin qürubunu,
Vitraj pəncərələrindən süzülən qırmızı şuaları…
Baş kilsəyə gəlib,
Barrios meydanında görüşənləri görürəm…
Göyərçinlərin dəstə-dəstə gəzişdiyini,
satıcı qızların qəhvə arabalarını görürəm…
Vaxtlarını öldürən vərdişkar qocaların
sarayın pilləkənlərində oturub
şahmat oynamalarını görürəm.
Pomidor qutularından evcik düzəldən
qayğısız uşaqları görürəm…
Arzulanan həyat elə burdadır –
uşaqları çağıran anaların
və insanları qəhvə almağa səsləyən
satıcıların səsləri arasında,
yanlarından ötüb keçən
və onları görməyən insanlar arasında!
Bu balaca uşaq
öz kiçik dünyasında,
pomidor qutusundan düzəltdiyi xırda evcikdə
heyrət içində baxır hər şeyə.
Gözlərini üzümə zilləyib
gülüşlə cavab verir gülüşümə.
Və hər şeyi anladır mənə
bu balaca uşağın məsum təbəssümü!
İspan dilindən tərcümə edən: Aysel Əliyeva