Biz müharibəni deyil, döyüşü udmuşuq-ERMƏNİSTAN PREZİDENTİNİN MƏQALƏSİ

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1997-ci ilin 1 noyabrında İrəvan qəzetlərində çap edilən  “Müharibə yoxsa sülh?  “Ciddi olmaq vaxtıdır!” məqaləsi bir neçə cəhət üzrə indi də aktuallıq daşıyır. Belə ki, məqalənin çapından cəmi bir neçə ay sonra Qarabağ müharibəsinin caniləri Robert Köçəryan və Serj Sərkisyanın təzyiqləri nəticəsində Petrosyan istefa verməyə məcbur oldu. Çünki Petrosyan real vəziyyəti başa düşür, Ermənistanın labüd məğlubiyyətini görür və buna görə də sülh danışıqlarında təkid edirdi.

Əlbəttə ki, məqalə Ermənistan prezidenti tərəfindən qələmə alınmışdı və onların məsələyə münasibətini ifadə edirdi. Həmin məqalədə irəli sürülən prinsiplər Ermənistan tərəfindən sona qədər müdafiə edilsəydi Ermənistan ordusu bugünkü faciəvi məğlubiyyətə və iqtisadi səfalətə düçar olmazdı. Bu mənada məqalənin erməni cəmiyyəti üçün böyük ibrətamiz əhəmiyyəti mövcuddur. Məqalənin bu günlərdə Ermənistanda yenidən xatırlanması və müzakirə olunması bu ibrətamiz əhəmiyyətin təcəssümüdür.

Ter-Petrosyanın bu il 75 yaşı tamam oldu. 2008-ci ildəki prezident seçkilərinin onun seçki qərargahının üzvü olan, 2018-ci ildə isə sülhpərvər platforma ilə hakimiyyətə gələn sonra isə “Qarabağ Ermənistandır” bəyanatını verəcək qədər ultrafaşizmə yuvarlanan Nikol Paşinyanın hazırkı prezident Armen Sərkisyandan fərqli olaraq Ermənistanın ilk prezidentinin yubileyini təbrik etməməsi də Petrosyanın siyasi profilini aşkara çıxarır.

Çünki Petrosyan dəfələrlə və elə təqdim etdiyimiz məqalədə də vurğulayırdı  ki, biz müharibəni yox, döyüşü udmuşuq və müharibəni udmağımız barədə yaratdığımız illuziya bizi fəlakətə sürükləyir. Bu gün isə biz həmin fəlakəti bütün parlaq boyaları ilə müşahidə edirik. Petrosyanın 1997-ci ildə yazdığı məqalənin ən aktual cəhəti də budur.

Epiloq.az Levon Ter-Petrosyanın  “Müharibə yoxsa sülh? Ciddi olmaq vaxtıdır!” məqaləsini təqdim edir.

 
MÜHARİBƏ YOXSA SÜLH? CİDDİ OLMAQ VAXTIDIR!

LEVON TER-PETROSYAN



Kompromisin mahiyyətindən əlavə onun anı da əhəmiyyət kəsb etmir. Aydındır ki, kompromisə gedildikdə maksimuma yalnız güclü tərəf nail olur. Ermənistan və Qarabağ bu gün həmişəkindən daha güclüdürlər. Lakin münaqişə tənzimlənmədiyi halda artıq bir və bir neçə ildən sonra zəifləyəcəyik. Bu gün imtina etdiyimizi gələcəkdə əl açıb istəməli olacağıq, lakin ala bilməyəcəyik. Bizim tarixdə belə hallar dəfələrlə olub.


Bununla belə, kompromisə müstəsna məcburolunma kimi baxmaq lazım deyil: əksinə, qarşı-qarşıya dayanan tərəflər özləri kompromisə nail olmaq üçün hər bir imkandan istifadə etməyə çalışmalıdırlar. Çünki dediyim kimi, kompromisin alternativi müharibədir, xalqların yenidən fəlakətə sürüklənməsidir.


Kompromis yaxşı ilə pis arasında seçim yox, pislə ondan betəri arasında seçimdir, başqa sözlə kompromis mübarizə aparan tərəflərin yaşamağa məcbur olunduqları ən pis günlərdən çıxmaq vasitəsidir. Pis gündən də ağır günlər gələ biləcəyini dərk etdikdə, siyasi iradə və zəruri dəyanət göstərmək qabiliyyəti olduqda bu vasitəyə əl atılır.


Kompromis müəyyən mənada münaqişədə iştirak edən bütün tərəfləri razı salır, lakin eyni zamanda onların heç biri tam razı qalmır. Əliyev bunu Azərbaycanın qələbəsi kimi qələmə verəcək, mənsə Ermənistanın. Azərbaycan müxalifəti belə hesab edəcək ki, Əliyev Qarabağı təhvil verdi və satdı. Ermənistan müxalifəti isə belə nəticəyə gələcək ki, mən Qarabağı təhvil vermişəm və ya satmışam. Mətbuat konfransından sonra müxalifətin başladığı təbliğat kampaniyası gedişində bəzi yanlış təsəvvürlər işə salınıb. Həmin məsələlərə toxunmağı lazım bilirəm.

Birinci böyük yanlış odur ki,
guya Qarabağın rəqibi Azərbaycandır, onu da diz çökdürmək çox asandır. Həqiqətdə isə Qarabağın rəqibi dünya birliyidir və faktiki olaraq biz ona meydan oxumuşuq. Bu sadə reallığı dərk etməmək xalqı sərt sınaqlara məruz qoymaq deməkdir.

İkinci yanlışlıq:
belə bir fikirdən ibarətdir ki, madam ki, Qarabağ müharibəni udub, hansısa kompromisə getməyə daha ehtiyac yoxdur. Təəssüf ki, Qarabağ müharibəni deyil, döyüşü udub. Müharibə o vaxt udulur ki, rəqib təslim olsun. Müharibə ilə döyüşü eyniləşdirmək çoxlarını, özü də dəfələrlə fəlakətə sürükləyib.


Üçüncü yanlışlıq: İndiyədək hər şeyə nail olmuşuqsa, deməli, bundan sonra da uğur qazanacağıq. Yəni indiyədək Azərbaycan üzərində qələbə çalmışıqsa, bundan sonra da çalacağıq, indiyədək xarici təzyiqlərə tab gətirmişiksə gələcəkdə də tab gətirə biləcəyik. Zənnimcə, yanlış fikirlərin ən təhlükəlisi də elə budur. Ona görə ki, məsələyə bu cür yanaşma zamanı gələcək uğurların rəhninə qüvvələrin gələcək nisbəti prizmasından deyil, keçmiş qələbələr prizmasından baxılır. Belə fikirləşənlər yəqin ki, məntiqin elementar qanunlarından bixəbərdirlər. Əgər gələcək qələbələr keçmişin uğurları ilə şərtlənsəydi, onda bir dəfə qalib gələnlər  bir də heç vaxt məğlub olmazdılar, məsələn, Roma imperiyası heç vaxt məhv olmazdı.

Növbəti absurd:
ondan ibarətdir ki, guya Ermənistan prezidenti hakimiyyəti əldə saxlamaq üçün Qarabağı satır. İnanmaq çətindir, axı heç əqli çatışmazlığı olanlar da belə məntiqsiz bir fikrə gəlməzlər ki, guya Qarabağı satmaqla Ermənistanda hakimiyyəti əldə saxlaya bilər.
Ermənistanın ictimai rəyə və siyasi fikir dairəsində miflər və paradokslar sahəsinə aid olan bəzi dayanıqlı müddəalar dolaşmaqdadır.

Birinci mif:
guya Ermənistan Dağlıq Qarabağ hakimiyyətinə təzyiq göstərir. Bu müddəa ilə bağlı tam məsuliyyətlə bildirirəm: Ermənistan yalnız bir dəfə-1993-cü ildə Qarabağa təziq göstərərək onu inandırıb ki, Minsk qrupu çərçivəsindəki danışıqlarda iştirak etsin. Bu iştirak özünü tamamilə doğrultdu.


Ermənistan nə bu gün, nə də sabah Dağlıq Qarabağa təzyiq göstərmək niyyətindədir. Qarabağ adından qərarı yalnız onun rəhbərliyi qəbul edir və təbii ki, bu qərar üçün təkcə Qarabağ əhalisi qarşısında deyil, bütün erməni xalqı qarşısında məsuliyyət daşıyır. Əlbəttə, bu o demək deyil ki, Ermənistan Qarabağın hakim dairələri ilə məsləhətləşmələrdən düzgün və məqsədyönlü saydığı məsələlərə onları inandırmaq cəhdlərindən imtina edir. Lakin hər bir halda son söz söyləmək hüququ Qarabağ rəhbərliyində qalır.

İkinci mif:
əgər Ermənistan Türkiyəyə münasibətdə daha sərt mövqe tutarsa, onun qarşısında soyqırımı faktını təsdiqləmək, Qars müqaviləsinin qüvvədən düşdüyünü elan etmək, erməni torpaqlarını qaytarmaq da yeni çətinliklər törədər. Bu da Ermənistanla Dağlıq Qarabağın vəziyyətinin daha da pisləşməsi ilə nəticələnə bilər. Əksinə, bu, Azərbaycan və Türkiyə üçün Ermənistanın işğalçı iddiasını təsdiqləyən əlavə arqumentə çevrilər. Bununla da dünya birliyinin Ermənistana qarşı onsuz da yaxşı olmayan fikri daha da pisləşə bilər.

Üçüncü mif:
Ermənistan lobbisinin potensialından düzgün istifadə etsəydi, o öz hökümətlərinə imkan verməzdi ki, Dağlıq Qarabağın hüquqlarını tapdalasın.


Sözügedən mifi şərh etməzdən əvvəl məsələyə bir dəqiqlik gətirmək istərdim: lobbiləşdirmə potensialına yalnız Amerikanın erməni icması malikdir, başqa ölkələrdə lobbiləşmə ənənəsi və deməli, mütəşəkkil lobbi qruplaşması yoxdur.


Ermənistana yetərincə humanitar yardım göstərilməsi və Amerika konqresində Qarabağ haqqında müsbət rəy yaradılması məsələlərində Amerika erməni icmasının lobbiçilik fəaliyyətinin əhəmiyyətini azaltmaq lazım deyil. Amma eyni zamanda unutmaq da olmaz ki, lobbizmin müəyyən həddi var. Onun təsiri ABŞ-ın milli marağı ilə toqquşduğu yerdəcə qurtarır. Bu, təkcə erməni lobbisinə deyil, başqa lobbiçi təşkilatlara, o cümlədən yəhudi lobbisinə də aiddir. Yəhudi lobbisinin ən qüdrətli lobbi olmasına baxmayaraq, o da bir çox məsələni həll etməkdə acizdir.

Dördüncü mif:
Rusiyanın mövcud kosmopolit rəhbərliyi öz ölkəsinin strateji mənafeyini başa düşmür. (Bu məsələdə Ermənistanın da günahı var, məsələni onlara anlada bilmir)  Lakin tezliklə Rusiyada hakimiyyətə əsl millətçi qüvvələr gələcək, Ermənistanı Qafqazın İsrailinə çevirəcək, Qarabağ məsələsini də bizim xeyrimizə həll edəcəklər. Bu mifin istisnasız olaraq bütün müddəaları da şübhəlidir:


– Yəni doğrudanmı Rusiyanın indiki rəhbərləri kosmopolitdir?
– Onlar həqiqətənmi ölkənin strateji mənafelərini anlamırlar?
­– Bunu onlara Ermənistan anlatmalıdırmı?
– Erməni obrazını şərh etməklə Rusiyaya dərs deməyə cəhd göstərənlər özlərini gülünc vəziyyətə salmışlardır.
– Doğrudanmı Rusiyada hakimiyyətə millətçi qüvvələr gələcək?
– Onlar Qarabağı Ermənistana bağışlamağı və yaxud onun müstəqilliyini tanımağı vəd ediblərmi? Bu vəd yazılıdır, yoxsa şifahi?
­– Və nəhayət, Rusiyanın və ya digər qüdrətli dövlətin əlində oyuncaq olmağa, özünü aldatmağa əsaslanan maniakal cəhd nəvaxtadək erməninin həyat tərzi olacaq?


Rusiyada hakimiyyətdə kim olursa olsun, o, Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq, çünki öz tərkibində 20 “Qarabağ” var. Axı bunu başa düşmək o qədər də böyük ağıl tələb etmir.

Beşinci mif:
Azərbaycan beynəlxalq instansiyalarda və kütləvi informasiya vasitələrində çeviklik göstərərək təbliğat müharibəsini faktiki unudub (yeri gəlmişkən, bunu tez-tez diplomatik qələbə ilə səhv salırlar).


Bu zənnimcə müəyyən əsaslara söykənən yeganə mifdir: Ermənistan və Qarabağla müqayisədə Azərbaycan doğrudan da beynəlxalq instansiyalarda və kütləvi informasiya vasitələrində böyük səs-küy qaldırıb. Səbəbi isə olduqca sadə və təbiidir. Azərbaycanın başqa çarəsi yoxdur: hərbi toqquşmanı uduzub, Qarabağ üzərində nəzarəti tamamilə itirib, xeyli ərazini əldən verib, 500 min nəfərə yaxın qaçqının ağırlığı altında qalıb. Azərbaycanın prezidenti və xarici işlər naziri xalqa nə cavab verə bilərdi ki?


Təbliğat müharibəsini uduzmağımız müddəası düz olsa da belə, dəyərləndirmək lazımdır ki, hansı önəmlidir: Qarabağı əldə saxlayıb təbliğat müharibəsini uduzmaq, yoxsa Qarabağı itirib təbliğat müharibəsində parlaq qələbə qazanmaq?


Bütün tarix boyu biz o qədər təbliğat və mənəvi qələbələr qazanmışıq ki! Əlbəttə, bu heç də o demək deyil ki, biz təbliğat sahəsindəki fəaliyyətə əhəmiyyət verməməli və Azərbaycanın təbliğatdakı təsirini neytrallaşdırmaq üçün gərəkli tədbirlər görməməliyik.


Mifləri sadalamağı başa çatdırarkən bir neçə paradoksu da ötəri nəzərdən keçirmək yerinə düşərdi, onların həllini isə xüsusi ixtiraçılıq qabiliyyəti olan adamların öz ixtiyarına buraxıram.

Birinci paradoks:
müharibədən yan keçməklə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına nail olmaq mümkündür. (V Manukyanın seçkiqabağı proqramından).


Bu nədir-biz, adi adamlar üçün əlçatmaz olan dahi təfəkkürün qəflətən işıqlanmasından doğan düha, yoxsa paradoks müəllifinin qulağına Əliyev bizim bilmədiyimiz yeni bir şey pıçıldayıb? Hər halda erməni siyasi fikrinə elə dolaşıq tapmaca gətirilib ki, hətta Eynşteyn də ondan baş aça bilməz.

İkinci paradoks:
dünya birliyinə sayğısızlıq göstərmək və ondan yardım almaqda davam etmək mümkündür. İşimlə əlaqədar dünya birliyinin məsul xadimləri ilə hamıdan çox görüşürəm. İndiyədək onların heç birindən bu səpkidə dəstək almamışam. Əksinə, biz hər yerdə yardımın siyasi şəraitilə incə şəkildə şərtlənməsiylə qarşılaşırıq. Bəlkə bu da bizim günahımızdır ki, dünya birliyinə onların öz strateji mənafelərini anlada bilmirik? Həqiqətən də biz özümüzün dünya xalqı kimi tarixi missiyamızı unuduruq və deməli, dünyaya dərs verməyi də yaddan çıxarırıq.


Üçüncü paradoks: müxalifətin fikrincə,hakimiyyətin   Qarabağ münaqişəsinin tənzimlənməsinə dair proqramı yoxdur. Ermənistanın mövcud rəhbərliyi bu məsələni həll edə bilmədiyi üçün hakimiyyəti verin bizə, biz həll edək. Həm də Ermənistanın sənayesini bərpa edək, əməkhaqqını 5-10 dəfə artıraq, ölkəni xarici investisiya ilə dolduraq.
Heç bilmirəm ki, bu paradoksu şərh etməyə dəyər yoxsa yox. Hər halda bu sözləri deməkdən özümü saxlaya bilmirəm ki, vicdanlı vəd siyasətdə heç də yaxşı arqument deyil və xalq heç vaxt hakimiyyəti kiməsə təkcə vicdanlı vədinə görə verməyib. Bu paradoksun əsasını təşkil edən vicdanlı vəd həqiqətdən daha çox fantastik hekayəyə bənzəyir.


Müxalifət qəzetləri dəridən-qabıqdan çıxaraq ictimaiyətdə belə bir təsəvvür yaratmağa çalışır ki, Dağlıq Qarabağ tənzimlənmənin paket variantının tərəfdarıdır. Ermənistan isə təhlükəli nəticələr verə biləcək mərhələli həlli dəstəkləyir. Əgər Dağlıq Qarabağın nümayəndələri də təəccüb doğuran belə bəyanat verməsəydilər, mən bəlkə də bu məsələyə toxunmazdım. Sentyabrın 26-dakı mətbuat konfransını diqqətlə izləyənlər şahid olublar ki, mən məsələnin həm paket həm də mərhələlərlə həllini “real variantlar” adlandırardım. Mən onu da qeyd etdim ki, Ermənistan həmsədrlərin təklif etdikləri proqramlardan birincisini, özü də ciddi düzəlişlərlə qəbul etmişdi. Həmin proqrqam isə tənzimlənmənin məhz paket variantıdır. Və yalnız Azərbaycan da, Dağlıq Qarabağ da həmin variantı yazılı surətdə tamamilə rədd etdikdən sonra həmsədrlər tərəflərlə məsələnin mərhələlərlə həlli variantını təklif etməyə məcbur oldular.

Mətbuat konfransında demişdim: Vasitəçilər də, biz də yəqin etdik ki, Azərbaycan və Qarabağ Dağlıq Qarabağın statusunu müzakirə etməyə bu gün hazır deyillər. Çünki bu status haqqında onların hər birinin təsəvvürü rəqibin fikriylə diametral ziddiyət təşkil edir. Buna hamı şahid oldu. Mənə elə gəlir ki, yeganə realist yanaşma seçilmişdi. Əgər məsələnin həllinin bu cür variantı qəbul edilmirsə, daha doğrusu, həyata keçirilmirsə onda bu gün “mərhələ” variantından istifadə olunmalıdır. Əvvəlcə paket, sonra isə mərhələ variantını rədd etməklə, bu gün yenidən paket variantına qayıtmaq təklifini irəli sürməklə Qarabağ tərəfi həm özünü, həm də Ermənistanı pis vəziyyətdə qoyub. Onsuz da mən məsələni faciəvi və ya çıxılmaz hesab etmirəm, bu iki variantı vahid bir şəklə salmaq o qədər də ağır iş deyil.

Bu gün ən başlıca iş az qala bir ilə qədər pozulmuş danışıqları bərpa etməkdir. Bunun üçün qarşı-qarşıya dayanan tərəflər arasında ən qısa müddətdə danışıqların əsasını təşkil edəcək sənəd layihəsini razılaşdırmaq lazımdır.


Əgər ATƏT Nazirlər komitəsinin bu ilin dekabrında Kopenhagendə keçiriləcək iclasına qədər sözügedən razılaşdırma olmasa, onda biz ciddi çətinliklərlə üzləşə bilərik…


Müxalifət həmçinin belə bir təsəvvür də yaratmağa çalışır ki, həmsədrlər guya Dağlıq Qarabağa qəsd təşkil edirlər və guya öz məkrli fikirləri ilə Levon Ter-Petrosyan da bu işdə iştirakçıdır. Belə təsəvvür yaratmaqla danışıqların məxfiliyi şəraitindən də istifadə olunur. Halbuki mən Erməni Ümummilli hərəkatının 9-cu qurultayındakı çıxışımda məsələyə yetərli aydınlıq gətirmişdim. Çıxışımın müvafiq bölməsini təkrar etməyə məcburam: “Məxfilik heç də qəsd hazırlamaq deyil. Bu, sadəcə olaraq beynəlxalq diplomatik praktikadır, məqsədi də danışıqlar prosesini yüngülləşdirmək, onu lazımsız hay-küydən, söz-söhbətdən və təbliğat məqsədilə istifadə olunmaqdan təcrid etməkdir. Ərəbistan-İsrail münaqişəsi zamanı tənzimlənmədən əvvəl neçə illər bu barədə məxfi danışıqlar getdiyini xatırlamaq kifayətdir.


Əlbəttə ki, yalnız danışıqlar mərhələsi məxfi keçəcək. Razılıq əldə olunduqdan sonra isə, qəti olaraq imzalanmazdan əvvəl tənzimlənmə proqramı təbii ki, həm bizim xalqın, həm də Arsax və Azərbaycan xalqlarının mühakiməsinə veriləcək…


Bir məsələdə də sizi tam əmin edə bilərəm: Ermənistan Dağlıq Qarabağın imzası olmayan heç bir sənədə qol çəkməyəcək”.