Bizi dirilt, bizi ucalt, Korona

Epiloq.az Qan Turalının “COVİD-19 gözəlləməsi” məqaləsini təqdim edir.

Və bir də gördük ki, bizi  daima çölə, təbiətə və küçələrə, konsertlərə və dostlarla görüşə səsləyən hər şey –  din, elm, media və əlbəttə ki, daxili dünyamız öz sözünü, öz kəlamını dəyişərək deyir:

Evdə qal!

Evdə qal!

Evdə qal!

Və bu zaman zor, ya da xoş evə qapanası olduq.

XX əsr psixologiyasında evə qapanmaq  az qala ayıb bir şey idi. “Çölə çıx, insanlara qarış, əylən, dünyanı öyrən, insanları tanı”. Və dünyanın nəhəng mənəvi mirası da  bu əsrdə möhkəm unudulmuşdu.

Hira dağında təkcənə günlərlə qalıb daxilindəki suallara cavab axtaran Məhəmməd…

Bir ağacın kölgəsində oturub həqiqəti dərk etməyənə qədər oradan qalxmayacağına and içən Budda…

Çarmıxda “Məni niyə tərk etdin, ata?” deyən İsa…

Və yüzlərlə, minlərlə özlərini monastırlara, qapalı otaqlara, çilələrə, adamsız meşələrə həbs edən, içəridəki, beyindəki min-min suala cavab axtaran könül yolçuları, ruhu uca, sevgisi dərin əzabkeşlər…

Hamısı unudulmuşdu…

Nitsşeni, adətən, düz başa düşmürlər… Nitsşe Tanrı tanımaz deyildi, o sadəcə Allahın öldüyünü deyirdi və əlavə edirdi: “Onu siz öldürdünüz…”

Nitsşenin bir başqa müasiri Karl Marks da ateist idi və biz onu “din xalq üçün tiryəkdir” sözü ilə tanıyırıq. Amma elə o sitatın əvvəli necə idi?  “Din əzilmiş xalqın ürək nəğməsi, qəlbsiz dünyanın istiliyidir”.

Dünyada, bəlkə, bir gün din də olmayacaq…

O zaman iflas etməz dünya…

Bəşəriyyət müqəddəslik yox olanda məhv olacaq…

Ürəklər nəğməsiz, dünya sopsoyuq və  mərhəmətsiz olanda…

Nitsşenin də dediyi kimi, səhra durmadan böyüyəndə…

Və biz özümüzə qapılıb yenilikləri, bu dünyanı, özümüzü mənalandırmaq üçün tarixi bir fürsət əldə etdik…

Amma… Və heyhat…

Və gördük ki, evləndiyimiz, könül verib sevdiyimiz o qadınla (o kişiylə) bir evin içində yaşamağı yadırğamışıq.

Haydeggerin sözüdür: “Hər gün işə gedən insan öz mənəviyyatına yadlaşmışdır”.

Və biz dəhşət içində gördük ki, sən demə, özümüzə, öz varlığımıza yadlaşmışıq.

Sən demə, bizim ayıbımızı iş örtürmüş.

Və özümüzlə tək qalmamaq üçün icad etdiyimiz min bir vasitə… Bütün bunları öz ürəyimizin səsini batırmaq, sükutumuzu hay salmaq üçün  kəşf etmişik.

“Truman şou”  filmindəki kimi bütün həyatımız bir göstərişdir, şoudur. Truman bunun fərqində deyildi. Amma biz özümüzü aldatmış və öz yalanımıza səmimi qəlbdən inanmışıq.

İnanmışıq instaqram filterlərinə…

Sosial mediada özümüz üçün yaratdığımız imicə…

Olduğumuz kimi görünməmiş, göründüyümüz kimi də olmamışıq…

Özümüzə özgələşmiş, özümüzdən başqa bir məxluq yaratmağa can atmışıq.

Amma bu mümkün olmamışdır…

Dovşandan timsah düzəltmək imkansız…

Unutmaq istədiyimiz bütün anları, hissləri unuda bilməmişik.

Çünki biz öz varlığımıza xəyanət edib özgələşmək istəsək belə, varlığımız əsla başqa bir formaya transformasiya ola bilməmişdir.

Və düzəltdiyimiz bütün oyuncaqlar, bambaşqa bir varlığın inikasına çevirdiyimiz sosial media pasportumuz da bizi təmin etməmişdir.

Ona görə də Haydeggerin  dediyi kimi səfil və sərgərdan qalmışıq.

Yolunu azmış oğullar bəzən və bəlkə də ancaq rəsmlərdə geri qayıdır.

Bu mənada karantin bizim üçün bir fürsətdir…

İnandığımız şeyləri məhək daşına vurmaq üçün…

Öz mənəvi siqlətimizə kənardan baxa bilmək üçün.

Öz ruhumuzla dil tapmaq, onu yenidən ucaltmaq və onunla ucalmaq üçün…

Gerçəklikdən həqiqətə qayıtmaq üçün…

Kimik biz?

Nə istəyirik?

Bizim bu dünyada işimiz nə?

Sabah ölüm qapımızı döyəndə peşman olacağımız şeylərdən imtina etmək…

Həyatın çox qısa olmadığını, yenidən onu yaşamaq və onu yenidən yaratmaq imkanımızı anlamaq üçün…

Qoşulduğumuz axının bizi hara apardığını təxmin etmək üçün…

Bu mənada bəşəriyyətin min illərdir qazandığı mənəvi təcrübəni yenidən hiss etmək XXI əsrin bu virtual, bu saxta və bu amansız mühitində insan olmağın, insana insanlığı anlatmanın ən mühüm şərti rolunda çıxış edir.

Epidemiya, pandemiya dövründə həyatın sürəti azalır, daha doğrusu, həyat öz təbii axarına və sürətinə qovuşur.

Bəşər övladı mürəkkəb dəyişikliklərin astanasındadır.

Sənaye inqilabı zamanı insan özünə yeni bir güclü  yoldaşı – maşınları qazandı.

Bu maşınlar, motorlar, fabriklər və sənaye yepyeni bir insan modeli yaratdı.

Və insanın ruhuna yabançılaşmasının özülləri belə atıldı…

İnsan min illərdən bəri yaşadığı təbii mühitindən ayrıldı, üzücü əmək prosesində fabrik maşınların gurultusu ilə öz ürəyinin səsini eşitməz oldu.

Ardınca qadınlar bu istismarçı əmək sisteminə qoşuldular, uşaqlar bağçalarda böyüməyə başladılar, valideynlərini gündə 2-3 saat görməyə məcbur oldu.

Dünyanın həm məzmunu, həm siması dəyişdi.

Artıq Reyn çayı da Hölderlinin bəhs etdiyi çay deyildi. İndi o olsa-olsa  alman sənayesinin enerji tələbatını ödəyən bir parçasıydı. (Haydeggerrin sözləridir)

Zaman keçdikcə istehsal edilən bu qədər böyük həcmdə məhsul satmaq üçün min fırıldaq icad edildi.

Və insanlar əsaslı ehtiyacları olmayan bu şeyləri almaq üçün daha çox işləməyə məcbur oldular…

Bu belə davam edə bilməzdi.

İndi isə bəşəriyyət süni intellektin sənaye və məişətimizin bütün plastlarında  tətbiqinin astanasındadır.

Və məncə, belə bir məqamda  COVİD-19 pandemiyası taleyin bizə ən güclü ironiyası idi.

İkinci dünya müharibəsindən əvvəl də ispan qripi ilə sanki sənayenin əzib məhv etdiyi təbiət həm insandan intiqam alır, həm də onu öz ağuşuna qaytarmağa çalışırdı.

O zaman dünya bu mesajı qavraya bilməmişdi və ardınca da  bəşər tarixinin ən qanlı müharibəsi başlandı.

Bu gün də təbiət dilsiz-ağızsız virusun dili ilə həm hər birimizi, həm də küll halda bəşəriyyəti düşünməyə dəvət edir.

İnsan bu dünyada düşüncə qabiliyyətinə malik olan yeganə varlıqdır.

Və bu dünyada ən düşüncəsiz varlıq da odur, bir heyvan da öz mahiyyətinə yad hərəkət etmir.

Buna görə də mövcud pandemiya həm fərdlər, xalqlar və dövlətlər üçün, bəlkə də, tarixin ən görkəmli sınağıdır.

Bəşər övladı bu sınaqdan üzüağ çıxmaqla həm özünün, həm də planetimizin aqibətini həll edəcəkdir.

Əks halda isə dünyanı ağır ekoloji fəlakətlə məhv edəcək. Öz varlığına yabançılaşmağa tam sürətlə davam edən insan öz varlığına duyduğu həsrəti antidepressantlar, alkoqol, narkotik, fast food acgözlüyü, alış-veriş çılğınlığı ilə sakitləşdirməyə çalışacaq və əlbəttə ki, müvəffəq olmayacaqdır. Belə olan halda sənayenin robotlaşması, süni intellektin yayğınlaşması ilə insan övladı I Sənaye İnqilabından çox daha qüdrətli özgələşmə, yadlaşma və korlaşma mərhələsini salamlayacaqdır.

Bu mənada COVİD-19 pandemiyası bütün qurbanlara rəğmən bəşəriyyətin, bəlkə də, ən sonuncu şansı kimi görünür. Çünki mövcud vəziyyətin davamı ilə ayrı-ayrı insanlar, xalqlar və dövlətlər  yox, ümumilikdə bəşəriyyət məhv olacaqdır.

Nə acı bir tale…

Öz ömrünü bəşəriyyətin nicatı, ruhi intibahı, mənəviyyatı və rifahına həsr edən peyğəmbərlər, filosoflar, yazıçılar, alimlər, siyasi xadimlər, gənc yaşda faşizm, şovinizm, fundamentalizm uğrunda ölən şəhidlər, minlərlə, milyonlarla inqilabçıların ruhuna bundan böyük hörmətsizlik, bundan böyük laqeydlik ola bilərdimi?

Bəlkə də, elə buna görə XX əsrin ən ayıq filosofu Vitgenşteyn atom bombasını ağrılı, amma müalicəvi bir dərman kimi görürdü.

Bəli, insanlığını itirmiş, daxili dünyasına, mənəviyyatına özgələşmiş insan, əlbəttə ki, insan olmayacaqdır.

Bu hələ son deyil.

Bu sonun başlanğıcıdır.

Ən ağrılısı isə budur ki…

Daha heç kim bizi “Yadına sal, kimlərdənsən! Kimin oğlusan? Adın nədir? Adın. Sənin adın Donenbaydır. Donenbay” deyə səsləməyəcək…”

Bəli, bizi bizə xatırlatmaq istəyən Nayman ana da olmayacaq.

Çünki onun məzarını dağıdıb yerində kosmik stansiya tikmiş insan yad planetlərdə həyat axtaracaq…

Və bəşər övladının min-min illər davam edən həqiqət axtarışları bu cür miskin şəkildə başa çatacaq…