“Bizim Cəbiş müəllim” filmi haqqında maraqlı faktlar

Epiloq.az “Bizim Cəbiş müəllim” filmi haqqında maraqlı faktları təqdim edir.

  • Film tanınmış kinodramaturq və yazıçı Maqsud İbrahimbəyovun müharibə illərinin ağır və məşəqqətli günlərində, bakılıların dözüm və dəyanətindən, vətəndaşlıq qürurundan və borcundan danışan, işçi adı “Müharibənin min bir gecəsi” olan ssenarisi əsasında çəkilib.  Quruluşcu rejissoru Həsən Seyidbəylidir.

  •  Filmin rusca adı “Я помню тебя, учитель”dir. (“Mən səni xatırlayıram, müəllim”).

  • “Bizim  Cəbiş müəllim” filmi 1970-ci ildə Minskdə keçirilən IV Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, Cəbiş rolunun ifaçısı aktyor Süleyman Ələsgərov festivalın diplomunu almışdır.

  • Filmdəki hadisələr İkinci Dünya Müharibəsi illərində Bakıda  cərəyan edir. Filmdə qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

  • Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli Pirşağıdakı bağına gedərkən bir qrup gəncin tinə yığışaraq meyxana dediyini görür. Aralarında biri onun diqqətini çox çəkir. Bu, o zaman idi ki, rejissor  “Bizim Cəbiş müəllim” filmi üçün aktyor seçimləri edirdi.  Rejissor onu zorla razı salaraq filmə çəkir. Həmin gənc “Bizim Cəbiş müəllim” filminin ən yaddaqalan simalarından biri olan Makedon rolunun ifaçısı Aqil Ağacanov idi. Aqil qarşıya şərt qoyaraq deyir ki, “məhəllə uşaqlarımızı da çəksən, gələrəm”. Beləcə, filmdəki məhəllə uşaqları da onun tələbi ilə filmə çəkilirlər. 

  • Bu filmə qədər Azərbaycan kinosunda heç vaxt meyxana səsləndirilməyib.   Filmdəki meyxananın müəllifinin kim olması ilə bağlı mübahisələr var. Bəziləri müəllifin Ağasəlim Çıldağ, bəziləri isə Molla Məmməd olduğunu deyirlər.  

  • Cəbiş müəllim aristokrat, insan taleyini və o zaman üçün “Böyük Vətən” məfhumunu  düşünən bir ziyalıdır. Ən  məşhur ifadələri “Heç belə gündə də…” birləşməsi ilə başlayır. “Heç belə gündə də sabun bişirərlər?”, “Heç belə gündə də dərsdən qaçarlar?” kimi replikaların sayını uzatmaq da olar.

  • Filmdə Cəbiş müəllimin həyat yoldaşını canlandıran Şəfiqə Məmmədova çəkilişlər zamanı Teatr İnstitutunun son kursunda oxuyurdu. Həmin vaxt onun 24 yaşı var idi.

  • Aktrisa Şəfiqə Məmmədovanın dediyi replikalar bu gün də yeri gələndə işlədilir. Lakin filmdə obrazın adı deyilmir. Hamı onu “Cəbişin arvadı” kimi tanıyır.

  • Təəssüf ki, film layiqli qiymətini ala bilməyib mükafatlardan kənarda qalır. Bunun da səbəbi Bakı nefti və başqa məsələlər haqqında deyilən ifadələr idi ki, Moskva bunu gözdən qaçırmır.

  • Filmdəki məktəb Bayıldakı məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də orada lentə alınmışdı. Cəbiş müəllimin eksperimenti üçün atın quyruğunu kəsdikləri səhnə “Sovetski” məhəlləsində Mustafa Sübhü küçəsində, Cəbiş müəllimin gəzişməsi, gəmi fiti, uşaqları həmin yerlərlə tanış etməsi “Qaraşəhər”də, Nəcəfovun cəbhəyə getdiyi vağzal səhnəsi  isə indiki “Sədərək” bazarının yanındakı Puta qəsəbəsində çəkilib.

  • Hadisələrin cərəyan etdiyi məhəllə isə “Səadət” sarayının yanındadır. İndi də o məhəllə durur.  İlk dəfə o yeri Həsən Seyidbəyli kəşf edərək oraya kino həyatı verib. Bundan sonra “Şərikli çörək”, “Gecə qatarında qətl” və s. kimi filmlərdə də həmin məhəllədən istifadə edilib.

  • Cəbiş müəllimin uşaqları rolunda çəkilən uşaqların üçü Həsən Seyidbəylinin öz uşaqları idi. Ziya Seyidbəyli, Məryəm Seyidbəyli və Mehdi Seyidbəyli. Lap körpə olan isə həmin məhəllədə yaşayan ailənin uşağı idi.

  • Filmin ən yaddaqalan epizodlarından biri də Tanya ilə Makedonun öpüş səhnəsidir. Çəkiliş zamanı Həsən Seyidbəyli bu səhnəni dəfələrlə “Makedon”a təkrarlatdırmışdı. Təkrarlardan bezən “Makedon” etiraz edəndə çəkiliş heyətinin qəhqəhə tufanı ilə rastlaşır. Sən demə, Həsən Seyidbəyli səhnəni elə ilk dublda çəkmişdi. Sadəcə məzə üçün “Makedon”a Tanyanı öpdürürmüş. Makedonun həmin səhnədə çox utandığını demək isə artıqdır…

 Filmdə ən maraqlı və yaddaqalan replikalar:

“Çağırsa ellər gedərəm davaya”

***

“Heç bilsən ki, səni nəyə görə vurdular, bəlkə onda səndən adam oldu”

***

“Heç bilirsiz Bakı nefti cəbhə üçün nə deməkdi?”

***

“İkinizi də Allah öldürsün, səni də, Hitleri də”

***

“Uf, nə bağrıma basardım o tankı… O tankı ki, səni basacaqdı…”

***

 “Yeyin mənim şoppana balalarım, pencəyimiz yoxdur, əvəzində yağımız, qəndimiz var”

***

“Uşağın olub məgər?

qadam ağzuva, doğan vaxtumdu?

***

 “Ata, sən dezertirsən?”

***

“Kül Hitlerin başına ki, onun üstünə sən gedirsən”

***

“Fikrin çatdı e, yaşım çatmır”

***

“Jımııııx, ləzzət”

***

“Deyirlər urusetdəkilərin hamısının gözü yaşıldı”

***

“Başa düşmürəm, mənim arvadımla ayda bir dəfə bazara çıxmağa ixtiyarım yoxdu?”

***

“Rəhmətliyin oğlu, burda neyləyərlər?”

***

“Çəkilin, indi Makedonla Namiq savaşacaqlar”

***

“Mən sabun bişirməyəcəyəm”

Hazırladı: Cahan Seyidzadə