Bu gün Mikayıl Müşfiqin doğum günüdür

Bu gün şair Mikayıl Müşfiqin doğum günüdür.

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-ci ilin bu günü Xızıda anadan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib.

Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlayıb.

Şair 1938-ci il 6 yanvarda digər repressiya qurbanları kimi güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, bir neçə qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Epiloq.az şairin “Yenə o bağ olaydı” şeirini təqdim edir.

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?


Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.


Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!


Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara…
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!


Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.


Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim…
Asılaydı sözlərim
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni…
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.

Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.


Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?