Bu gün şair Zərdüşt Şəfinin doğum günüdür

Xatırladaq ki, Zərdüşt Şəfi 1986-cı ildə Bakıda anadan olub. Gənc yaşda dünyasını dəyişsə də, öz səsi, öz nəfəsi var idi. Ondan geriyə “Başqa adamlar” adlı hekayələr kitabı qalıb.

Epiloq.az bu münasibətlə Zərdüşt Şəfinin şeirlərini təqdim edir.

ŞAİRİN ÖLÜMÜ

Kim unudub məni yol ayrıcında

gəlsin qucaqlasın,

gəlsin aparsın…

Bu ömrü yolundan çıxarar qəza

gəlsin qabaqlasın,

gəlsin saxlasın…

Mən ölümə gedən adamam, adam  

yadlara doğmayam,

doğmaya yadam…

Bir göyərçin gəlib, əlimə qonub

Əlimdə bir yuva salıb göyərçin,

Uçub getməyəcək, mənim olacaq,

Sevinib, əlimdə qalıb göyərçin,

yellədə bilmərəm əlimi daha

əllərim göyərçin yuvalarıdı

qatarlar aparsa əzizlərimi…

Üzündə əl izim qalıbsa, gülnar,

məndə əl qalmayıb,

sil izlərimi…

Bağışla ömrümü,

uzun gecədi

Bir say ulduzları, bax gör neçədi?

Bildir Günəşimə, səs sal Ayıma,

Bir gecə qısqanıb məni dənizə

ölüm at ömrümə

zəhər çayıma…

Mən o gün biləcəm

O gəlib bizə…

Mən o gün dönəcəm düz kəndimizə…

TƏLƏSKƏN!

Özümdən çıxmışam,

mən yoxam daha,

ruhumun həmdəmi,

üfüq xəttimsən

mən sənə gəlirəm, özümdən keçib!

Sənə çatmaq çətin

ələ keçməzsən,

neyləsəm

əlimdə bir boşluq qalar!

Uzanar, qıvrılar, yollar dolanar,

zaman susar qumda ayaq səsindən,

ancaq bu bədəni tanıyan bilər

neyləsəm, qan iyi gələr nəfsimdən,

ağlayar içimdə əlacsız ruhum

neyləsə, üzümdə bir şeytan gülər…

Yalnızlıq olarsa əzab çəkdiyim

oxuyar dodaqlar səssiz duasın

la ilahə illəllah- deyə bitər təkliyim…

* * *

Əlini uzat,

bu ağ kağıza

barmaqlarından axacaq sətir-sətir sözlər…

Sən heç şeir yazdınmı?

Gözlərin susur,

kipriklərinə tökülmüş

alın yazının qalıqları

danışacaq indi

Sən heç qar olub yağdınmı?

Uzaqda üfüq xəttində

qıpqırmızı bir od parçası var,

neçə min ildi yanır

kimi sevir

heç kim bilmir,

bilməyəcək…

Sən heç şair sevdinmi?

* * *

Susub,

içimdəki Günəş də susub,

susur gözümdəki ümidin səsi..

Bir günəş axşamı,

günəş sabahı

tutub silkələsəm bu məmləkəti

qar yağar səmadan,

qar çıxar yerdən,

hər tərəf qar kimi ağın yurdudu…

Mənə qar nə lazım,

Ağı sevmirəm.

Mənə qaranlıq bir guşə gərəkdi…

Mən qara torpaqlar,

qara mayelər,

qara sevdaların yurdundan gəldim,

Mən qara adamam,

Mən qara adam.

Bir uzaq meşədə unudun məni,

şaxtadan ağarsın əlim,

ayağım,

Bir az da qar sürtüm dodaqlarıma

Olum qar adam…