Cəlil Məmmədquluzadə “Qoşa balınc” – HEKAYƏ

Epiloq.az Cəlil Məmmədquluzadənin “Qoşa balınc” hekayəsini təqdim edir.





Cəlil Məmmədquluzadənin “Qoşa balınc” hekayəsi 1926-cı ildə qələmə alınmışdır. Bir çox son hekayələrində olduğu kimi, burada da yazıçı avtobioqrafik motivlərdən bəhrələnmişdir. Bacısı Səkinənin qızı Pakizəni “Zaqatala ünas darülmüəllimatına” qoymaq məqsədilə iki gün Zaqatalada olmuş yazıçı sonradan səfər əhvalatını özünəxas üslubda duzlu-məzəli hekayəyə çevirmişdir. İdeya-mətləbi əxlaqi qənaət əldə etməkdən ibarət olan hekayə təhkiyəçi-qəhrəmanın incə müşahidələrlə zəngin söyləmində çoxqatlı, çoxmənzərəli şəkildə təzahür tapır. Şəhərin gerçəkləri və özəl həyatı, erməni və müsəlman xarakterləri, psixologiyası, “fərasəti” Mirzə Cəlil nəsrinə xas satirik kinayə, zərif yumor, incə psixologizm, ironiya və özünəironiya işığında təsvir olunur. “Qoşa balınc” rəmzi obrazdır və bu obraz vasitəsilə yazıçı XX əsr nəsrinin maraq dairəsinə daxil olan daha bir qata nüfuz edir, şüuraltı prosesləri izləyir.



Qoşa Balınc

Avqust ayının iyirmi üçündə mənə məlum oldu ki, Zaqatala ünas darülmüəllimatında imtahanlar tezliklə başlanacaqdır. Bunu eşitcək qızımı götürdüm və avqustun iyirmi dördündə sübh tezdən özümü yetirdim Yevlax stasionuna. Burada qızımla bərabər və bir neçə qeyri miniklərlə mindik avtomobilə və saat on birdə yetişdik Nuxaya. Burada karvansarada bir saata qədər təxir elədik və günorta zamanları haman avtomobillə yola düşdük və saat 3-də yetişdik Zaqatalaya.

Xəyalım mehmanxanada qalmaq idi, səbəb budur ki, burada bir nəfər də tanış xəyalıma gəlmirdi. Olsa idi də, genə mehmanxananı qoyub bir kəsə zəhmət verməyəcəkdim. Onunçun da avtomobildən şeylərimi məndən izinsiz dalma alan hambala heç bir söz demədim və qızla bərabər hambalın dalma düşüb başladıq getməyə. Bir az gedəndən sonra genə ehtiyat üçün soruşdum:

– Bizi hara aparırsan?

Hambal dedi ki, bizi mehmanxanaya aparır. Dinmədim. Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehman­xananın dalanına. Burada boş mənzil olmadı.

Hambal üz tutdu genə qabağa getməyə və haman küçədə bir qeyri mehmanxanadan mənzil soruşdu və cavab aldı ki, burada da təmirat gedir.

Bunu da görəndən sonra hambal bir qədər fikir elədi. Alnının tə­rini dəsmalı ilə siləndən sonra şeylərimizi aldı əlinə və çöndü sol tə­rəfdə bir küçəyə və yavıq evlərin birinin həyətinə girdi və çöndü bizə və dedi:
– Gəlin.

Biz də girdik həyətə. Hambal dalana daxil oldu, girdi bir otağa və qapıdan başını dala çöndərib bizə dedi:

– Buyurun, buyurun.

Biz də girdik. Amma bura dəxi mehmanxanaya oxşamırdı. Bura arvadlı-uşaqlı xüsusi evə oxşayırdı. Erməni uşağına oxşayan on iki – on dörd yaşında bir oğlan haman evdən çıxdı və bizə dedi:

– Buyurun.

Bu uşaq erməni uşağı imiş və ev də erməni evi imiş; ailə də erməni ailəsi idi.

Bizi qabaq otaqdan keçirdilər və ikinci otağa apardılar. Burada üç dənə krovat qoyulmuşdu və hərəsinin üstündə səliqəli yatacaq salın­mışdı. Hərəsinin üstündə təmiz nazbalış, təmiz yay yorğanı. Ortalıqda yekə stol qoyulmuşdu. Stol məxmər örtüklə örtülmüşdü, üstündə səli­qəli yazı şeyləri var idi. İki şüşəli mürəkkəb qabı, qələmlər, şamdan­lar, səliqəli gül qabları, şüşə bardaq… Stolun kənarında krovatların yanında kifayət qədər incə sandalyalar düzülmüşdü. Küncdə, divardan üz yuyan asılı idi, yanında sabunu və üz dəsmalı.

Hambal şeyləri yerə qoydu və üzünü mənə tutub dedi:

– Çox yaxşı. Burdan yaxşı yer yoxdur.

Bu ona işarə idi ki, mən onun zəhmət haqqını çıxardım verim. Əl­bəttə belədir. Və lakin mən bilmədim nə eliyim? Bura mehmanxanaya oxşamırdı və doğrudan da mehmanxana deyildi; onunçun da hambalı yola salmaqdan qabaq mən bu məsələni özüm üçün gərək həll edə idim ki, arxayın ola idim.

Söylədiyim oğlan uşağından savayı burada iki övrət xeylağı da var idi. Bunların biri xeyli qoca idi; beli iki bükülmüşdü, özü də kənarda öz-özünə qurtdanırdı. Amma biri ona nisbətən cavan idi; bunun qırx beş, bəlkə də bir az artıq yaşı olardı.

Mən əlimi uzatdım cibimə, pul qabını çıxartdım ki, hambal məni haqq-hesaba ağır hesab etməsin; amma bunu da bərayi-ehtiyat lazım bildim ondan soruşam ki, bura haradır, məgər bura mehmanxanadır?

Mənim bu sualıma iki, bəlkə üç tərəfdən haman saat “bəli, bəli” eşitdim. “Bəli-bəli” deyənlərin biri hambal idi, biri oğlan idi, biri də qırx beş-əlli yaşı olan erməni arvadı idi.

Məlum oldu ki, bu ev Petrosyan familli bir erməninin evidir. Evin kişisi bir neçə il bundan qabaq ölmüşmüş. Ailəsi də kasıb düşüb, iki otağın qabaqkısında özləri sığışır, ikincisini səliqəyə salıb kirayə ve­rirlər. Ay ilə, il ilə qalanlara ayı iyirmi manata verirlər, amma iki-üç gün qalıb gedənə hər gecə-gündüzünü bir manata verirlər; istər iki adam olsun, istəp üç adam olsun, istər bir adam olsun. Hər samavara da iyirmi beş qəpik alırlar; çünki Zaqatalada kömür bir az bahadır. Evi süpürüb yığışdırmaq da ev sahibinin borcudur.

Mən batinən çox məmnun qaldım və hətta hambala haqqından sa­vayı bir abbası da artıq verdim. Bu da dua edə-edə getdi. Razı olma­ğıma səbəb bu idi ki, əlbəttə mənzilin və sahib-mənzilin zahiri səli­qəsi batinə də müvafiq gəlsə, çox gözəl. Bir surətdə ki, mən qızımı darülmüəllimata daxil edən kimi Zaqatalada bir gün də artıq qalan de­yiləm və mənzilin qiyməti də ki, ibarət ola gecəsi bir manatdan, – bu o qədər az puldur ki, burada bir artıq danışıq ola bilməz.

* * *

Mən şeyləri açdım, sabun və dəsmallarımızı çıxartdım. Mən də və qızım da əl-üzümüzü yuduq, toz-torpağımızı təmizlədik. Və bu heyn- də stolun üstünə bir padnosda iki stəkan səliqəli çay qoyuldu. Çayı gətirən haman oğlan idi. Adını mən soruşdum, dedi adım Ohandır. Oturduq çay içməyə və evin sahibi övrət bir əlində mürəbbə, bir əlin­də lumu parçaları, gətirdi qoydu qabağımıza.

Bu övrət haman Ohan oğlanın anası, yəni evin sahibəsi imiş. Bu qədər var ki, ev sahibinin bizə bu qədər mehribançılığı məni bir qədər rahatsız eləməyə başladı. Səbəb budur ki, mən xəyalıma gətirə bilmirdim ki, onun bu iltifatının əvəzini mən nə ilə və nə surətdə çıxa biləcəyəm. Və eyni zamanda xəyalıma gətirə bilmirdim ki, bizə bu qədər xidmət etməkdə övrət məhz mehman dostluq şəraitini əmələ gətirmək istəyir, ya bu artıq zəhmət məsarifın əvəzini məndən bir neçə qat artıq gözləyir. Övrətin bizə rəğbəti o yerə çatdı ki, gəldi qı­zımın yanına, onun üzündən öpdü, oturdu yanında və başladı onun stə­kanına qənd və lumu salmağa və qabağına mürəbbə qoymağa.

İki stəkan çay içdim, durdum ayağa. Xəyalım darülmüəllimatm yanında idi. Oradan bəxabər olmaq istəyirdim ki, imtahanlardan bir əhval biləm. Çün mən Zaqatala şəhərini birinci dəfə gördüyüm idi, onunçun da könlümdən keçirdi ki, Ohan oğlan mənə bələdçi ola. Bu fikrimi mən açan kimi qoçaq uşaq da və anası da çox xoşhal oldular ki, oğlan da mənlə çıxsın şəhərə və mənə bələdçi olsun.

* * *

Çıxdıq, getdik həmən darülmüəllimatı tapdıq və məlum oldu ki, mən qızı bir az tez gətirmişəm; çünki imtahanlara hələ bir neçə gün var. Amma zəmani ki, mən Bakıda vacib işlərimi yarımçıq qoyub get­mişdim və Zaqatalada çox qala bilməzdim, darülmüəllimat müdirəsi razı oldu ki, mən qızımı qoyum müvəqqəti surətdə darülmüəllimatda, orada yaşayan qızlarla bir yerdə qalsın, ta imtahan verənədək. Və əgər işdi əhyana, qızım imtahan verə bilməsə, yəni darülmüəllimata daxil olmağa gücü çatmasa, o vədə möhtərəmə müdirə əhd elədi ki, elə olsa, qızı bir il birinci dərəcəli məktəbin axırıncı sinfində saxlar və orada onu gələn il darülmüəllimata daxil olmağa hazır edər.

Demək, hər halda mən arxayınladım və qərar qoyduq ki, bu gecəni qızım qalsın mənim yanımda, sabahı günü o daxil olsun darülmüəl­limata və mən çıxım gedim Bakıya.

* * *

Oradan çıxdıq və Ohanla bir-iki küçəni də dolandıq. Axşam oldu və Zaqatalanın orta, böyük və şenlikli küçəsi ilə gəzə-gəzə gəldik mənzilə.

Axşamdan bir-iki saat keçirdi. İçəri girib gördüm ki, qızım krovat­ların birinin üstündə uzanıbdır və məlum oldu ki, yuxulayıbdır. O şey ki, mənə qəribə görsəndi, o da bu idi ki, o biri krovatın üstündə səliqə ilə yorğan-döşək salınmışdı, amma bir balınc əvəzinə qoşa iki balınc qo­yulmuşdu. Guya burada bir nəfər adam yox, iki adam bir yerdə yatacaq.

Mən bunu yersiz gördüm və getdim iki balmcm birini götürdüm qoydum kənara və qızımı oyatdım. Qız çətinliklə gözlərini açdı və hə­vəssiz durdu oturdu yatdığı krovatın üstündə. Mən haman ikinci balın- cı qoydum qız yatan krovatın üstünə və getdim oturdum və başladım qəzet oxumağa.

Ohanm anası ağzında yaşmaq gülümsünə-gülümsünə mənə bir stəkan çay gətirdi və sonra getdi bir özgə balınc gətirdi, qoydu qızım uzandığı krovatın üstə və haman mən qızıma verdiyim balıncı götürdü və genə gətirdi qoydu saldığı səliqəli qoşa yatacağın üstünə və elə qoydu və balmclan elə səy və səliqə ilə çırpıb tumarladı və elə səliqə ilə yerləşdirdi ki, mənə aşkar oldu ki, bu arvad bu yeri iki nəfər adam üçün sazlayır.

Qızım bir qədər baxandan sonra genə yan üstə düşdü və erməni ar­vadı getdi qıza da bir stəkan çay gətirdi və oturdu onun yanında və başladı qulağına nəsə pıçıldamağa.

Bir qədər keçəndən sonra qızımı genə şirin yuxuda gördüm. Çay da oradaca qalıb soyumaqda idi. Bir dəfə də yavıqlaşdım ki, qızı oya­dım, dursun çaydan-çörəkdən yesin, sonra yerini açıb yatsın, qız genə gözlərini ovuşdura-ovuşdura durdu oturdu, genə gözlərini yumdu və eləcə paltarlı yıxıldı krovatın üstünə. Ohanm anası da gəldi istədi qızı oyada və şirin-şirin başladı qıza yalvarmağa ki, dursun çay içsin, çörək yesin. Amma qız o qədər yorulmuş imiş ki, şirin yuxunu yeyib-içmək­dən vacib bildi.

Axşam saat doqquz tamam oldu və iki stəkan çayla bir qədər pen­dir-çörək yedim və başladım soyunub yatmaq fikrinə düşməyə; amma krovatın üstünə qoyulmuş iki balınc nədənsə məni hərdənbir məşğul edirdi. Aya Ohanm anası mənim üçün hazırladığı krovatın üstə nə sə­bəbə bir balınc əvəzinə ikisini qoşa qoyubdur? Və bundan savayı da həmin yeri enli krovatın üstə salıbdır; yəni iki adamlıq krovatın üstə salıbdır.

Məni təəccübə gətirən bir də bu idi ki, arvad hərdənbir gəlirdi, ha­man yeri sığallayırdı, balmclan tumarlayırdı və genə bunları qoşa, bir- birinin yanma qoyub, bir az mənə tərəf gülümsünürdü, qıza tərəf ge­dib, onu genə oyatmaq istəyirdi.

Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmə­tinə ehtiyac yoxdur və dəxi bizim qeydimizə qalmasın və qızı da oyat­masın və zəhmət çəkib otağımıza bir stəkan su qoyub getsin, özü də rahat olsun.

Bu sözləri deyəndən sonra mən getdim haman mənim yerimin üs­tündə olan iki balmcm birini götürdüm qoydum kənara və istədim soyunmağa hazırlaşam.

Çox qəribə: eləcə bir dəqiqədən sonra, – ki mənim başım nəyəsə qarışdı, – bir də gördüm haman iki qoşa balınclar genə mənim yerimin üstündədir və erməni arvadı qapının arasında durub gülümsünə- gülümsünə, bəlkə bir qədər çəm-xəmlə də daş kimi yuxuya getmiş qızıma tərəf baxmaqdadır.

Paho! Xudaya, bu arvad niyə gedib yatmır? Bir surətdə ki, mən bir qədər vaxt bundan qabaq həyətə çıxanda Ohanı da, onun qoca nənəsini də yerə girib yuxulamış gördüm?.. Bəs bu arvad niyə yatmır? Hələ yatmağını, ya yatmamağım özü bilər, bəs mənim yatacağımı niyə bərk-bərk iki balınclı qərar verir? Mən məgər bir adam deyiləm? Pəs mənim yanımda kim yatacaq və o ikinci balıncı arvad kimdən ötrü hazırlayır və məndən savayı burada dəxi kim var? Bir qızımdır ki, əvvələn ermənilərin də və biz müsəlmanların da qaydasınca qız ata ilə yatacaqda yatmaz; qızımdan da savayı burada olan bir də erməni arvadın özüdür! Özü də ki, mənlə yatmayacaq?!

* * *

Arvad gəldi öz otağına, amma ara qapını örtmədi. Doğrusu, mən bilmədim ki, arvadın fikri nədir.

Mənim xəyalıma özgə bir şey gələ bilməzdi. Evə-eşiyə baxanda, bu ev-eşik və bu ailə özünü satan arvad evinə oxşamırdı və zahirdə ar­vad da fahişəyə oxşamırdı; dünyada birinci dəfə rast gəldiyi əlli səkkiz yaşında mənim kimi bir kişiyə aşiq olan arvada oxşamırdı. Pəs mənlə bu iki balınclı yorğan-döşəkdə kim yatacaq?

Elə ki, arvad bir dəfə ağzı yaşmaqla qapının arasında çəm-xəmlə durub başladı həsrətlə qızıma tərəf baxmağa, onda doğrusu, mənim qəlbim qaraldı.

Doğrudur, ermənilər içində yüngül arvad mən çox az görmüşəm; ancaq nə deyim, dünyada hər nə desən qabağına çıxa bilər. Ancaq, sö­zün doğrusu, bu növ eşqbazlığa, yəni heç bir növ eşqbazlığa mənim hər halda hazırlığım yox idi və Ohanın anası əgər əhyana mənim ya­nıma gəlmək də istəsə idi, bir neçə səbəbə görə mən hazırlaşırdım üzr istəməyə: əvvələn, mənim övrətim var; ikinci, dünyada birinci dəfə rast gəldiyim övrətin zahiri babat idisə də, batinindən heç xəbərdar­lığım yox idi; və üçüncü də ki, mən tək əlli səkkiz yaşlı bir kişi üçün bu işlərin dəxi heç bir ləzzəti yoxdur.

Məni bərk yuxu basırdı; çünki yolda bərk yorulmuşdum. Bilmi­rəm, o cürət mənə haradan üz verdi ki, durdum getdim, ara qapını ört­düm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirdim halqaya, soyundum və yıxıldım yatdım.

Sabahı günü saat 9-da qızı apardım qoydum darülmüəllimata və saat 11-də Ohanı göndərdim avtomobil kontorundan bir dənə bilet gə­tirdi. Xəyalım Nuxaya getmək və orada bir neçə gün qalmaq idi. Ev sahibləri ilə görüşdüm, salamatlaşdım, mənzil haqqını artıqlığıyca ver­dim və çıxdım küçəyə.

Ohan da çamadanı götürüb yanımca gəlirdi. Oğlanın üzünə diqqət­lə baxdım və anası genə durdu gözümün qabağında və genə qoşa ba- lınc məsələsi başladı məni məşğul etməyə.

Bir on-iyirmi dəqiqədən sonra Ohanla da ayrılacağam; necə ki, nə­nəsi və anası ilə ayrıldım. Və kim bilsin, bir də görüşəcəyik, ya yox. Pəs yarım saatın müddətində mən bu məsələni aça bildim – açmışam, əgər aça bilməsəm, dəxi mənim üçün həmişə tapmaca kimi bir şey olacaq.

Burada bir möcüz oldu. Hikmətə etiqad edənlər mənim yerimə ol­sa idilər, deyəcəkdilər ki, qəlbdən qəlbə həmişə yol var; deyəcəkdilər mənim qəlbimdən erməni uşağı xəbərdar imiş. Belə ki, az qalmışdı kantordan uzaqlaşaq, Ohan utana-utana məndən bir şey soruşdu, dedi:

– Xozeyn o qız ki, şkola bu gün apardınız, sizə “hars”dı, ya sizin qızdı?

Onu oxucularımıza ərz edim ki, mən erməni dilini yaxşı bilirəm. Er­məni dilində “hars” – gəlin deməkdir, yəni zövcə deməkdir. – Dedim:

– Necə ki? – Ohan cavab verdi ki:

Anamla bu gün səhərdən mübahisədəyik; anam deyir: o qız sizə harsdır, amma mən deyirəm: o sizin axçıqındır.

Ohanın bu sözlərini eşitcək mən barmağımı dişlədim və Ohana dedim:

– Məgər mən qocalıqda kişinin elə balaca harsı ola bilər?

Qəribə burasıdır ki, mənim bu sualıma Ohan guya təəccüb elədi və

qısaca cavab verdi:

– Ola bilər.

Mən güldüm. Və erməni uşağı belə dedi:

– Zaqatala müsəlmanları içində, məssəb haqqı, qoca kişilərin sizin qızdan da balaca harsları var.

* * *

Avtomobili minən zaman bilmirəm niyə qəlbim rahatsız oldu. Axşamkı cüt balınc məsələsini yadıma saldım və erməni arvadı gəldi durdu gözümün qabağında. Mənim yatacağımı qoşa balınclı sazlayanda Ohanın anası elə bilirdi və bəlkə indi də elə bilir ki, on üç yaşındakı qız mənim övrətimdir. Və haman yatacağı bizdən ötrü səli­qəyə salırdı ki, orada biz qoşa yataq və qucaqlaşaq. Bilmədim nə elə­yim: bir istədim Ohanı kənara çağıram və anasına sifariş göndərəm; sonra bu fikirdən düşdüm.

Avtomobilin fışqırığı xəyalatımı dağıtdı və Ohana əl verdim, qalx­dım oturdum yerimdə. Genə bir istədim Ohanı çağıram, ona yavaşca­dan deyəm ki, qoca kişinin qızı övrət eləməyi eyibdir, – bu da mümkün olmadı; o səbəbə ki, mən bu xəyalı eləyəndə avtomobil məni Ohandan iyirmi-otuz qədəm uzaqlaşdırmışdı.

Yolu bir xeyli zaman bidamağ getdim.

* * *

Demək, erməni arvadı mənlə qızımı ər-arvad zənn edirmiş; çünki Zaqatala müsəlmanları içində çox belə-belə ər-arvadlar var!

Eyibdir!







(Cəlil Məmmədquluzadə ensiklopediyasından)