Corc Oruell haqqında maraqlı faktlar

Epiloq.az Corc Oruell haqqında maraqlı faktları təqdim edir.

Corc Oruellin əsl adı Erik Artur Bleyer olub.

***

1936-cı ildə İspaniyada baş vermiş Vətəndaş müharibəsində könüllü iştirak edən yazıçı döyüşlərdə ağır yaralanıb. Sonralar bu hadisələri “Kataloniyaya hörmətlə” kitabında əks etdirib.

***

1944-cü ildə Londondakı evinə əl bombası atılıb. Hadisə zamanı ev tamamilə dağılsa da, xoşbəxtlikdən yazıçı və ailəsi burada olmayıb.  Həmçinin hansısa möcüzə nəticəsində Oruellin məşhur “Heyvanıstan” romanının əlyazması da salamat qalıb.

***

Oruellin Muriel adlı keçisi “Heyvanıstan” romanında obraz kimi canlandırılıb.

***

7 xarici dil bilib. 1944-cü ildə qəzetə verdiyi müsahibədə “7 xarici dil bilirəm və onlardan ikisi ölü dillər qrupuna aiddir” deyib.

***

“Soyuq müharibə” ifadəsi Oruellə məxsusdur. Yazıçı bu sözü ilk dəfə 1945-ci ildə yazdığı “Siz və atom bombası” məqaləsində işlədib. Məqalə ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasından sonra yazılıb.

***

Oruell kommunistlərə nifrət edirdi. Bu səbəbdən  1949-cu ildə kommunist olan aktyor, yazıçı və digər sənətçilərin siyahısını hazırlayaraq İngiltərə Təhqiqat Mərkəzində işləyən dostu Selia Pacetə göndərib. Siyahıda Çarli Çaplinin də adı var idi.

***

Yazıçı “1984” romanını tamamlamadan ölə bilərdi. Belə ki, roman yazıldığı dönəmlərdə oğluyla dəniz gəzintisinə çıxan yazıçı suya düşərək boğulmaq təhlükəsi ilə üzləşib. Əsər Oruellin ölümündən 7 ay əvvəl nəşr edilib.

***

Pul qazanmaq üçün yazıçılıqla yanaşı həm də müxtəlif yerlərdə işləyib.  Belə ki, o, müxtəlif vaxtlarda polis, müəllim, kitab satıcısı, naşir və hərbi müxbir kimi çalışıb.

***

Yazıçı 1931-ci ildə bilərəkdən həbsə düşüb. Məqsədi həbsxana həyatını daha yaxından müşahidə etmək olub. Xırda cinayəti törədərkən Ervard Borton adında yoxsul bir balıqçı obrazına girən Oruell bir şüşə viski içərək dava salır. Lakin bu, Oruellin gözlədiyi kimi uzunmüddətli həbs olmadı, o, 48 saatdan sonra sərbəst buraxıldı. Yazıçının “Klink” adlı essesi məhz həmin o iki günlük həbsxana təəssüratlarından bəhs edir.