Dopamin pəhrizi: Silikon vadisinin yeni trendi

 Amerikada aparılan tədqiqatlar insanların həmişəkindən daha çox elektron məlumat istehlak etdiyini göstərir. Bu istehlak beyinin mükafat hissi yaradan hissəsini fəaliyyətə keçirərək vərdiş və asılılıq yaradır. Son dövrlərdə texnologiyanın dünyadakı mərkəzi olan Silikon vadisində  elektron pəhriz tutanların sayı da getdikcə artır.

“Epiloq.az”ın  “Biznes insaydr” saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən Silikon vadisində çalışan çoxsaylı yüksək vəzifəli şəxslər dopamin orucuna başlayıblar. Dopamin beyinin ifraz etdiyi xüsusi təyinatlı bir hormondur. Bu hormon beyinin öyrənmə və yeni xəbərlərə verdiyi reaksiyalara da nəzarət edir.

San-Fransiskoda yaşayan psixiatr Kameron Sipah “dopamin pəhrizi” termininin yaradıcısıdır. Amerikalılar hər gün təqribən 11 saat sosial kommunikasiya vasitələrindən istifadə edirlər. Sipah yemək kimi  texnologiyanın da insanlarda güclü asılılıq yaradan element olduğunu vurğulayır. Qidalanma vərdişlərinin əsasında az-az yeməyi nümunə göstərən Sipah texnologiyadan da birmənalı şəkildə uzaqlaşmağın mümkün olmadığını, amma müəyyən dərəcədə bunu etməyin mümkünlüyünü vurğulayır. İnstaqramda gəzişmək, ya da feysbukda yazıları oxumaq diqqətimizi azaldır və duyğularımızı nəzarət altına almağı çətinləşdirir.

Müntəzəm şəkildə informasiyaya məruz qalmaq insanlarda dopaminə duyulan ehtiyacı azaldır. Buna görə də Sipah gecələrin kompüterləri söndürməyin, həftəsonları elektron vasitələrdən uzaq durmağın və tətilə çıxmağın vacib olduğunu vurğulayır. Sipah tvitterdə gəzişməkdənsə, kitab oxumağı dəfələrlə faydalı olduğunu da qeyd edir.