Dostoyevski Qoqolun “Şinel”indən çıxmayıbmış… TARİXİ YALANLAR

Rus ədəbiyyatının ən məşhur sitatlarından biri, bəlkə də birincisi budur: “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Dostoyevskinin “müəllifi” olduğu bu sitat bəlkə də minlərlə dəfə tirajlanıb, ancaq heç bir zaman sitatın mənbəyi göstərilməyib.

“Voprosı literatura” jurnalında 1968-ci ildə çap olunmuş məqalədə tanınmış mətnşünas S.A.Reyser məşhur sitatın mənbəyinin ədəbiyyat tarixçisi Ejen Melxior de Voque olduğunu göstərir.

Voque 1885-ci ildə Dostoyevski haqqında fransız dilində yazdığı məqalədə vurğulayır:  “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq”, rus yazıçıları belə deyir”. Buradan da aydın şəkildə göründüyü kimi müəllif bu fikri Dostoyevskiyə aid  etmir.

O, 1886-cı ildə yazdığı “Rus romanı” adlı kitabında da yenidən bu fikri təkrarlayaraq yazır: “Rus ədəbiyyatını oxuyanda (xüsusən də son 40 ilin ədəbiyyatını) rus yazıçılarının birinin mənə dediyi fikrin nə qədər dəqiqliyinə bir daha əmin oluram.  “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Dostoyevskinin ilk romanı “Yoxsul insanlar” da “Şinel”in rüşeymindən doğulub”.

Voque başqa yazı və çıxışlarında da bu fikri işlətsə də heç bir zaman Dostoyevskinin müəllifliyini  qeyd etməmişdir. Sonralar çox güman ki, səhv tərcümə ucbatından bu cümlə Dostoyevskinin ayağına yazılmış və əfsanəviləşən aforizmin əsl müəllifi yaddan çıxmışdır.