Dünyanın ən təhlükəli məxluqu: Oxuyan qadın

Reading Woman with Parasol 1921 Henri Matisse 1869-1954 Presented by the Contemporary Art Society 1938 http://www.tate.org.uk/art/work/N04924

“Hamımız Ceyn Ostinin qızlarıyıq!”

Yəqin ki, siz də nə vaxtsa  fikirləşmisiniz ki,  niyə dünyanın bir çox ölkəsində qadınların təhsil səviyyəsi əsrlər boyunca kişilərin təhsilindən daha aşağı olub? Nəyə görə hətta Qərb ölkələrində belə qadınların universitet təhsili almağa başlaması XIX əsrin sonlarına təsadüf edir? Niyə dünyanın  bir çox ucqar yerlərində qız uşaqlarının məktəbə getməsinin hələ də lazımsız olduğunu düşünürlər? Bunun çox sadə səbəbi var: Oxumaq və elm sahibi olmaq çox zaman təhlükə kimi qiymətləndirilib. Məsələn, Amerikanın köləlik tarixinin ən diqqətçəkən qanunlarından  birinə görə kölə sahiblərinin Afrikadan gələn kölələrə oxuyub-yazmaq öyrətməsi qadağan olunmuşdu.

Hər nə qədər bu gün cahillik müsbət keyfiyyət kimi təqdim olunsa da tarix boyunca insanların ancaq təhsil vasitəsilə haqlarını qazandıqlarını görmüşük. Məsələn, köləliyə qarşı ən güclü mübarizə aparanlar oxuyub-yazmaq öyrənəndən sonra məruz qaldıqları zülmü danışmağa başlayan qaradərililər oldu. XVIII əsrin ikinci yarısından etibarən qadınların oxumaq hüququ üçün apardıqları mübarizə müasir dövrün bərabər hüquqlu təhsil sisteminin önünü açdı. Qadınların təhsil hüququnu müdafiə edən ən önəmli insanlardan biri isə Meri Volstounkraftdır. 1759-1797-ci illər arasında yaşamış (yəni Ceyn Ostin 22 yaşında ikən vəfat edən) qadın filosof eyni zamanda “Frankenşteyn”in müəllifi Meri Şellinin də anası idi. Fransız inqilabından təsirlənən Volstounkraft bu inqilabın filosof və siyasətçilərinin yazılarındakı böyük çatışmazlığın fərqinə vardı. Məgər bəyəfəndilər müstəqillik, bərabərlik, qardaşlıq dediklərində sadəcə kişiləri nəzərdə tuturmuşlar. Bəli, bütün bu hüquqların kişilərə verilməsini istəyənlər, eyni zamanda  qadınların “ev təhsili” ilə kifayətlənməsini və rasional təhsil almalarının lazımsız olduğunu müdafiə edirdilər. Bu cür ikili standarta razılaşmayacaq qədər intellektual və savadlı olan Volstounkraft buna qarşılıq olaraq ilk feminist mətnlərdən biri kimi qəbul edilən “Qadın Hüquqlarının Müdafiəsi” adlı kitabını yazdı. Kitabın əsas arqumenti isə qadınların da ən az kişilər qədər rasional təhsil almağa ehtiyacının olması idi.

Deməli, Ceyn Ostinin zamanında, yəni XVIII və XIX əsrlərdə romanların daha çox qadınlar tərəfindən oxunması təsadüf deyil. Çünki bəhs etdiyimiz kimi həmin zamanda qadının iş-gücü hələ inkişaf etməkdə olan sənayenin bir hissəsinə çevrilməmişdi. Hətta işləmək məcburiyyətində olan qadınlar da aid olduqları  işçi sinfini ya da alt təbəqəni ifşa etdikləri üçün onlara cəmiyyətin və kişilərin münasibəti elə də müsbət deyildi. Qadın zərif olmalı, əlləri soyuqdan çatlamamalı idi. Vaxtını daha çox evdə keçirən qadınlar üçünsə kitab oxumaq ən önəmli məşğuliyyət növü idi. Şarlotte Bröntenin klassik əsəri olan “Ceyn Eyr” də bir mütaliə səhnəsi ilə açılır. Yağış yağdığına görə evdən çıxıb gəzintiyə gedə bilməyən bəxtsiz Ceyn tam da kitabını oxuduğu zaman qohumu gəlir və onu narahat etməyə başlayır. Ceyn isə sahib olduğu yeganə zövqün əlindən alınmasına qarşı səssiz qalmır və ona belə deyir: “Qatil kimisən, kölə sahibi kimisən, Romalı imperatorlar kimisən!”  Siz siz olun, oxuyan bir qadını heç vaxt narahat etməyin! Yəni, Ostinin, demək olar ki, bütün qəhrəmanlarının kitab qurdu olmaları təsadüf deyil.

Həmçinin, sinif fərqi səbəbindən təhsillərinin aşağı səviyyədə olduqlarını bilən Ceyn Ostin qəhrəmanlarının çoxu bu boşluğu oxumaqla doldurmağa çalışırdılar. Bu oxuma prosesi nəticəsində həm yaşadıqları cəmiyyəti, ətraflarını, həm də öz arzu və istəklərini daha yaxşı anlayırdılar. Məsələn, digər bacıları ilə müqayisədə  Elizabet (“Qürur və Qərəz” romanının baş qəhrəmanı – C.S.) pianoda ifa etmir və ya rəsm çəkmirdi, lakin kitab oxumaq onun xüsusi əhəmiyyət verdiyi məşğuliyyətlər arasında idi. “Mansfild Park”ın Fannisi də oxumaqla daim məruz qaldığı təbəqə fərqini cüzi də olsa azalda bilirdi. Bəs 12 yaşında daha çox oxumağa qərar verib, özü üçün kitab siyahıları hazırlayan Emma Vudhausa (“Emma” romanının qəhrəmanı– C.S.) nə demək olar? Maraqlısı odur ki, bəzən əlifba sırasıyla, bəzən isə müxtəlif kateqoriyalara görə düzəltdiyi siyahılar olduğu kimi də qalır. Cənab Naytliyə görə Emma əmək və qavrayışla bağlı heç bir işə girişmir. Emmanın yetkinləşməsi üzərində cərəyan edən romanda Ostinin bu mütaliə vurğusu oxumağın insan xarakterinin formalaşmasındakı əhəmiyyətinə işarədir.

“Persuasion” (“İnam”) əsərinin qəhrəmanı iyirmi yeddi yaşlı Anna isə Ostinin ən yaşlı qadın obrazıdır. Buna görə də ona Ostinin ən intizamlı və intellektual qəhrəmanı deyə bilərik. O cəmiyyətdəki qadın və kişi bərabərsizliyini yenə kitablar vasitəsilə dəyərləndirərək onların çoxunun müəllifinin kişi olduğunu, bu səbəbdən də dünyanın əsasən kişilər tərəfindən idarə edildiyini önə sürür. “Qələm indiyə qədər həmişə kişilərin əlində olub” deyən Annaya bu səbəbdən  kişilərin yazdığı kitablar heç nəyi sübut edə bilməz. Ostinin ürəyinin səsini ifadə edən ən konkret obraz olan Anna üçün həqiqətən də təkmilləşmiş, hətta öz sərhədlərini belə aşmış biri demək olar.

Demək ki, oxuyan və oxumaqla birlikdə sual verən, xəyal edən və ürəyini boşaldaraq yazan qadınlar hər zaman aləmi bir-birinə qatırdı və qatmağa da davam edəcəklər. Bu səbəbdən İngiltərədə romanın bir janr olaraq meydana gəlməsində və aləmi qarışdırmasında ən önəmli rol evdə vaxtını kitab oxumaqla keçirən kitab qurdu qadınlara aiddir deyə bilərik. Ceyn Ostin də sözün əsl mənasında kitab qurdu idi. Bu gün yaşasa “İnstagram”da son oxuduğu kitabın yanına Earl Grey çayı və piroqunu qoyub bizə şirin və göstərişli paylaşımını təqdim edərdi. Əlbəttə ki, bu səmimi paylaşımlara baxmaqdan biz də doymuruq, hətta bunun sayəsində başqa kitab qurdlarıyla da dost oluruq. Çünki kitab oxumağın utanılacaq bir şey olması ağlımızın ucundan da keçmir. (Təbii ki, “Qrinin Əlli Tonu”nu Qaragömrük-Fatih ya da Beşiktaş-Rumelihisarüstü xətlərində oxumağa çalışırsınızsa, fərqli səbəblərdən utana bilərsiniz. Ən yaxşısı, siz də bəzi ingilis qadınları kimi kitabınızı üzləyin ya da üstünə “Strateji dərinlik” kimi üz qabığı yapışdırın!) Halbuki Ceyn Ostinin zamanında kitab oxumaq çox vaxt qadına yaraşdırılmayan bir fəaliyyət kimi qəbul olunurdu. Həmçinin, qadınların ciddi kitablar oxuyacaqlarına ehtimal verilmirdi. İxtisas və ya fəlsəfəylə bağlı kitablar ancaq rasional, təhsilli kişilər üçün yazılmışdı. Buna baxmayaraq, qadınlar hətta “yüngül” kitablar oxuduqları zaman da gülüş obyektinə çevrilirdilər. Romanlardan asanlıqla təsirlənən, ürəyi gedən və beyni ciddi mövzuları qavramayan qadın simvolu həmin mərhələyə öz damğasını vurmuşdu. Qadınların hissləriylə, kişilərin isə əlbəttə ki, ağıllarıyla oxuduqlarına inanılırdı.

Bu baxımdan Robert Aphaus “Jane Austen and Female Reading” (“Ceyn Ostin və qadın oxucular”) adlı məqaləsində maraqlı detallara yer verir. Məsələn, Ceyn Ostinin Kasandraya (bacısı – C.S) yazdığı 30 avqust 1805 tarixli məktubunda bacısının Qisbornu (Thomas Gisborne, ingilis şairi – C.S) oxumağa başladığına sevindiyini və özünə də tövsiyə etdiyi üçün təşəkkürünü çatdırdığını, lakin özünün oxumamağa qərarlı olduğunu bildirir. Burada adı keçən adam Tomas Qisborndur və böyük ehtimalla kitabın adı da “An Enquiry into the duties of the female sex”dir. (“Qadın cinsinin vəzifələri haqqında araşdırmalar”, 1797) Sağolsun, Qisborn kitabında bir çox vəzifəyə əlavə olaraq qadınları kitab oxumaq mövzusunda da istiqamətləndirir. “Zamanı dəyərləndirmək” adlı bölümdə qadınlara, evlilik və ya subaylıqdan asılı olmayaraq oxu vərdişlərini inkişaf etdirmək üçün oxu müddətini hər gün yavaş-yavaş artırmaqlarını məsləhət görür. Doğrudan da, bu inanılmaz məsləhət üçün ona təşəkkür etməyi özümüzə borc bilir, bundan sonra kitab oxumağa başlamazdan öncə xronometrimizi qurmağı unutmayacağımıza söz veririk! Amma bir dəqiqə! Qisborn oxunacaq kitabların siyasına romanları aid etmir, ona görə roman və romans eynidir. Çünki roman oxuyan qadınların zehni özünü inkişaf etdirmək yerinə əksinə geriləməyə məhkumdur. Ancaq tüklərimizi tikan-tikan edən məqam Qisbornun qadınları yazıçı olaraq deyil, sadəcə oxucu olaraq dəyənləndirdiyi üçün özünü onlara mütaliə mövzusunda məsləhət verə biləcək statusda görməsidir. Ona görə qadınlar kitabları ancaq oxuya bilərlər, yaza bilməzlər. Və oxuyarkən də köməyə ehtiyacları vardır. Ancaq bu məqalənin müəllifi Aphausa görə  Ceyn özünü saxlaya bilməyib, Qisbornun kitabını oxumuşdur. Çünki yuxarıda bəhs etdiyimiz kimi Ceyn əsərlərində həm müəlliflə oxucu arasındakı çəkişməni, həm də növlər arasındakı iyerarxiyanı təmsil edir. Məsələn, “Qürur və Qərəz”də  cənab Kollinsdən bir romanı səsli oxuması xahiş olunur. Ancaq Kollins heç vaxt roman oxumadığını etiraf edir. Həmin dövrlərdə qadınların oxuduğu janr kimi romana yuxarıdan aşağı baxılırdı və digər janrlar arasında, eləcə də qadın və kişilər arasında iyerarxiya var idi. Roman oxuyanlar qadın, teorik kitab oxuyanlar kişi, kitab yazanlar kişi, oxuyanlar isə heç şübhəsiz ki, qadınlar idilər.

Digər tərəfdən dövrün həkimləri də qadın orqanizminin çox roman oxumağa davam gətirə bilməyəcəyi qənaətində idilər.  Həm də roman oxumağa başlayan qadın ev işlərini unudub, vaxtını boşa sərf edə bilərdi. Eləcə də qadınların obrazlarla özünü eyniləşdirmə xəstəliyindən əziyyət çəkdiklərinə inanılırdı. Yəni, eşq romanı oxuyan qadın bir anda özünü əsas qəhrəmanın yerinə qoyub reallıqla bağını qopara bilərdi. Birdən-birə yaşadığı adi həyat fırtınalı sevgilərin yanında darıxdırıcı qaldığı zaman qadın üsyan etməzdimi? Məşhur fransız yazıçısı Qustav Floberin 1856-cı ildə nəşr olunan “Madam Bovari” romanı da məhz bundan bəhs edir. Oxuduğu romanlardakı dəlisov aşiqlərlə öz darıxıdırıcı əri arasında müqayisələr aparan  Emma Bovari sonda ona xəyanət edir, həm özünü, həm də ailəsini faciəyə sürükləyir.Tutaq ki, sevgi romanlarını keçdik, bəs qadın cinayət romanlarını oxuyub qatillə eyniləşmək istəsə? Və ya Qiliyan Flayın “İtkin qız”ından ilhamlanan qadınlar ərlərinin başına oyun açmağa başlasalar? Bu bir mübaliğə xarakteri daşısa da, XVIII əsrin sonunda həm yazar, həm həkim  olan Con Harvey Kelloq (ki biz onu qarğıdalı lopasını kəşf edən adam kimi tanıyırıq) oxumağı gənc qadının  qurşana biləcəyi ən pis vərdişlərdən biri olaraq qiymətləndirir. Ona görə bu vərdiş içki və ya xaş-xaş kimi asılılıq yaradırdı.

1797-ci ildə çap olunan “Roman oxumaq qadın əxlaqsızlığının səbəblərindən biri” adlı digər məqalədə adını gizli saxlayan müəllif qadınların roman oxuduqları üçün əxlaqsızlaşmağa başladığını və ailələrini məyus etdiklərini öz gözləriylə gördüyünü yazırdı: “İki ailənin qızlarının əxlaqsızlarının qurbanı olduğunu gördüm. Başqa qohumlarının da dincliyi pozuldu və bir daha bu dünyada rahatlıq tapa bilməyəcəklər.  Roman oxumaq bütün bunların səbəbidirmi deyə soruşsanız “bəli” cavabını verərəm!”. Bu “elmi” görüşü oxuduqdan sonra insan özünü, “görəsən, qadın əxlaqsızlığının digər səbələri nədir?” sualının cavabı ilə maraqlanmaqdan saxlaya bilmir. Yaxşı ki, XIX əsrə doğru roman oxumaqla bağlı düşüncələr az da olsa dəyişdi. Romanların insanları maarifləndirə biləcəyi də müdafiə olundu. Viktorian mərhələsində kişilər kimi ciddiyə alınmaq üçün Corc Eliot adıyla yazan Meri Ann Evans (1819-1880) insanların “təqlidçi varlıqlar” olduğunu və zehnimizə daxil olan fikirlərdən təsirlənməməyin mümkünsüzlüyünü söyləmişdi. Yəni, romanlar insanı təsir altına salmaq və maarifləndirmək üçün də istifadə oluna bilərdi. Onsuz da XIX əsrin ortalarında İngiltərədə ən çox oxunan roman da Amerikan yazıçı Harriyet Biçer Stounun köləliyə qarşı olan “Tom dayının koması” əsəri idi. Daha sonralar bu romanın  ağ insanları duyğu selinə boğaraq köləliyə qarşı hərəkətə keçirdiyi düşünüləcəkdi.

Türk dilində “oxumaq” kəlməsinin fərqli mənaları ifadə etməsi təsadüfi deyil. Türk Dil Qurumuna görə oxumaq “Bir yazını meydana gətirən hərf və işarələrə baxıb onları səsləndirmək və ya fikri anlamaq” və “Bir mövzunu öyrənmək üçün məktəbdə müəllimin yanında və ya yazılı şeylər üzərində işləmək” mənasına gəlir. (Bir də mahnı oxumaq mənası var ki, o mövzunu da mütəxəssilərin öhdəsinə buraxırıq)  Birinci  mənasında oxumağın ikinci məna üçün əsas şərt olduğu açıq-aydın ortadadır. Bir anlıq geriyə dönün: Hərf dediyimiz qəribə işarələri bir yerə gətirib kağızın üzərində yazılan cümləni anladığımızda aldığımız zövqü xatırladınızmı?  Və ya oxuma maneələrini aşıb “Xanım Dallovey çiçəkləri özünün alacağını söylədi” kimi cümlələri oxuduğunuzu düşünün. Bax, o zaman mütaliə ehtirası başlayır! Bu elə bir ehtirasdır ki, ona görə bəzən gözlədiyiniz romanın yayımlanacağı gün kitab mağazasının qarşısında saatlarla növbəyə durmalı olursunuz.

Oxumaq xatirinə roman oxumaq deyildiyi zaman mızıldandığınızı eşidirəm.  Əlbəttə, əyləndirərkən düşündürən roman oxumaq məcburiyətində deyilsiniz. Eləcə də nə oxuduğunuz barədə kiməsə hesabat vermək məcburiyyətində də deyilsiniz. Məsələn, “Nothenger Abbatlığı”nın qəhrəmanı Katrin Morland ağlını qotik romanlarla itirmiş biridir. O zamanların bestsellerləri arasında olan bu qotik və sensasion romanlarda qəhrəmanların başına qeyri-adi, fövqəltəbii hadisələr gəlir. Şeytani və qaranlıq qüvvələr oğurluqdan tutmuş cinayətə qədər hər cür bəlaya səbəb olur. Gənc Katrin  o qədər bu romanaların təsiri altındadır ki, aşiq olduğu Henri Tilney və ailəsinin yanında qaldığı zaman beynində qotik bir ssenari qurur və buna inanmağa başlayır. Henri başını bu cür qəribə fikirlərlə dolduran gənc qıza daha ciddi şeylər oxumağı məsləhət görür. Lakin Katrinin tarix kimi əsərləri oxumamasının səbəbi var: Papaların və kralların çəkişmələri, müharibə və vəbalar, hər səhifədə fərasətsiz kişilər və qadın qəhrəmanların sayının az olması çox darıxdırıcıdır. İndi isə əlinizi vicdanınıza qoyub etiraf edin: 13 illik təhsil müddəti boyunca oxumağınıza baxmayaraq ağlınızda heç cür yer etməyən Osmanlı tarixinə diqqətinizi çəkən Hürrəm və Kösəm Sultan olmadımı? (“Möhtəşəm Yüzil” serialı nəzərdə tutulur –S.C)

Henri, gənc bir qadını mütaliə mövzusunda maarifləndirən yeganə Ceyn Ostin qəhrəmanı deyil. “Mansfild Park”da  Edmundun da romanın əsas qəhrəmanı Fanninin zehninin formalaşdırmasında payı var. Üstəlik, onları bir-birlərinə yaxınlaşdıran da əxlaqlı və səviyyəli mütaliə zövqləridir. Bir çox tənqidçiyə görə, həddindən artıq didaktik və darıxdırıcı olan bu əsər bir yandan da qadınların oxuyaraq təhsil alması və sosiallaşmasının əhəmiyyətindən bəhs edir. Bertram ailəsinin yoxsul uzaq qohumu olan Fanni oxuyub özünü inkişaf etdirərək ailənin oğlu Edmunda layiq mərtəbəyə çata bilir.  1970lərin əvvəlində Feminizm hərakatına “Cinsi Siyasət” əsəriylə damğasını vuran Keyt Millet qadınların kişilərin oxuduğu kimi oxumağa məcbur edildiklərini və qadın kimi oxumaqlarını öyrənmələrinin gərəkli olduğunu deyirdi. Əgər hər oxuyan qadının başı üstündə Henri və ya Edmund kimi bir kişi dayanacaq və nəyi necə oxumaq lazım olduğunu söyləyəcəksə, o zaman qadınların da bu vəziyyətə var gücləri ilə qarşı çıxmaları lazımdır…

Özgür Çiçek və Irmak Ertuna Hovison tərəfindən Ceyn Ostinin 200-cü ildönümü münasibətilə yazılmış “Adab-ı Muaşeret” adlı kitabından.

Türkcədən uyğunlaşdıran: Cahan Seyidzadə