El Salvador şairinin şeirləri

Fatima Estela Benitez Dimas 1991-ci ilin 25 aprelində El Salvadorun paytaxtı San Salvador şəhərində anadan olub;

15 yaşından sərbəst vəzndə şeirlər yazır;

“Könül şeirləri” (“Poemas del alma”) ədəbiyyat bloqunun (https://www.poemas-del-alma.com/blog/comunidad) baş redaktorudur;

Facebook sosial şəbəkəsində məşhur “Ədəbiyyat və poeziya” (“Literatura y poesía”) (https://www.facebook.com/literaturaypoesiaa/) səhifəsinin redaktorudur.

Bu qədər yaxın, bu qədər uzaq…

Səni sevdiyim qədər –

                         nifrətim də var sənə,

Unutmağa məcburam səni –

                         andığım qədər…

Sən nəfəsimsən –

                        mənə yasaq edilmiş nəfəs,

Həm ürəkdən sevdiyim,

həm də nifrət etdiyim

                         varlığım, yoxluğumsan…

Məni tərk etməyin asan,

                      yanımda qalmağın çətin,

Dodaqların bunca yaxın,

                      amma toxunmağım çətin –

başdan-başa, büsbütün

sənin dünyana bürünüb,

                      özümü itirmişəm…

Sənə olan sevgim qədər

                           utanıram özümdən,

Sənə inandığım qədər

                           şübhəliyəm, nigaranam özümdən.

Kor olmuş gözlərimdə

                            ümid nə qədər desən,

Çaşqın ömrün izləri 

xatirələrlə dolu,

Və nə qədər anlar var

            indiyəcən itirilmiş dəqiqələrdə…

Həyatda nə qədər gülüş,

                         nə qədər göz yaşı varsa,

Xəyalımda sənə qarşı

                         o qədər də hisslərim var…

Dünyaya göz açmamış…

Ruhumun

dərin nöqtələrinə toxunmaq üçün

göylərin zirvəsinə qalxdım

və hər yanda özümü axtardım.

Amma

daha çox itirdim axtaran zaman…

Qaranlıqda belə

kölgəmin dalınca düşdüm,

sükuta daldım özümü dinləmədən,

soyuqdan titrədim

yayın istisində də…

Küçələri gəzib-dolaşdım

ayaqlarımı yerə basmadan,

Üzümdəki təbəssümlə

o ki var ağladım ara vermədən…

Dünyaya göz açmamış

tərk etməli oldum dünyanı…

Uşaqlığımı yaşamadan böyüdüm

və şeir yazmalı oldum

oxumağı öyrənmədən…

Uşaq qəlbli qadın

Yetkin qadın rolu oynayan

məsum bir qızcığaz kimisən gözümdə.

Bilirəm…

qanadlarını lap uşaqlıqdan kəsdilər,

Bilirəm….

məsumluğunu ayğır kişilərə satdılar…

Ruhunun zərrələrini

necə yığıb-topladığını görürəm,

Səni özgələrə bu qədər həzz verən

göydən düşmüş ulduz kimi görürəm…

Səni uzaqdan

bu zülmət qaranlığın ortasında

son dərəcə parlaq görürəm;

Həyatın zərbələri altında

məsum qızcığazın itirilmiş ruhu ilə

bənzərsiz bir qadın kimi görürəm.

İspan dilindən tərcümə edən:

Aysel Əliyeva