Ernest Heminqueydən yazmağın 10 qaydası

Epiloq.az Ernest Heminqueyin yazmaqla bağlı məsləhətlərini təqdim edir.



1. Bir hekayə üzərində işləyərkən adətən  günəş çıxanda yazmağa başlayıram. Əgər yazmaq istəyirəmsə, mənə heç kim mane ola bilməz. Havanın isti və ya soyuq olması əhəmiyyətli deyil. İşimə fokuslanır və şövqlə yazmağa davam edirəm. Adətən gələcək səhifələrdə nə olacağını bildiyim zaman yazmağı dayandırıram. Və növbəti günə qədər yaşamağa çalışıram.


2. Əgər yazmağa səhər altıda başlamısınızsa, günortaya qədər davam edə bilərsiniz. Çünki yazmağı tez bitirsəniz boş qalan vaxtınızı keçirməkdə çətinlik çəkə bilərsiniz. Və növbəti günə qədər istənilən məşğuliyyət sizə mənasız gələ bilər.

3. Yazıya qısa cümlələrlə başlayın. Diliniz dinamik olsun.

4. Hər zaman pozitiv ol, neqativ olma!

5. Diliniz yaşadığınız zamana aid olmalıdır, yoxsa bir mənası qalmaz.

6. “Böyük”, “möhtəşəm”, “inanılmaz”, “fövqəladə” kimi sifətlərdən az istifadə etməyə çalışın.

7. Yazmaq istəyəndə mən ilk yazmağa başladığım otel otağındakı yalnızlığımı xatırlayıram. Sən də hər kəsə bir oteldə qaldığını de, amma başqa oteldə qal. Harda qaldığını bilsələr təbiətə köç. Oranı da tapsalar həmişə qaça biləcəyin bir yerin olsun. Bütün gün işlə, sonra nəsə ye, tennis oyna ya da heç nə eləmə. Ancaq yorula biləcəyin bir işlə məşğul ol və növbəti gün yenidən yazmağa başla.

8. Yazıçılar tək işləməlidirlər. Ancaq əsərləri bitdiyi zaman gözə görünə bilərlər. Yoxsa Nyu-Yorklu yazıçılara çevrilərlər. Onlar bir şüşənin içində yaşayan soxulcanlar kimi bir-biriləri ilə və şüşə ilə olan münasibətlərindən qidalanmağa çalışırlar. Həmin şüşə bəzən estetik, bəzən iqtisadi, bəzənsə dini formada olur. Bir dəfə o şüşənin içinə düşdülərsə, həmişə orada qalırlar. Özlərini həmin şüşədən kənarda tək hiss edirlər.  

9. Bəzən yazmaqda çətinlik çəkdiyim zaman ehtiyac duyduğum cəsarəti tapmaq üçün öz kitablarımı oxuyuram. Həmin kitabları yazmağın da mənə nə vaxtsa çətin hətta bəzən imkansız göründüyünü xatırlayıram.

10. Yaxşı  yazıçı gördüyünü təsvir etməkdən qaçmalıdır. Bunun üçün o öz fantaziyasından istifadə etməli, təsvirdən qaçmalı və hekayəni özü qurmalıdır.