“Gələcəyin Kitabxanası” – Ədəbi Zaman Kapsulu

Bir kitabxana xəyal edin ki, içindəki kitabları yalnız 100 il sonra oxumaq mümkün olacaq. Norveçin “Framtidsbiblioteket” yəni, “Gələcəyin kitabxanası” adlanan layihəsinə görə 2014-2114-cü illər arasında müxtəlif müəlliflərdən 100 əsər qəbul ediləcək. Həmin əsərlər bir kapsulda saxlanılacaq və yalnız 100 ildən sonra – 2114-cü ildə antologiya şəklində çap olunacaq.   Beləcə 100 ildir gizli saxlanılan əsərlər oxucuları ilə görüşəcək. Layihənin rəsmi internet səhifəsi “The future library project” adlanır. Layihənin ideya rəhbəri isə isveçli sənətçi Keyt Petersondur. Peterson kosmosa göndərdiyi meteroid heykəli ilə məşhurlaşıb. Bu heykəl yerin ətrafında fırlanan ilk sənət əsəridir. Peterson hər zaman kosmik mövzulara marağı ilə tanınır.

Layihədə iştirak edən müəlliflər arasında türk yazıçısı Əlif Şəfəq də var. Onun 2018-ci ildə qələmə aldığı “The Last Taboo” (“Son Tabu”) əsərini 2114-cü ildə oxumaq mümkün olacaq. O vaxta qədər əsərin nədən bəhs etdiyini heç kim bilməyəcək. 

2014-cü ildə “Damazlıq qızın hekayəsi” romanı ilə məşhurlaşan Marqaret Etvud  da “Uğursuz yazarlar ayı” əsəri ilə layihədə iştrak edir.

Layihənin rəsmi internet saytında verilən məlumata görə burada müxtəlif xalqlardan və müxtəlif yaşlardan olan yazıçılar iştirak edə bilərlər.  Əsərlərin qəbulu üçün qoyulan digər şərtlərdən biri isə “zaman” və “xəyal gücü” məfhumlarının ön planda olmasıdır.

Kifayət qədər müsbət rəy almasına baxmayaraq, layihəyə tənqidi yanaşanlar da az deyil. Bəzi insanlar düşünür ki, 100 il sonra bu kitabı çap edəcək qədər ağac tapılmayacaq və ya qlobal fəlakətlər nəticəsində məhv olmuş planetimizdə həmin kitabları oxuyacaq insan qalmayacaq. Lakin ümid etmək olar ki, Petersonun bu ədəbi zaman kapsulu dünyamız məhv olsa belə 100 il sonra yeri ziyarət edən yadplanetli arxeoloqlar tərəfindən tapılacaqdır. Və eynilə bizim Misir heroqliflərini və ya Orxon-Yenisey abidələrini oxumağa çalışdığımız kimi “Gələcəyin kitabxanası”ndakı kitabları deşifrə edəcəklər.

Cahan Seyidzadə