Gümrah Ömər: “Vaqif İbrahimoğlu ölməyib” – MÜSAHİBƏ

Epiloq.az Azərbaycan Dövlət “Yuğ” Teatrının rejissoru Gümrah Ömərlə müsahibəni təqdim edir.

  • Baş rejissor olmaq daha yaxşıdır, yoxsa sadəcə rejissor?
  • – Ümumiyyətlə, rejissor olmaq yaxşıdır.  Baş rejissor olmaq əlavə bir yük, məsuliyyətdir. Sən təkcə özünü yox, bütöv bir kollektivi düşünürsən. Məcbursan ki, bir sıra izafi məsələlərlə də maraqlanasan. Lakin yaradıcı adam üçün ən önəmlisi yaradıcılıqdır. Bu baxımdan düşünürəm ki, rejissor olmaq daha çox sərbəstlik, rahatlıq deməkdir. Baş rejissorluq isə vəzifədir.
  • Hələ də baş rejissor vəzifəsindən istefanızla bağlı açıqlama verməmisiniz. Səbəb nə idi?
  • – Elə bilirəm artıq bu barədə danışmağın önəmi yoxdur. Çünki həmin dövr və şərait onu tələb edirdi. O qərar verilməli idi. Ona görə də artıq geriyə qayıdıb səbəb axtarmaq istəmirəm.
  • Ümumiyyətlə teatrlarda direktorluq sisteminin tətbiqinə necə baxırsınız?
  •  – Mənə elə gəlir ki, direktor, baş rejisor və. s bu kimi vəzifələr teatr üçün ən sonuncu məsələlərdir. Çünki yaradıcı insanların azadlığı mütləq təmin olunmalıdır. Bu çox önəmlidir.  Yaradıcı insan özünü sənətkar hesab edirsə, necə ki bir rəssam, bəstəkar, şair heç bir basqı və ya nəzarət olmadan öz təşəbbüsü ilə yaradıcılıqla məşğul olursa, rejissor da bu baxımdan azad olmalıdır. Rejissor da öz subyektiv aktını müstəqil şəkildə cəmiyyətə təqdim etməlidir. Bu mənada mən düşünürəm ki, yaxşı və məhsuldar direktor və ya baş rejissor məhz bu məqamı, bu keyfiyyəti mütləq nəzərə almalıdır. Kimlər ki bu məqamı nəzərə ala bilir, həmin şəxslər yaradıcı adamlar tərəfindən sayğıyla, rəğbətlə qarşılanır. O ki, qaldı onların idarəçilik modelinə, bu birində uğurlu, digərində uğursuz ola bilər. Mənimçün rəhbərin sənətkara verdiyi önəm dəyərlidir. Bu bütövlükdə bizim dövlət siyasətimizə də çevrilmiş olsa, düşünürəm ki, bizim üçün çox faydalı, səmərəli bir mühit yaranar. Bizim xalqımız istedadlı xalqdır. Kifayət qədər bənzərsiz, parlaq düşüncəsi olan rejissorlarımız, istedadlı aktyorlarımız var. Buna görə də düşüncə və normativlər yaradıcılığı idarə etməməlidir. Sərbəst yaradıcılıq üçün bir formul tapılsa, o zaman bizim kino və teatr sahəmizin inkişafına təkan olar. Təbii ki, burada sərbəstlik, azadlıq deyəndə özbaşınalığı nəzərdə tutmuram. Söhbət sənətkarın dünyaya necə baxmağından, daxilindəki və ətrafındakı çətinliklərə münasibətindən gedir. Məsələn, biz bilmirik ki, Füzulini “Leyli və Məcnun”u yazmağa vadar edən əsl səbəb nə idi? Amma bu baş verib və belə bir möhtəşəm əsər ərsəyə gəlibsə, biz ehtimal edə bilərik ki, Füzulinin çox şəxsi bir səbəbi var imiş ki, bu əsərə ruhunu, təcrübəsini, dünyagörüşünü qoya bilib.
  • Vaqif İbrahimoğlunun ölümündən 10 il keçir. Onu necə xatırlayırsınız?
  •  – Vaqif İbrahimoğlunu mən hər gün xatırlayıram. Hər söhbətimdə, hər addımımda o mənimlədir. Mənim üçün Vaqif İbrahimoğlu ölməyib. Ən çətin zamanlarda onun düşüncəsi, məsələlərə münasibəti ilə hesablaşıram. Biz onun dostları, tələbələri kimi bütün məsələlərdə “o necə baxardı, o necə edərdi” deyə düşünürük. Bu meyar bu gün də bizim üçün var.  Və onun bizdən hər zaman tələb etdiyi sərbəst düşünmək, ləyaqətli, əqidəli olmaq, peşəmizlə vicdanla  məşğul olmaq tələblərinə hələ də sadiq qalmışıq, qalmağa çalışırıq. Biz Vaqif İbrahimoğlunu hər yetirməsində, hər tələbəsində və onların cəmiyyətə, işinə, yaradıcılığa münasibətində görürük. O, bizim üçün böyük bir sərvət idi.  Biz xoşbəxt insanlarıq ki, onunla uzun illər bir yerdə olmuşuq.
  • Pandemiyanın teatrımızı tamamilə iflic elədiyi fikrinə necə yanaşırsınız? Sizcə, belə bir vəziyyətdə teatrlar fəaliyyət göstərməlidirmi?
  •  – Teatrlar istənilən şəraitdə, istənilən formada fəaliyyət göstərməlidir. Bu sənət insan yaranan vaxtdan mövcuddur. Yəni, oynamaq qabiliyyəti, bədii şəkildə başqasına təsir göstərmək bacarığı insanda milyon il əvvəl də olub.  Sadəcə bu gün gerçəklik tələb edir ki, insanlar bir yerə yığışmasın, sosial məsafə qorunsun. Təbii ki, bütün bunlar insanların sağlamlığı üçündür, yəni qərəzli heç nə yoxdur.  Amma biz istənilən formada teatrın fəaliyyətinin məhdudlaşdırılmasını yaxşı qarşılamırıq. Çünki cəmiyyətin güzgüsü olan teatr sənətini heç zaman məhdud vəziyyətə salmamalıyıq.
  • Sizcə, bu gün “Yuğ” teatrı varmı? Bu teatrın əsasını qoyan Vaqif İbrahimoğlu vəfat edib. Bəs sizcə, bu estetika yaradıcı şəkildə mövcuddurmu?
  •  – Yuğ teatrı hər zaman mövcud olacaq.  Vaqif İbrahimoğlunun  təlim-tərbiyə verdiyi sonuncu insan Yuğda olana qədər o teatr da var olacaqdır. İkinci bir tərəfdən Yuğ düşüncəsini yalnız bir teatrla məhdudlaşdırmaq olmaz. Çünki bu bizim mədəniyyətə Allahın bir lütfü idi ki, belə bir insan gəldi, belə bir düşüncəni irəli sürdü.  Belə bir teatr modelini cəmiyyətə təqdim etdi. Və bu gün cəmiyyətdə Yuğ teatrına qarşı hər hansı mənfi bir fikir yoxdur. Deməli artıq hər kəs bu teatrı öz doğması kimi qəbul edib. Bu Azərbaycan gerçəkliyinin bir faktıdır. Buna görə də bu gün eyni estetika Qazaxda da, Lənkəranda da yarana bilər. İnsanlar ənənələri yaşatmağa meyillidirlər. Lakin zamanla hər kəs hər şeyə alışır. Bu cür yeniliklər zamanın tələbidir və qaçınılmazdır.
  • Onda bəs sizcə, bu günün tələbi, bu günün teatrı necə olmalıdır?
  • – Yaradıcı insanlar öz yaradıcılıq nümunələrini hansı formada təqdim edəcəksə, elə də olacaq. Bu günün poeziyası, romanı necə olmalıdırsa, teatrı da o cür olmalıdır. Bunu müəyyənləşdirən isə sənətkar və onun dünyaya baxışıdır.
This image has an empty alt attribute; its file name is IMG_1766-1024x683.jpg
  • Gənc rejisorların fəaliyyətini necə qiymətləndirirsiniz, aralarında gələcəyinə ümidli olduğunuz biri varmı?
  •  – Gənclərin rejissor sənəti ilə məşğul olması mənə hər zaman maraqlı gəlib. Onların fəaliyyətini  imkanım və zamanım daxilində hər zaman izləyirəm. İstər Vaqif müəllimin tələbələri olsun, istər digər həmkarlarımız olsun, çalışıram ki, hər zaman tamaşalarına, filmlərinə gedim. Təbii ki, biz onlardan da nələrsə öyrənirik. Əslində, bizim üzdə görünməsə də daxildə qaynar bir mühitimiz var. İstedadlı insanlarımız var. O insanların üzə çıxması üçün isə zaman lazımdır. Əsas odur ki, istedadlı gənclərimiz var.  Həmin gəncləri bizim kimi düşünməyə məcbur etməməliyik,  şərait yaratmalıyıq ki, özlərini kəşf etsinlər,  səhvlərindən nəticə çıxarsınlar.  Çünki yaradıcılıqda səhv deyilən şey yoxdur. Hər bir yaradıcı insanın səhv etmək haqqı var. O öz səhvini yaradıcılıq məhsuluna çevirməlidir.
  • Bir gün düşünsəniz ki, artıq ən yaxşı tamaşanızı səhnələşdirmisiz, yəni məqsədinizə çatmısınız, rejissorluqdan gedərsinizmi?
  •  – Əlbəttə, istisna olunmur ki, mən də hansısa məqamda yaradıcılıqdan əl çəkə bilərəm, amma bunun səbəbini bu tərəfdə görmürəm. Yəni, yaradıcı adam məsələləri ancaq beyinlə həll eləmir axı. Əgər yaradıcılıqda sehr varsa, sirr varsa, yaradıcının özün üçün bu gözlənilməz baş verirsə, biz heç vaxt bu prosesin hara gedib çıxacağını bilə bilmərik.  Yaradıcılıq ən birinci yaradıcı adamın özü üçün sürprizdir. Məsələn, “Anna Karenina”da Annanın sonda özünü qatarın altına atması kimi. Əgər sonu yazan müəllifdirsə, o qadını qatarın altına atdırmaya da bilərdi. Demək ki, Tolstoy bunu bilərəkdən yox, yaradıcılıq prosesinin təzahürü kimi belə yazmışdı.  Yəni, yaradıcılıq prosesində heç kim sonun necə olacağını deyə bilməz. Amma müəllimim mənə belə bir tövsiyə vermişdi: “Görsən ki, bir gün aktyorları sevmirsən, o zaman teatr sənəti ilə məşğul olma”. Çünki bu çox dəhşətli işgəncə ola bilər. Amma mən hələ ki aktyorları çox sevirəm, onlarla işləməkdən zövq alıram.

Söhbətləşdi: Cahan Seyidzadə