Herluf Bidstrup – Bakıda həbs olunan danimarkalı karikaturist

Epiloq.az məşhur danimarkalı karikaturaçı Herluf Bidstrupun 1964-cü ildə Bakı səfəri zamanı çəkdiyi karikaturaları təqdim edir.

Herluf Bidstrup – Avropa karikatura sənətinin ən görkəmli nümayəndələrindən biridir. Təsadüfi deyil ki, asteroid və hərbi gəmi onun adını daşıyır, həyatı haqqında tamaşalar qoyulur və ölümündən sonra 5000-dən çox rəsmi miras qalıb. 

Ötən əsrin 60-cı illərində 48 yaşlı Herluf SSRİ haqqında böyük bir layihə hazırlamaq fikrinə düşür. O bu məqsədlə rəsmi Kremlin xarici təbliğat ruporu olan “Novosti”yə dəstək üçün müraciət edir. Danimarkalı rəssam kommunist olduğundan belə bir icazənin alınması çətin olmur və o, Sovetlər İttifaqına səyahətə çıxır. 

Rəssam əsərləri üçün məkan kimi Sibiri, Orta Asiyanı, Rusiyanın mərkəzi bölgələrini, Baltikyanı ölkələri, Qara dəniz sahillərini və Zaqafqaziyanı seçir. Zaqafqaziyada seçim Bakının üzərinə düşür.

Azərbaycan paytaxtına səfər1964-cü ildə baş tutur. Elə həmin il Bidstrup “Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə” Lenin mükafatına layiq görülür.

Herlufu Bakı səyahətində həmin vaxt hələ İttifaq səviyyəsində məşhur olmayan, ancaq artıq özünü ciddi rəssam kimi təsdiq etmiş Tahir Salahov  müşayiət edir.

Tahir Salahovun dediyinə görə, danimarkalı rəssam Bakıya heyran qalmışdı. Neft Daşları və İçərişəhər onda xüsusi maraq oyatmışdı. Bakılılarla ünsiyyət zamanı onların xüsusi hazırlanmış aktyorlar olmadığına, hansısa bir əcnəbiyə bu qədər xeyirxahlıq göstərdiklərinə sonuna kimi inana bilmirdi. 

Ancaq şəhərdə onun başına məzəli hadisələr də gəlmişdi. Hətta o, milis tərəfindən həbs edilmişdi:

Salahovun xatirələrindən

 “Bazarın milisi, burada dəftərçəsində qeydlər aparan Bidstrupu casus zənn edərək həbs etmişdi. Mən bazardakı şöbəyə gedib gördüm ki, Bidstrup oturub onunla birgə şübhəli qismində ora salınmış digər insanların şəklini çəkir”. 

“Herluf Bidstrup Sovet İttifaqında nələr gördü” kitabından

Bu albomdakı rəsmlər mənim Sovetlər İttifaqına səfərim zamanı çəkilib. “Novosti” agentliyi onu müxtəlif ölkələrdə yaşayan oxucuları üçün bir neçə dildə dərc edib. Mən bu ölkədə baş verənlərin hamısını göstərməyi bacarmadım və buna cəhd də etmədim. Albomda yalnız anlıq, ötəri, təsadüfi təəssüratlar toplanıb. Bununla belə güman edirəm ki, bunlar ilk sosialist ölkəsi haqqında daha çox öyrənmək istəyənlər üçün maraq kəsb edəcək. Ümid edirəm ki, Sovet insanları üçün də bu albom müəyyən maraq doğuracaq. Əgər təsvirlər bəzən çox sərt görünsə, oradakı dostlarımdan üzrlü saymalarını xahiş edirəm. Bu məsələdə mənim uzun müddət satira janrında işləməkdən yaranmış “peşə xəstəliyim” günahkardır. Mən sovet insanlarının xətrinə toxunmaq fikrindən uzağam. Onlara dərin hörmət bəsləyirəm və qarşılarında baş əyirəm. Onlar cəmi 50 il ərzində ən çətin şərtlərlə, fədakarlıq, zəhmət və qəhrəmanlıqla aparılan mübarizə sayəsində bu vaxtadək utopiya kimi görünən bir cəmiyyət yarada biliblər. Belə bir cəmiyyətin varlığı bütün dünyada sülhün qorunması və digər xalqların azadlığı və müstəqilliyi yolunda çox böyük əhəmiyyətə malikdir.


Hazırladı: Dəniz Pənahova