“Humanizm” dərsləri – Cahan Seyidzadənin yazısı

            


Hönkürtü səsi… “Üzünü, üzünü qaldır. Ay Allahhhhhh…” (ağlamağa davam edir)…


Bu, Çingizin videolarından bir hissədir.  Mənim uşaqlığım bu videoları izləməklə, “Ya Qarabağ, ya ölüm” mahnısını dinləməklə keçib. Və məni buna heç kim məcbur etmirdi. Əksinə, bizi bu dəhşətlərdən, o körpələrin başına gətirilmiş faciələrdən uzaq tutmağa çalışırdılar.  Uşaqlar gələndə  böyüklərimiz tez söhbəti dəyişirdilər.

Azərbaycanı bölməyi sevməsəm də, deməliyəm ki, mən qarabağlı  deyiləm. Amma bir azərbaycanlı kimi ən böyük arzum Cıdır Düzünü görmək, Şuşada gəzmək olub həmişə.

Və o günlər yaxındadır. Bir millət olaraq tarixi anlar yaşayırıq. İndi hamımız qarabağlıyıq, əsgərik, Azərbaycanıq!!!

Lakin bu günlərdə həm də bəzi “humanizm” pərdəsi altında gizlənən, əslində isə natamamlıq kompleksindən əziyyət çəkən insanlar yazırlar ki, xalq hansısa yanlış təbliğatın təsirilə “kızışıyor”, guya bizim başımızı hansısa ideoloji fikirlərlə doldurublar deyə belə vətənsevdalısı olmuşuq, hansısa siyasi oyunun parçasıyıq deyə ölümdən, şəhid olmaqdan qorxmuruq. Yenə də deyirəm, məni vətənpərvər olmağa, Çingizin videolarına baxmağa, Qarabağı arzulamağa heç kim məcbur etmirdi. Eləcə də ətrafımda tanıdığım dostlarım, tanışlarım, ailəm… Onları da heç kim məcbur etməyib.  Deyə bilərsiniz ki, baxdığımız kadrlar, eşitdiyimiz sözlər elə bir təbliğat idi? Lakin yox! Çingiz bizə yalan təbliğat aparmaq üçün canını qoymamışdı o dağlarda, o bizə həqiqətləri göstərirdi. Çılpaq  həqiqətləri!!!

Deyirlər ki, biz tarixən onlarla birgə yaşamışıq. Sonradan hansısa siyasi qüvvələrin, yad təbliğatların təsirilə bir-birimizə düşmən olmuşuq. Olsun. Belə siyasi oyunlar tarixən olub.

Lakin sizə sual verirəm: Hansı birimiz sırf yanlış təlimatlandırılmışıq deyə illərdir birgə yaşadığımız qonşumuzu o cür qəddarlıqla qətlə yetirə bilərik, doğraya, gözlərini çıxara, diri-diri dərisini soya, belinə qaynar samovar bağlaya bilərik? Əgər sən yanlış yoldasansa, kiminsə sözünün təsirindəsənsə, uzağı, bir insanı öldürə bilərsən. Yox, ona işgəncə verməyə başlayırsansa, demək insan deyilsən, demək, canilik, vəhşilik sənin qanında var imiş. Demək, sənə bir bəhanə, bir fürsət lazım imiş kinini, nifrətini qusmağa! Demək, sənin üçün siyasət xislətini büruzə vermək üçün ən böyük bəhanədir.

Yaxşı, onda bəs 1905-də, 1919-20-ci illərdə törədilmiş vəhşiliklər hansı siyasətin təsiri idi? Onda nə baş vermişdi? Əgər biz qonşu xalqıqsa, niyə  ermənilər hər dəfə əllərinə fürsət düşən kimi qanımıza susayırlar? Bəs biz niyə siyasətin, yanlış təbliğatın təsirilə elə canilik edə bilmirik?

Mühacirət ədəbiyyatının önəmli nümayəndələrindən, əslən Gəncədən olan Məhəmməd Altunbay “Azadlığa uçan türk” memuarında 1920-ci ildə ermənilərin dinc əhalinin başına gətirdiyi vəhşiliklərdən danışır. O yazırdı:

“Hələ uşaqkən ata-anası ailələrarası davada öldürüldüyünə görə yetim qalan Ambarsum və Mkrtıç babam tərəfindən himayəyə götürülmüş, onların evində böyüyüb boya- başa çatmışdır. Erməni olsalar da babam onları öz uşaqlarından ayırmayaraq böyütməklə yetinməmiş, hətta toy edərək ev-eşik sahibi də etmişdi”.

“Babamın vicdanı” adlı bu hissədə Məmməd Altunbay atasının, dayısının babasına erməni hiyləgərliyi barədə xəbərdarlıq etməsindən, onlara çox güvənilməməsi gərəkdiyindən söhbət açır. Daşnak partiyasının son dərəcə kinli, təhlükəli, intiqamçı, qana susamış fəal bir təşkilat olması barədə məlumat verir. Bu xəbərdarlıq çox keçmədən öz əsasını tapır. Belə ki, 1920-ci ildə Gəncədə baş verən üsyan zamanı digər ermənilərlə yanaşı Məmməd Altunbayın babası tərəfindən himayə olunan Ambarsum və Mkrtıçın da iç üzləri açılır. Əllərinə fürsət düşən kimi silah götürüb dinc əhaliyə zülm etməklə, işgəncə verməklə yetinməyib, illərlə evlərində qaldıqları, vaxtilə himayəsində böyüdükləri ailəyə xəyanət edərək onlara qarşı da eyni vicdansız əməlləri törədirlər. Allahın kitabı olan “Qurani-Kərim”i yandırırlar, cavan qızların, gəlinlərin namusuna göz dikirlər: “Şəhərin daxili mənzərəsi məzarlıqdan seçilmirdi. Küçələri belə gül-çiçək qoxuyan gözəl şəhərimiz Gəncəyə ayaq basdığımız andan etibarən bütün meydan və prospektlərdə rast gəldiyimiz şey yalnız insan cəsədləri idi. Haraya baxırsan bax, insan cəsədindən başqa bir şey görməyəcəkdin”.

O, bir qadının sözlərini olduğu kimi xatırlayır: “Biz illərdir ki, Gəncə körpüsünün qarşı tərəfində ermənilərlə birgə yaşayırdıq. Keçən həftə Leninin əsgərləri Bakıya girər-girməz  illərdən bəri qonşuluq etdiyimiz ermənilər gecəyarısı qapını sındırıb evimizə girərək, iki körpəmlə ərimin başını kəsmişlər”.

Bu gün həmin Gəncə hadisələrindən düz 100 il keçir, lakin dəyişən heç nə yoxdur. Onlar yenə bizim uşaqlarımızı, dinc əhalimizi vəhşicəsinə qətlə yetirirlər. Tarix yenə günahsız yerə tökülən azərbaycanlı qanıyla yazılır, təkrarlanır.

Bəs onda söhbət hansı danışıqdan, hansı sülhdən gedir, əziz “humanist”lər? Sizin körpələrinizin başına min cür oyun gətirən, hələ də buna davam edən və günahını heç cür qəbul etməyən insanlara əl uzadacaqdınız?

Ümumiyyətlə, bilmək istəyirəm, əziz “nowar”çılar, axı sizin başqa arzularınız da var idi… Bu  cür “humanist”liklə idarə edəcəkdiniz Azərbaycanı? Bu humanistliklə qaytarmağa çalışacaqdınız Qarabağı? Onlar “qaytarmırıq” deyəndə, “biz humanistik, insan qanı axmasın deyə torpaqlarımızı onlara bağışlayırıq. Sizin doğmalarınızın ruhunu, qəbirlərini, böyüyüb boya-başa çatdığınız evlərinizi onlara bağışlayırıq. Çünki qan, müharibə istəmirik. Onlar sizin torpağınızda dövlət yaradacaqlar və hər şeyə qərar verəcəklər. Siz də orada yaşamaq istəyirsinizsə, onlara boyun əyməli, doğma torpaqlarınızda qul olmalısınız!” deyəcəkdiniz? Qəlbimizə, ruhumuza, ürəyimizə həkk olmuş Çingizin səsini, Mübarizin sözlərini bu “humanizm” şüarları ilə siləcəkdiniz? Bizə tariximizi belə unutduracaqdınız? Bu “ergen” davranışlarla bizim hüquqlarımızı müdafiə edəcəkdiniz? Hər şeydən vacib olan təhsil hüququnu arxa plana atıb, “V…  mənimdir, özüm bilərəm” şüarını səsləndirməklə daha azad olacaqdı Azərbaycan qadını? Bu cür başa salacaqdınız ona hüquqlarını?

Mən də qadın hüquqları müdafiəçisiyəm. Amma təhsilli, dünyagörüşlü, haradan gəldiyini bilən, kimliyinə sadiq, insani dəyərləri hər şeydən üstün tutan, sülh üçün ölə bilən,  həm də öldürə bilən qadınların, öz vətənini, torpağını qorumaq uğrunda nər kimi döyüşən, oğlunun qisası üçün Kirin başını qan tuluğunda üzdürən “tomris”lərin müdafiəçisiyəm.

İndi mən pis insan oluram? Bir dəfə Cəlal Şəngör müsahibələrinin birində qeyd etdi ki, “insan ümumi mənada irrasional varlıqdır. Ona ağılla nəyisə izah edə bilməyəndə məcbursan ki, döyüşəsən, vuruşasan, bu yolla izah edəsən. Hitlerə necə danışıqla, ağılla izah etmək olardı ki, o canidir və dərhal buna son verməlidir?!”

Yəni əsl humanist olmaq belədir. İnsanlar üçün qəhrəman olmaqla yanaşı, lazım gələndə həm də “qatil” ola bilməkdir.

Bir bağda əkilmiş  cənnət vəd edən, gələcək vəd edən gülləri, ağacları qorumaq üçün, onlara zərər verə biləcək alaqları, tikanları çıxarıb ata bilməkdir.

Siz isə natamam xarakterinizi  ordan-burdan oğurladığınız “izmli” terminlərin arxasında gizləməklə tamamlamağa çalışırsınız. Haradan öyrənmisiniz o terminləri, əli milyonlarla günahsız insanların qanına batmış Qərb ölkələrindən? Təəssüf!

Amma bilməlisiniz ki, biz Azərbaycan gəncləri öz xalqımızın taleyini, körpələrimizin gələcəyini sizin kimi nə istədiyini bilməyən insanların ümidinə qoyub, sizin uydurduğunuz qondarma “sülh” anlayışının mərhəmətinə sığınmayacağıq! Lazım gəlsə canımızla, qanımızla vətənimizi qoruyacaq, övladlarımıza azad torpaqlı, həm də azad ruhlu Azərbaycan miras qoyacağıq!!!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Yeri gəlmişkən, biz artıq qorxaq deyilik, Çingiz…