Epiloq.az Viktor Hüqo və Pol Verlenin şeirlərini təqdim edir.

Pol Verlen
Payız nəğməsi
Yenə kamanını alıb əlinə
Yeknəsək, üzücü bir ahəng ilə
Payız çalır öz həzin nəğməsini.
Duyuram kədərin boğuq səsini.
Bu səsdən daralır sanki nəfəsim,
Payız yarpağıtək solur bənizim.
Hər əqrəb səsinə, saat zənginə
Düşürəm mən xəyalların cənginə.
O ötən günlərim düşür yadıma…
Göz yaşlarım yetişir imdadıma.
Sonra budağından qopub ayrılan
Sarı yarpaq kimi uçub gedirəm.
Məni xəzəl kimi göyə sovuran
Yellərə özümü təslim edirəm.

Viktor Hüqo
Döyüşdən sonra
O xoş təbəssümlü qəhrəman atam
Bir dəfə döyüşdən sonrakı axşam
Yanında sevdiyi cəsur əsgəri
Çıxdı at belində gəzsin çölləri.
O gün çöllər qan gölünə dönmüşdü.
Göy üzündə ulduzlar da sönmüşdü.
Qəfil qulağına inilti gəldi…
Bu, məğlub qoşundan ispan əsgərdi,
Üstü- başı qızıl qana bulaşmış,
Yolun kənarında yıxılıb qalmış…
“Rəhm edin, bir qurtum su verin!”- dedi.
Naləsindən dağlar, daşlar titrədi.
Atam dərhal rom qabını götürdü,
Sədaqətli əsgərinə ötürdü:
“Ver, qoy, içsin bu zavallı yaralı,
Bəlkə heç ölmədi, düzəldi halı…”
Qusar qabı alıb əyilən zaman
Yaralı silaha əl atdı haman.
“Karamba !”- bağırıb o, yerə yatdı,
Atamın alnını tuşlayıb atdı.
Atı şahə qalxdı atamın o an,
Güllə papağını saldı başından.
Atam döndü heç halını pozmadan:
“Ona rom ver, qoy, əfv etsin yaradan!”
Fransızcadan tərcümə edən: Xədicə Əyyubova