“İnsanın taleyi” – Ən gözəl müharibə hekayəsi

Epiloq.az Mixail Şoloxovun “İnsanın taleyi” hekayəsini təqdim edir.



Yuxarı Donda müharibədən sonra gələn yaz çox az-az görünən və tez düşən yazlardan idi. Martın sonunda Priazovyedən isti küləklər əsdi, iki gündən sonra Donun sol sahilindəki qumsallığın qarı tamam əridi, qar bacmış dərələr və qobular su ilə doldu, buzu sınmış kiçik çaylar aşıb-daşdı, yollarda gediş-gəliş son dərəcə çətinləşdi.
Yolların belə pis vaxtında mən Bukanovskaya stanitsasına getməli oldum. Stanitsa çox da elə uzaqda deyildi, ora təxminən altmış kilometr yol olardı; ancaq bu yolu çox çətinliklə başa çatdırdıq. Yoldaşımla bərabər gün çıxmamışdan yola düşdük. Bir cüt harın at, yan qayışları sim kimi darta-darta briçkanı güclə çəkib aparırdı. Çarxlar topuna qədər qara və buza qarışmış yaş quma batırdı. Bir saatdan sonra atların böyründə, sağrısında, nazik döş qayışları altında sabun köpüyü kimi ağ köpüklər göründü; səhərin təmiz havasında at tərinin, atların qayış-quşqununa bol-bol sürtülmüş qatranın məstedici tünd qoxusu duyuldu.
Atlar lap çətinliklə çəkəndə briçkadan düşüb piyada gedirdik. Ərnik qar uzunboğaz çəkməmizin altında şappıldayırdı. Yerimək çox çətindi, lakin yolun qırağında, gün işığında büllur kimi parıldayan nazik buz hələ ərinməmişdi, oradan getmək daha çətindi. Biz altı saatdan sonra yolu ancaq yarı eleyə bildik, gəlib kiçik Yelanka çayının bərəsinə çatdıq.
Bu çayın bəzi yeri yayda quruyur; indi o daşaraq, Moxovski xutoru qabağında, bolluca qızılağac bitmiş subasarda bir kilometr ətrafa yayılmışdı. Çayı, ancaq üç adam götürə bilən, çox köhnə, yastı bir qayıqla keçməli idil. Briçkanı geri qaytardıq. Çayın o tayında, kolxoz anbarında, hələ qışdan atılıb qalmış köhnə bir “villis” vardı; biz ona minib gedəcəkdik. Şoferlə mən qorxa-qorxa bu köhnə qayığa mindik. Yoldaşım çayın qırağında, şeylərin yanında qaldı. Biz sahildən uzaqlaşan kimi, qayığın çürümüş dib taxtalarından xırda-xırda fəvvarələr vurmağa başladı. Sahilə çatana qədər qayığın deşiklərini tıxadıq, içinə dolan suyu atdıq. Bir saatdan sonra çayın o tayına çatdıq. Şofer gedib xutordan maşını gətirdi, sonra qayığa yaxınlaşıb avardan yapışaraq dedi:- Bu andır suda parçalanıb dağılmasa, iki saatdan sonra qayıdıb gələrik, bizi bundan tez gözləməyin.
Xutor xeyli kənarda idi; qayıq yan aldığı sahə çox sakitlikdi. Belə sakitlik ancaq payızda, bir də yazın lap başlanğıcında insan yaşamayan yerlərdə olur. Sudan rütubət, qızılağac çürüntüsünün tünd və acı qoxusu gəlirdi; xəfif külək, yasəmən rəngli çən bürümüş uzaq Prixoper çöllərindən, qar altından yeni çıxmış torpağın güclə duyulan və həmişə təravətli olan ətrini gətirirdi.
Bir az kənarda, sahil qumları üstündə aşıb yerə sərilmiş çəpər vardı. Çəpərin üstündə oturub papiros çəkmək istədim; əlimi sırıqlının sağ cibinə salanda gördüm ki, “Belomor” tamam islanıb, qanım qaraldı. Çayı keçəndə ləpə vurub suyu qayığa tökmüş, bulanıq su məni qurşağa qədər islatmışdı. Onda papirosun fikrini çəkməyə macal yox idi, qayığın batmaması üçün avarları buraxıb, suyu tez-tez qayıqdan kənara atmaq lazımdı. Bu cür diqqətsizliyimə indi çox peşman olmuşdum; islanmış papiros qutusunu üsulluca cibimdən çıxarıb çöməldim, bozarmış, yaş papiroslsrı çəpərin üstünə düzdüm.
Günorta olmuşdu. Hava elə isti idi ki, elə bil may ayı idi. Mən papirosların tez quruyacağı ümidində idim. Hava isti olduğundan, pambıqlı soldat şalvarı və sırıqlı geydiyimə peşman oldum. Qışdan sonra birinci gün idi ki, hava belə isti idi. Adamın beləcə təkbaşına çəpər üstündə oturub, bütün varlığı ilə sükuta və tənhalığa dalması, köhnə, qulaqlı soldat papağını çıxarıb avar çəkməkdən tərləmiş saçını xəfif küləkdə qurutması, mavi göylərdə üzən iri, ağ buludları düşünməkdən seyr etməsi nə qədər xoşdur!
Çox çəkmədi ki, xutorun kənarında olan həyətlərdən bir kişinin yola çıxdığını gördüm. O, balaca bir uşağın əlindən tutub gətirirdi; uşağın boyuna baxanda ona beş, ya altı yaş vermək olardı. Onlar yorğun-yorğun bərəyə sarı gedirdilər, ancaq maşını görüb mənə sarı döndülər. Ucaboylu, donqar kişi lap yaxına gəlib, tutqun, yoğun səslə dedi:

Xoş gördük, qardaş!

Xoş gördük. – Mənə sarı üzanan iri, kobud əli sıxdım.
O, uşağa sarı əyilib dedi:
– Oğul, əmi ilə görüş. O da, görünür, sənin dədən kimi şoferdir. Ancaq biz yük maşını sürürdük, o, bu balaca maşınını sürür.
Uşaq açıq-mavi gözlərini düz gözlərimin içinə zilləyib azca gülümsədi, qızarmış, soyuq əlini cəsarətlə mənə uzatdı, mən onun xırdaca əlini bir balaca silkələyib, soruşdum:
– Sənin əlin niyə belə soyuqdur, qoca? Hava istidir, amma sən üşüyürsən!?
O xoş bir uşaq məsumluğu ilə dizlərimə sıxılıb, sarışın qaşlarını təəccüblə qaldırdı:
– Mən haradan qoca oldum, əmi? Mən uşağam, özüm də heç üşümürəm, əllərim də ona görə soyuqdur ki, qar yumalayırdım.
Uşağın atası, içində az şey olan əşya çantasını dalından aldı, yorğun halda yanımda oturub dedi:
– Bu sərnişin məni lap bir təhər eləyib! Onun ucbatından mən də əldən düşmüşəm. Addımımı iri iri atıram, o yürüməyə başlayır, – di gəl onunla ayaqlaş görüm necə ayaqlaşırsan? O yerdə ki mən gərək bir addım atım, – üç addım atıram. Yerişimizi bir-birinə heç uyğunlaşdıra bilmirik, elə bil atla tısbağa gedir. Onu heç gözdən də qoymaq olmur! Bir balaca üzümü çevirdimmi – bir də görürəm ya özünü gölməçənin içinə verib, ya da buzu qırıb konfet kimi sorur. Yox, belə yol yoldaşı ilə səfərə çıxmaq kişi işi deyil, öxü də piyada! – Bir az susduqdan sonra soruşdu:
– Sən necə, qardaş, olmaya böyüyünü gözləyirsən?
Ona şofer olmadığımı demək yaxşı düşməzdi; belə cavab verdim:
– Gərək gözləyək də.
– O biri taydan gələcək?
– Bəli.
– Bəlkə biləsən: qayıq tez gələcək?
– İki saatdan sonra,
– Xeyli çəkəcək. Neyləyək, bir az dincələrik, tələsməli bir işim də yoxdur. Buradan keçəndə gördüm ki, bir şofer qardaşım özünü günə verir. Dedim qoy gedim yanına, bir yerdə papiros çəkək, – adam nə tək ölmək istəyir, nə də tək papiros çəkmək. Sən varlı adama oxşayırsan, – papiros çəkirsən. Deyəsən papirosun islanıb? Qardaş, at oldu çaş, tənbəki oldu yaş – at getsin! Taxşısı budur, gəl mənim tənbəkimdən çəkək.
O, nazik, xaki şalvarının cibindən ağzı büzməli, moruq rəngli köhnə ipək kisəsini çıxartdı. Kisəni aşanda, mən onun qırağında sapla tıkılmış bu sözləri oxuya bildim: “Əziz döyüşçüyə. Lebedyanskaya otra məktəbinin 6-cı sinif şagirdindən”.
Biz evdə hazırlanmış tünd tənbəkidən çəkə-çəkə xeyli susduq. Mən ondan soruşmaq istəyirdim ki, sən bu uşaqla hara gedirsən, yolların belə pis vaxtında səni evdən çıxmağa məcbur edən nədir, ancaq o məni belə bir sualla qabaqladı:
– Sən dava vaxtı həmişə maşın sürmüsən?
– Elə hesab elə ki, həmişə.
– Cəbhədə?
– Bəli.
– Qardaş, mənim də orada o ki var başım bəlalar çəkib.

O iri, qara əllərini dizləri üstə qoyub belini əydi. Mən yandan ona baxdım, ürəyimdə dərin bir sızıltı duydum… Siz heç ömrünüzdə sanki kül tökülmüş, ağır kədər çökmüş gözlər görmüsünüzmü? Elə gözlər ki, adam onlara baxa bilmir… Təsadüfən rast gəldiyim bu adamın da gözləri belə idi.
O, çəpərdən əyri, quru bir çubuq sındırıb götürdü, bir dəqiqəliyə susaraq, bu çubuqla qumun üzərində qəribə şəkillər çəkib dedi:

Hərdən elə olur ki, gecə yata bilmirəm, gözümü döyə-döyə qaranlığa baxıb fikirləşirəm, öz-özümdən soruşuram: “Ey, həyat, sən niyə mənim başıma bu müsibəti gətirdin? Niyə mənə bu qədər əzab verdin?” Heç kəs mənə cavab vermir, heç kəs – nə qaranlıqda, nə aydın gün işığında… Heş kəs də cavab verməyəcək! – O birdən oğlunu görüb susdu, onu yavaşca itələyə-itələyə mehribanlıqla dedi: – Get, bala, suyun qırağında oyna, daşqın sularda uşaqlar özünə həmişə bir şey tapa bilər. Ancaq özünü gözlə, ayaqlarını islatma.
Biz hələ kirimişcə papiros çəkəndə, mən gizlin-gizlin həm ona, həm də onun oğluna baxıb bir şeyə təəccüb etdim: uşağın geyimi sadə olsa da, yaxşı idi, amma atasınınkı elə deyildi, – bu, mənə qəribə göründü. Uşağın uzun kurtkasının içinə köhnə, nazik tumac çəkilmişdi; kiçik uzunboğaz çəkməsi də elə tikilmişdi ki, yun corabla geyə bilsin; qolunun cırığı çox məharətlə tikilmişdi, – bunlar hamısı bacarıqlı bir qadının, bir ananın onun qeydinə qaldığını göstərirdi. Atasının geyimi isə tamam başqa cür idi: bir neçə yerdən yanmış sırıqlısı başdansovma, kobud halda közənmişdi, köhnə xaki şalvarının yırtığı yaxşı yamanmamışdı, elə bil ki, yamaq qoyulub, kişi əli ilə iri-iri sırınmışdı; ayağındakı soldat çəkməsi təzə idi, çox az geyilmişdi, amma qalın yun corabını güvə dağıtmışdı, bu coraba qadın əli dəyməmişdi… Onda mən düşündüm: “Ya bu kişi duldur, ya da arvadı ilə yola getmir”.
O, suya sarı gedən oğlunun dalınca baxaraq, boğuq-boğuq öskürdü, yenə də danışmağa başladı; mənim bütün diqqətim onda idi:
– Əvvəllər güzəranım pis keçmirdi, mən özüm Voronej vilayətindənəm, 1900-cü ildə anadan olmuşam. Vətəndaş müharibəsində Qızıl Orduda, Kikvidzenin diviziyasında idim. İyirmi ikinci ildə aclıq olanda Kubana gəlib qolçomaqlara eşşək kimi işlədim, ona görə də sağ qaldım. Atam, anam, balaca bacım evdə acından öldü. Mən tək qaldım. Qohum-əqrəbadan heç kəsim yox idi, heç kəsim, tək idim. Bir ildən sonra Kubandan qayıtdım, daxmamı satıb, Voronejə getdim. Əvvəl dülgərlər artelində işlədim, sonra zavodda işə girdim, çilingərlik sənətini öyrəndim. Çox keçmədi ki, evləndim. Arvadım uşaq evində tərbiyə almışdı. Yetimdi. Çox yaxşı qızdı. Gülüb-danışan, mülayim, üzüyola, ağıllı, mənim tayım deyildi. O lap uşaqlıqdan pis günün acısını dadmışdı, bəlkə də buna görə onun xasiyyəti belə idi. Kənardan baxanda adama çox da elə qəşəng görünmürdü; mən axı ona kənardan baxmırdım – o mənim canım-ciyərim idi! Dünyada mənim üçün ondan gözəl, ondan sevimli bir insan yox idi, olmayacaq da!

Görərdin ki, işdən yorğun gəlmişəm, hərdən də yaman acıqlı olardım. Kobudluq eləsəydim də, o mənə kobud cavab verməzdi, yenə də mehriban, mülayim olardı, bilməzdi məni harada oturtsun. Evdə elə bir şey olmasa da, çalışardı ki, mənə ləzzətli yemək hazırlasın. Ona baxıb ürəyim dincəlirdi. Bir az sonra onu qucaqlayıb deyirdim: “İrina, əzizim, məni bağışla, kobudluq elədim. Bilirsən, bu gün işim düz gətirmədi!” Yenə də barışardıq, mən də sakit olardım. Bilirsən, qardaş, işdən ötrü bu nə deməkdir?! Səhər yuxudan lap gümrah durardım, elə bil aramızda heç bir şey olmamışdı, Zavoda gedərdim, necə iş olsaydı, həvəslə görərdim! Bax, adamın ağıllı, yaxşı arvadı olması bu deməkdir.
Hərdən elə olardı ki, maaş alanda gedib yoldaşlarla içərdim. Bəzən də elə içərdim ki, evə gələndə qıçlarım bir-birinə dolaşırdı, elə yeriyərdim ki, yəqin kənardan baxanlarə dəhşət alardı. Küçələr mənə darlıq elərdi, hələ dalanları demirəm.. Onda mən pəhləvan kimi güclü idim, sağlamdım, çox da içə bilərdim, ancaq evə həmişə öz ayağımla gəlirdim. Hərdən də görərdin ki, yolun qalanını lap sürətlə, yəni iməkləyə-iməkləyə gəlmişəm, hər halda özümü evə yetirərdim. İrinka yenə də mənə nə məzəmmət elərdi, nə üstümə çığırardı, nə də dava salardı. Ancaq gülərdi, özü də elə gülərdi ki, mən bundan inciməyim. Ayaqqabılarımı çıxarıb, yavaşca deyərdi: “Andryuşa, sən divar tərəfdə yat, birdən yuxulu-yuxulu çarpayıdan yıxılarsan”. Mən də, bir torba çovdar kimi çul düşərdim, hər şey gözümün qabağında ala-bula çalardı. Ancaq yuxuda duyardım ki, İrinka əli ilə üsulluca mənim başımı tumarlayır, mehriban səslə nəsə pıçıldayır, deməli mənə ürəyi yanır…

Səhər işə iki saat qalmış məni yuxudan oyadardı, ayağa qaldırardı ki, özümə gəlim. Bilirdi ki, mən dəm olanda heç bir şey yemirəm. Gedib bir duzlu xiyar, ya ayrı bir şey gətirərdi, balaca bir taraş stəkana araq töküb deyərdi: “Andryuşa, iç, eynin açılsın, ancaq, əzizim, daha belə eləmə!” Onun bu yaxşılığından çıxmaq olardımı? Arağı içib sözlə yox, gözlərimlə ona təşəkkür elərdim, onu öpüb, dinməz-söyləməz işə gedərdim. Amma bu dəmli vaxtımda o mənə acıqlı bir söz desəydi, üstümə çığırsaydı, ya məni danlasaydı, yəqin ki, elə o gün yenə də içib lülqənbər olardım. Bəzi ailələrdə belə olur: o ailədə ki arvad axmaqdır. Mən belə sarsaqlarını da çox görmüşəm, bilirəm.
Çox keçmədi ki, bizim uşaqlarımız oldu: əvvəl bir oğlumuz, sonralar da iki qıızımız… Onda mən yoldaşlarımdan uzaqlaşdım. Bütün maaşımı evə gətirirdim: ailə böyümüşdü, daha içməyə imkan yox idi. İstirahət günləri bir parç pivə içirdim, bununla da məsələ qurtarırdı.

İyirmi doqquzuncu ildə maşın sürmək həvəsinə düşdüm. Avtomobil işini öyrəndim, yük maşını sürməyə başladım. Bu iş məni elə həvəsləndirdi ki, daha zavoda qayıtmaq istəmədim. Maşın sürmək daha artıq ürəyimi açırdı. On il bu sayaq dolandıq. Bu illərin necə gəlib-keçdiyini heç özüm də bilmədim. Elə bil bir yuxu idi. On il nədi axı! Hansı bir ahıldan istəyirsən soruş, soruş gör o öz ömrünün necə gəlib-keçdiyini bilibmi? O heç bir şey bilməyib! Keçmiş, bax, o çən içində görünən çöl kimidir! Səhər mən oradan gəlirdim, o yerlərdə nə çən vardı, nə duman: amma iyirmi kilometr gedəndən sonra o yerləri çən bürümüşdü, buradan baxanda meşə ilə alaqotunu, tarla ilə biçənəyi bir-birindən seçmək olmur…
Bu on ili mən gecə-gündüz işlədim Yaxşı da pul alırdım. Başqalarından pis yaşamırdıq. Uşaqlar da könlümüzü açırdı: üçü də əla oxuyurdu. Anatolinin riyaziyyata elə bir qabiliyyəti vardı ki, onun barəsində lap mərkəzi qəzetdə yazdılar. Onda bu elmə belə böyük istedad hardandı, qardaş, bunu özüm də bilmirdim. Ancaq bu məni çox fərəhləndirirdi, onunla fəxr edirdim, özü də necə fəxr edirdim!
Bu on ildə biz bir az pul yığmışdıq, müharibədən əvvəl özümüzə ikiotaqlı bir ev tikidik. Evin kündükü də vardı, kiçik bir dəhlizi də. İrina iki keçi aldı. Bundan artıq nə lazımdı? Uşaqlar südlü aş yeyə bilirdi, yaşamağa evimiz vardı, əyin-başımız da pis deyildi, deməli, hər şey yerli-yerində idi. Ancaq evimin yeri yaxşı deyildi: təyyarə zavodundan bir qədər kənarda mənə altı sot yer vermişdilər. Evim ayrı yerdə olsaydı, bəlkə də güzəranım başqa cür olardı…
Bu arada müharibə başlandı. Bir gün sonra hərbi komissariatdan çağırış vərəqi aldım, ertəsi gün qatara mindik. Bütün ailə məni ötürməyə gəlmişdi. İrina, Anatoli, iki də qızım: Nastenka, bir də Olyuşka. Uşaqların hamısı özünü ələ almışdı.
Qızlarımın gözləri yaşardı, – bunsuz olmaz ki! Anatolinin ancaq çiyinləri tərpənirdi, elə bil üşüyürdü. Onda oğlum 17 yaşına girmişdi. Amma İrina… 17 ildi biz bir yerdə yaşayırdıq, mən onu indiyə kimi belə görməmişdim… Gecə mənim köynəyimin çiyni, döş tərəfi onun göz yaşından islanmışdı, səhər də elə… Vağzala gəldik. İrinaya elə yazığım gəlirdi ki, heç üzünə baxa bilmirdim: dodaqları ağlamaqdan şişmişdi, saçı yaylığının altından çıxmışdı, gözləri bulanlıqdı, baxışlarında bir mənasızlıq vardı; onlar – ağlı yerindən oynamış adamın baxışına oxşayırdı. Komandirlər xəbərdarlıq elədilər ki, vaqona minək. İrina başını mənim sinəmə qoydu, boynumu qucaqladı. O, kəsilmiş ağac kimi əsirdi… Uşaqlar da onu ovundururdu, mən də, ancaq bunun heç köməyi olmurdu. Başqa arvadlar ərləri ilə, oğulları ilə söhbət edirdi, amma mənim İrinam, yarpaq budağa sıxılan kimi, mənə sıxılıb durmuşdu, bütün bədəni titrəyirdi, bircə kəlmə də danışa bilmirdi. Ona dedim ki: “Mənim əzizim, İrina özünü ələ al! Bu ayrılıq çağında bircə kəlmə də olsa mənə söz de!” O hər sözü içini çəkə-çəkə deyirdi: “Mənim canım… ciyərim… Andryuşa… biz… bir daha… bu dünyada… bir-birimizi… görməyəcəyik…”
Bir yandan mənim ona elə yazığım gəlirdi ki, ürəyim parçalanırdı, bir yandan da o belə sözlər deyirdi… O başa düşməli idi ki, onlardan ayrılmaq mənim üçün də asan deyil, mən axı kefə getmirdim! Onun bu hərəkətinə acığım tutdu! İrinkanın əllərini zorla boynumdan ayırdım, onu yavaşca çiynindən itələdim. Onu yavaş itələsəm də, mən yamanca güclü idim: o üç addım geri getdi, sonra yenə də kiçik addımlarla üstümə gəldi, əllərini mənə sarı uzatdı. Mən çığırıb ona dedim: “Belə də ayrılmaq olar? Niyə sən məni vaxtından əvvəl diri-diri basdırırsan?” Yenə onu qucaqladım, gördüm ki, halı özündə deyil…
O birdən sözünü kəsdi, araya çökən sükut içində mən onun boğazında nəyinsə qaynadığını, qəhərləndiyini eşitdim. Onun həyəcanı mənə də keçdi. Mən ona çəpinə baxdım, lakin onun ölgün, sönük gözlərində bircə damla da yaş görmədim. O dərdli-dərdli başını aşağı dikib oturmuşdu, onun qeyri-ixtiyari olaraq aşağı sallanmış iri əlləri yavaşca titrəyirdi; çənəsi də, qətiyyət ifadə olunan dodaqları da titrəyirdi…
Mən astadan dedim:

Əzizim, bunları yadına salma. – Görünür, o mənim sözümü eşitmədi, böyük bir iradə ilə həyəcanını boğaraq, xırıltılı səslə dedi:

Onu itələdiyimi lap ölənə kimi, lap axır nəfəsimə kimi özümə bağəşlamayacağam!..
Yenə də susdu: xeyli danışmadı. İstədi papiros eşsin, qəzet əlində cırıldı, tənbəki dizləri üstə töküldü. Axırda o birtəhər papirosunu eşib yandırdı, bir neçə dəfə dərindən qullab vurdu, öskürərək sözünə davam elədi:

Mən İrinadan aralandım, onun üzünü əllərimin içinə alıb öpdüm, dodaqları buz kimi idi. Uşaqlarla da görüşüb ayrıldım, vaqona sarı yüyürdüm. Qatar yola düşmüşdü, atılıb vaqonun pilləkəninə mindim. Qatar lap yavaş-yavaş gedirdi. Dönüb baxdım: yetim uşaqlarım bir araya yığışmışdılar, əllərini yelləyirdilər, məni yola salırdılar, gülümsəmək istəyirdilər, ancaq gülümsəyə bilmirdilər. İrina əllərini döşünə sıxmışdı, dodaqları kağız kimi ağarmışdı, nəsə pıçıldayıb deyirdi, mənə baxırdı, gözlərini qırpmırdı, özünü elə hey qabağa verirdi, elə bil ki, bərk əsən küləyə sarı yerimək istəyirdi… O bu cür də həmişəlik mənim xəyalımda qalıb: əlləri döşünə sıxılmış, dodaqları ağarmış, yaşla dolu gözləri geniş açılmışdır…
Çox vaxt onu yuxuda da belə görürəm…
Axı onda niyə mən onu itələdim? Bu indi də yadıma düşəndə elə bil ürəyimi küt bıçaqla doğrayırlar…
Bizi Ukraynada, Belaya Tserkov ətrafında hissələrə ayırdılar. Mənə bir “ZİS-5” maşın verdilər. Elə bu maşında da cəbhəyə getdim. Müharibə haqqında sənə nə danışım axı: özün görmüsən, özün bilirsən ki, o əvvəl necə idi. Evdən tez-tez kağız alırdım, amma gec-gec cavab yazırdım. Görürdün, yzırdım ki, hər şey öz qaydasında gedir, yavaş-yavaş vuruşuruq, indi geri çəkilsək də, bu yaxınlarda qüvvəmizi toplayıb frislərin burnuna duzlu su qoyacağıq. Bundan başqa daha nə yazmaq olardı?! Pis vaxt idi, heç kağız yazmaq yada düşmürdü. Bir də ki, lap boynuma alıram: mən özüm də qəm-qüssə gətirən şeylər yazmaq istəmirdim. O zar-zar zarıldayan adamlar ki vardı, yeri gəldi-gəlmədi, hər gün arvadlarına, sevdiyi qızlara kağız yazırdılar, burunlarının suyunu yazdıqları kağıza tökürdülər, mənim onlardan zəhləm gedirdi. Onlar nə yazırdılar? Yazırdılar ki, “çox çətinə düşmüşük, ağır günlər keçiririk, yəqin ki, bizi öldürəcəklər…”
Həmin bu adamlar, bu şalvar geymiş qancıqlar öz hallarından şikayət edirdilər, istəyirdilər ki, başqalarının onlara yazığı gəlsin, amma başa düşmürdülər ki, evdə qlan o bədbəxt arvadlar, uşaqlar heç onlardan az əziyyət çəkmirlər. Bütün dövlət onlara arxalanır! Belə bir yükün altında dayanıb durmaq üçün gör bizim arvadlarda, uşaqlarda necə bir qüvvət olmalı idi?! Bəli, onlar dayanıb durdular, əyilmədilər! Amma belə bir əclaf, belə bir miskin qəmli-şikayətli bir kağız yazdımı, elə bil işləyən arvadın qıçına selbə vurdular! Belə bir kağızdan sonra o qaragün arvadın qol-qanadı qırılacaq, əvvəlki kimi işləyə bilməyəcək. Yox, belə olmaz! Ehtiyac olan yerdə sən gərək hər şeyə qatlaşasan, elə ona görə də sən kişisən, ona görə də sən əsgərsən! Yox, əgər səndə kişilikdən çox arvad xasiyyəti varsa, onda get qırçınlı tuman gey, qoy bu qırçınlar sənin arıq dalını kök göstərsin, heç olmasa daldan da olsa arvada oxşayasan, sonra da get çuğundur alağı elə, ya da inək sağ, belə bir adam cəbhəyə lazım deyil, sənsiz də cəbhədə üfunət çoxdur!
Ancaq mənə bircə il də vuruşmaq qismət olmadı…
Bu az vaxtda iki dəfə yaralandım, ancaq yaram yüngül oldu: əvvəl qolumun ətindən, sonra da qıçımdan yaralandım. Birinci dəfə mənə təyyarədən atılan güllə, ikinci dəfə də top mərmisinin qəlpəsi dəymişdi. Almanlar mənim maşınımı yuxarıdan da, yanlardan da dəlik-deşik etmişdilər, amma, qardaş, əvvəl günlər mənimki gətirirdi… Gətirdi…
Axırda işin içindən əngəl çıxdı… Qırx ikinci ilin may ayında Lazovenko tərəfdə əsir düşdüm. Əsir düşməyim də belə oldu. Onda almanlar yaman hücum edirdilər, bizim 120 mm-lik qaubitsa batareyasının gülləsi az qalırdı qurtarsın. İşin lap qızğın çağında mənim maşınıma top mərmiləri yüklədilər, mərmiləri maşına yığanda özüm də bərk işlədim; elə tərləmişdim ki, gimnastyorkam kürəyimə yapışmışdı. Top mərmilərini yerinə çox tez çatdırmaq lazımdı, çünki vuruşma bizə yaxınlaşırdı: sol tərəfdə kiminsə tankları guruldayırdı, sağ tərəfdə atışma gedirdi, qabaq tərəfdə də meydan yaman qızışırdı…
Bizim avtomobil rotasının komandiri məndən soruşdu: “Sokolov, bu odun içindən keçə bilərsənmi?” Bunu heç soruşmaq lazım deyildi! Orada mənim yoldaşlarım bəlkə də məhv olurdu, mən burada durub nəm-nüm eləyəcəkdim? Dedim ki: “Buna söz ola bilməz! Mən gərək bu odun içindən keçib gedəm, vəssalam” – “Yaxşı da, onda daha durma! Var qüvvənlə sür getsin!”
Mən də var qüvvəmlə sürüb getdim. Heç ömrümdə belə maşın sürməmişdim! Bilirdim ki, apardığım kartof deyil. Bilirdim ki, bu yük ilə maşını ehtiyatlı sürmək lazımdır. Ancaq burada nə ehtiyat! Yoldaşlarım orada boş əl ilə vuruşurdular, düşmən bütün yolu hər tərəfdən topa tutmuşdu. Maşını 6 km-ə qədər bərk sürdüm, kənd yoluna keçməyə az qalmışdı, gərək özümü dərəyə yetirəydim, batareya orada idi. Bir də nə gördüm: vay dədəm vay! – bizim piyada hissələrimiz çölə, yolun sağına, soluna tökülüşürlər, atılan minalar onların arasında partlayır. İndi axı mən nə edəydim? Geriyəmi dönəydim? Yox! Maşına o ki var güc verdim! Batareyaya vur-tut bircə kilometr yol qalmışdı. Maşını kənd yoluna döndərmişdim, ancaq, qardaş, özümü yoldaşlarıma yetirə bilmədim… Görünür, düşmənin uzaqvuran topunun mərmisi maşınımın yanına düşübmüş. Mən heç bir partlayış səsi eşitmədim, ancaq elə bil başımda nəsə partladı, ayrı heç bir şey bilmədim. Onda necə sağ qaldım, bilmirəm. Xəndəkdən səkkiz metr kənarda nə qədər yıxılıb qalmışdım, bu da mənə məlum deyildi. Ayılanda ayağa qalxmaq istədim. Qalxa bilmədim: başım dartınır, bütün bədənim əsirdi, elə bil ki, titrədirdim, gözlərim qaranlıq gətirirdi; sol çiynimdə nəsə şaqqıldayırdı, xırçıldayırdı, bütün bədənimdə elə bir ağrı vardı ki, deynən məni iki gün elə hey döymüşdülər, əllərinə keçəni mənə vurmuşdular. Qarnı üstə xeyli süründüm, axırda birtəhər ayağa qalxdım. Yenə də heş bir şey başa düşə bilmirdim, bilmirdim ki, haradayam, başıma nə iş gəlib. Yaddaşım tamam korlanmışdı. Təzədən yerdə uzanmağa da qorxurdum, qorxurdum ki, uzansam daha qalxa bilməyəm, öləm. Ayaq üstə durub yırğalanırdım: tufanda qovaq yərğalanan kimi…
Haçandan-haçana özümə gəldim, fikrimi topladım, yan-yörəmə baxdım. Elə bil ki, bir adam ürəyimi məngənəyə salıb sıxdı: apardığım top mərmiləri ətrafa səpələnmişdi, bir az kənarda maşınım arxası üstə düşüb qalmışdı, özü də qırıq-qırıq olmuşdu, amma vuruşma arxa tərəfdə gedirdi, mənim gəldiyim yerdə… Bu necə olan şeydi?..
Niyə sizdən gizlədim; elə bu zaman qıçlarım girdən düşdü, kəsilmiş ağac kimi yerə sərildim: başa düşdüm ki, mən indi mühasirədəyəm, lap düzünü desək, faşistlərə əsir düşmüşdüm. Bəli, müharibədə belə şeylər də olur…
Eh, qardaş, görürsən ki, adam heç özü istəmədiyi halda əsir düşür, bunu başa düşmək asan deyil. Kim ki bunu özü görməyib, özü bu işə düşməyib – bunu ona qandırmaq, onu bir insan kimi başa salmaq çətin şeydir.
Bəli, deməli, yıxılıb qalmışam yerdə, eşidirəm ki, tanklar guruldayır. Dörd orta alman tankı sürətlə yanımdan ötüb keçdi, mənim top mərmisi götürdüyüm yerə yönəldi… Bunu görəndə adam nə hala düşə bilər? Sonra toplar ötüb keçdi, onun da ardınca səfər mətbəxi göründü, daha sonra piyada hissə gəlib keçdi, – bu da elə çox deyildi, vuruşmada əzilmiş bir rotadan artıq olmazdı. Gözucu onlara baxdım, sonra yenə də üzümü yerə qoyub, gözlərimi yumdum; onlara baxa bilmirdim, onlardan zəhləm gedirdi, ürəyim nifrətlə dolu idi…
Elə bildim ki, hamısı keçib getdi, başımı azca qaldırdım, gördüm ki, altı nəfər avtomatçı gəlir, məndən yüz metrə qədər uzaqda olardılar. Onlar yoldan çıxıb düz mənim üstümə yönəldilər; dinib-danışmırdılar. Öz-özümə dedim: “Budur, ölüm yaxınlaşır”. Qalxıb oturdum, uzanmış halda ölməl istəmirdim. Sonra ayağa qalxdım. Onlardan biri, bir heçə addım qalmış, çiynini əyib avtomatını çıxartdı. İnsan çox qəribə yaranıb: bu zaman mən heç vahiməyə düşmədim, ürəyimdə zərrə qədər qorxu duymadım. Ancaq avtomatçıya baxıb fikirləşirdim: “Bu saat o məni avtomatla vuracaq, ancaq haramdan vuracaq? Başımdan, ya sinəmdəm?” O mənim bədənimin harasını dəlik-deşik edəcəkdi, – elə bil ki, mənim üçün bunun bir təfavütü vardı!
O, cavan bir oğlandı, sir-sifətindən pis deyildi, qarayanızdı, dodaqları nazikdi, gözləri balaca qıyılmışdı. Öz-özümə fikirləşib dedim: “Bu heç ağına-bozuna baxmadan məni öldürər”. Elədi ki, var: avtomatını üstümə tuşladı, mən də onun düz gözlərinin içinə baxdım, susub durdum. Onlardan biri, deyəsən, yefreytor idi, qarayanız oğlandan yaşlı idi, ahıl bir adamdı; çığırıb yoldaşını kənara çəkdi, mənə yaxınlaşıb öz dilində nəsə dedi, sağ qolumu dirsəkdən bükdü, demək, gücümü yoxlayırdı; “Ba-a” deyib, gün batan tərəfi göstərdi. Bununla demək istəyirdi ki: “Yeri, heyvan, get bizim reyx üçün işlə!” İt oğlu, yerə sahib çıxmışdı!..
Qarayanız avtomatçı mənim uzun boğaz çəkməmə baxdı, çəkməm yaxşı idi. Əli ilə çəkməmi göstərib dedi: “Çıxart”. Yerdə oturub çəkmələri çıxartdım, ona verdim. Çəkməni əlimdən lap dartıb aldı, patavanı da açıb ona sarı uzatdım, özüm də altdan-yuxarı ona baxdım. O bərkdən çığırdı, öz dilində məni söydü, yenə də avtomatına əl atdı. O birilər qəhqəhə ilə güldülər. Bununla da məndən əl çəkdilər. Ancaq o qarayanız avtomatçı yola çıxana kimi üş dəfə dönüb mənə baxdı, gözləri qurd balasının gözü kimi parıldayırdı: mənə acığı tutmuşdu, niyə?! Elə bil çəkməni o mənim ayağımdan deyil, mən onun ayağından çıxartmışdım.
Neynim, qardaş, ayrı əlacım yox idi. Yola çıxdım. Voronejlilər kimi yeddi mərtəbə ana söyüşü söyüb, qərbə sarı, əsirliyə getdim!.. Onda mən çox pis yeriyirdim, saatda bir kilometrdən artıq yol gedə bilmirdim. İstəyirdim addımımı qabağa atam, amma kefli adam kimi səndirləyirdim, yolu eninə-uzununa gedirdim. Bir az getmişdim ki, bizim əsgərlərdən bir dəstə gəlib mənə çatdı. Onlar mənim olduğum diviziyadandı. On nəfər alman avtomatçı əsirləri qabağına qatıb aparırdı. Dəstənin qabağında gedən avtomatçı mənə yaxınlaşdı, heç bir pis söz demədi, ancaq qolaylanıb avtomatın qundağını başıma vurdu. Yıxılacaqdım ki, yoldaşlarım məni tutub dəstənin içinə itələdilər, yarım saata kimi qoluma girib apardılar, yıxılsaydım, avtomatçı məni elə oardaca öldürəcəkdi. Özümə gələndə, qoluma girən əsirlərdən biri pıçıldadı: “Allah eləməsin ki, yıxılasan! Nə qədər gücün var, canını dişinə tut, yeri, yıxıldın, öldürəcəklər”. Mən də, nə qədər gücüm vardı, canımı dişimə tutub yeriyirdim.
Gün batan kimi almanlar keşikçilərin sayını artırdılar: yük maşınında iyirmiyə kimi avtomatçı gəldi, bizi yeyin-yeyin getməyə məcbur elədi. Bərk yaralılar özlərini o birilərə yetirə bilmirdilər; onları elə yolda güllələyirdilər. İki nəfər qaçmaq istədi, daha bunu hesaba almamışdılar ki, aylı gecədə, düzənliyin ortasında qaçıb qurtarmaq asan deyil: əlbəttə, onları da vurub öldürdülər. Gecə yarı olmuşdu, gəlib bir kəndə çatdıq, kəndin yarısı yanmışdı. Bizi qübbəsi dağılmış bir kilsəyə doldurdular, gecəni orada qalacaqdıq. Kilsənin daş döşəməsi üstündə bircə saman çöpü də yox idi, hamı şinelsizdi, bircə gimnastyorkada, şalvarda yıxılıb yatdıq. Altımıza salmağa heç bir şey yox idi. Kimisinin heç gimnastyorkası da yox idi, əyinlərində bircə bez köynək vardı. Bunların çoxu kiçik komandirlərdi. Onlar kitellərini, gimnastyorkalarını çıxarıb atmışdılar ki, adi əsgərdən seçilməsinlər. Topçular da gimnastyorkasız idilər, toplarının yanında əlləşəndə necə idilərsə, elə də əsir düşmüşdülər.
Gecə bərk yağış yağdı, biz hamımız təpədən-dırnağa kimi islandıq. Kilsənin qübbəsini ya iri top mərmisi, ya da təyyarədən atılan bomba dağıtmışdı, damını da bomba qəlpələri dəlik-deşik etmişdi: mehrabın özündə də quru yer tapmaq olmurdu. Bütün gecəni birtəhər kilsədə keçirirdik – qoyun sürüsü qaranlıq ağılda keçirən kimi… Gecənin bir yarısında gördüm ki, kim isə qoluma toxunub soruşdu: “Yoldaş, sən yaralı deyilsən?” Dedim: “Qardaş, sənə nə – yaralıyam, ya yox?” Dedi: “Mən hərbi həkiməm, bəlkə sənə köməyim dəydi”. Dedim ki: “Mənim sol çiynim xırçıldayır, özü də şişir, yaman da ağrıyır”. O qəti bir səslə dedi: “ Gimnastyorkanı, alt köynəyini çıxart”. Mən də çıxartdım. Başladı nazik barmaqları ilə çiynimi əlləşdirməyə, elə də əlləşdirirdi ki, gözlərim qaranlıq gətirirdi. Dişimi dişimə sıxıb dedim: “Görünür, sən mal həkimisən, adam həkimi deyilsən: ağrıyan yeri elə niyə sıxırsan, ay insafsız?” Amma o, çiynimi elə hey əlləşdirirdi, sonra acıqlı-acıqlı dedi: “Sənin işin susmaqdır! Bu danışıq nədir? Möhkəm dur, bu saat daha bərk ağrıyacaq”. Bunu deyib qolumu elə dartdı ki, gözümdən od çıxdı. Özümə gələndə dedim: “Sən nə qayırrısan, ay faşistin biri faşist! Qolum qırıq-qırıq olub, sən də onu elə dartırsan!” O astadan gülüb dedi: “Elə bilirdim, sən məni sağ əlinlə vuracaqsan, heç demə dinc adamsanmış! Sənin qolun sınmamışdı, çıxmışdı, yerinə saldım. İndi necədir, ağrısı yüngülləşdimi?” Doğrudan da, gördüm ki, ağrı yavaş-yavaş yüngülləşir. Ona lap ürəkdən təşəkkür elədim. O da qaranlıqda məndən uzaqlaşdı, gedə-gedə soruşurdu: “Yaralı olan varmı?” Bax, əsil həkim buna deyərlər! Əsir də düşsə, lap qaranlıqda da olsa öz borcunu yerinə yetirirdi.

O gecə çox pis gecə idi. Baş keşikçı bizi iki-iki kilsəyə salanda xəbərdarlıq etmişdi ki, gecə sizi çölə çıxmağa qoymayacaqlar. Tərs kimi əsirlərdən biri çölə çıxmaq istədi, heç demə, o mömin adammış. Özünü xeyli saxladı, axırda ağladı. Dedi ki: “Mən bu müqəddəs kilsəni murdarlaya bilmərəm! Axı mən allaha inanıram, mən xristianam! Mən neyniyim, qardaşlar?” Bizim də camaata bələdsən də! Bir parası gülürdü, bir parası söyüş söyürdü, bir parası da ona cürbəcür zarafatyana məsləhətlər verirdi. O bizim hamımızı güldürdü, amma işin axırı çox pis oldu, O başladı qapını döyüb yalvarmağa ki, məni çölə buraxın. Yaman da buraxdılar: faşist qapının dalından avtomatını işə saldı, atılan güllələr qapını eninə deşik-deşik elədi: bu mömin də öldü, bundan başqa üç adam da; biri də bərk yaralandı, o da səhərə yaxın öldü.
Ölənlərin hamısını bir yerə yığdıq, hamı kirimişcə oturub fikrə gertdi: iş indidən yaxşı gətirmirdi… Bir azdan sonra astadan, pıçıltı ilə danışmağa başladıq. Hamı bir-birindən soruşurdu: sən haralısan, hansı mahaldansan, necə olub ki, əsir düşmüsən? Bir vzvoddan ya rotadan olan dostlar, tanışlar qaranlıqda bir-birini itirmişdilər, onlar yavaşca bir-birini səsləməyə başladılar. Yanımda iki adam astadan danışırdı. Onlardan biri deyirdi: “Sabah bizi qabaqlarına qatıb aparmamışdan əvvəl sıraya düzsələr, sonra da desələr ki, kim komissarsa, kommunistsə, yəhudisə qabağa çıxsın, onda bax, sən vzvod komandiri olduğunu gizlətmə ha! Bununla canını qurtara bilməyəcəksən. Gimnastyorkanı çıxartmaqla elə bilirsən adi əsgər olub getdin? Xeyr, bu fırıldaq baş tutmayacaq! Mən sənin yerinə cavab vermək fikrində deyiləm. Hamıdan əvvəl mən səni göstərəcəyəm! Mən bilirəm ki, sən kommunistsən, məni da partiyaya girməyə təbliğ eləyirdin, indi öz gördüyün işin cavabını ver”. Bunu mənim lap yanımda, sol tərəfimdə oturan adam deyirdi. Ondan o yanda oturan cavan bir oğlanın səsi eşidildi: “Krıjnyov, mən həmişə hiss eləyirdim ki, sən yaxşı adam deyilsən. Bunu xüsusilə onda hiss elədim ki, sən savadsız olduğunu bəhanə edib partiyaya girmədin. Sən ki yeddillik məktəbi qurtarmısan?” Krıjnyov deyilən adam tənbəl-tənbəl ona belə cavab verdi: “Yaxşı da, qurtarmışam, nə olsun ki?” Onlar xeyli susdular. Sonra vzvod komandiri yavaşca dedi: “Yoldaş Krıjnyov, məni ələ vermə!” O biri astadan gülüb dedi: “Yoldaşlar cəbhənin o tayında qaldı, mən sənin yoldaşın-zadın deyiləm. Sən də heç məndən xahiş eləmə, mən hər necə olsa sənin kim olduğunu deyəcəyəm. Hər kəsin canı özünə şirindir!”
Onlar susdular. Krıjnyovun bu alçaqlığı mənə elə təsir elədi ki, bütün bədənimi titrətmə tutdu. Öz-özümə dedim: “Yox, köpək oğlu, mən qoymayacağam ki, sən öz komandirini ələ verəsən. Sən bu kilsədən öz ayağınla çıxmayacaqsan, səni bir leş kimi buradan sürüyə-sürüyə çıxardacaqlar!” Hava təzəcə işıqlanırdı, gördüm ki, mənim yanımda yekəsifət bir oğlan qollarını başının altına qoyub, arxası üstə yatır, onun yanında arıq, natıq burun, cavan bir oğlan alt köynəkdə oturub dizlərini qucaqlayıb, rəngi də yaman ağarıb. Fikrləşdim ki: “Belə cavan oğlan belə bir yekəpərin öhdəsindən gələ bilməz. Gərək özüm onun işini bitirəm”.
Əlimi cavan oğlana toxundurub, yavaşca soruşdum: “Sən vzvod komandirisən?” O bir söz demədi, ancaq başını tərpətdi. Arxası üstə yatan oğlanı göstərib dedim: “Bu səni ələ vermək istəyir?” O yenə də başını tərpətdi. Dedim ki: “Onda sən onun qıçlarından tut ki, çabalamasın! Cəld ol!” Özümü onun üstünə yıxıb, barmaqlarımı boğazına ilişdirdim. O heç cınqırını da çıxara bilmədi. Bir neçə dəqiqə onun boğazını buraxmadım, sonra ayağa qalxdım. Xain murdar olmuşdu, dili də bayıra çıxmışdı.
Onu boğandan sonra özümü çıx pis hiss elədim. Əllərimi yumaq istəyirdim, elə bil adam deyil, sürünən bir həşərat öldürmüşdüm… Ömrümdə birinci dəfə idi ki, adam öldürürdüm, o da özümüzünkülərdən oldu… O haradan özümüzünkülərdəndi? O, yaddan da pis idi, o, satqın, xaindi! Ayağa qalxıb vzvod komandirinə dedim: “Yoldaş, gedək buradan, kilsə böyükdür”.
Elə Krıjnyov deyən kimi də oldu. Səhər bizim hamımızı kilsənin qabağında sıraya düzdülər. Avtomatçılar bizi dövrəyə aldılar. Üç eses zabiti zərərli hesab etdikləri adamları seçməyə başladı. Kimin kommunist, kimin komandir, kimin komissar olduğunu soruşdular, heç kəsdən səs çıxmadı. Belələrini ələ verən bir əclaf da tapılmadı. Əsirlərin az qala yarısı kommunistdi, komandirlər də vardı, məlum şeydir ki, komissarlar da! Burada 200-dən artıq adam vardı, onlardan ancaq dördünü seçıb ayırdılar: bunun biri yəhudi, üçü də rus əsgəri idi. Ruslar ona görə bəlaya düşdülər ki, qarayanız idilər, saçları da qıvrımdı! Esesçi bir-bir onlara yaxınlaşıb soruşurdu: “Cuhudsan?” Onlat deyirdi: “Yox, rusam”. Onların sözünə fikir verən kim idi?! “Qabağa çıx!”, vəssalam.
O yazıqları güllələdilər, bizi də qabaqlarına qatıb apardılar. O vzvod komandiri ki vardı, onunla xaini boğub öldürmüşdük, – Poznana qədər məndən ayrılmadı. Elə gedə-gedə tez-tez mənim əlimi sıxırdı. Poznanda bizi ayırdılar. Bunun belə bir səbəbi oldu.
Bilirsən, qardaş, nə oldu: elə ilk gündən mən özümüzünkülərin yanına qaçmaq fikrinə düşdüm. Ancaq elə qaçmaq istəyirdim ki, ələ keçməyəm. Poznana qədər bu mümkün olmadı. Poznanda bizi əsil düşərgəyə saldılar. Burada əlimə fürsət düşdü. Mayın axırında bizi düşərgənin qabağında olan kiçik bir meşəyə qəbir qazmağa göndərdilər, – ölən hərbi əsirləri orada basdıracaqdılar. Onda bizim adamlar ishaldan yaman qırılırdı. Mən Poznan torpağını qaza-qaza ətrafıma baxırdım; gördüm ki, bizim keşiyimizi çəkənlərdən ikisi çörək yeməyə oturdu, biri də günün altında yuxuya getdi. Beli atıb. Yavaşca kolun dalına keçdim. Sonra da düz günçıxana sarı qaçmağa başladım.
Görünür, keşikçilər gec duyuq düşmüşdülər. Mən bir gündə 40 km-ə qədər yol getdim. Mənim kimi arıq, əldən düşmüş adamda bu qədər güc haradandı? Bunu heç özüm də bilmirəm. Ancaq mənim qaçmağımdan bir şey çıxmadı: dördüncü gün məni tutdular. Onda mən o viranə qalmış düşərgədən xeyli uzaqda idim. Xəfiyyə itlərini izimə salıblarmış, itlər gəlib məni biçilməmiş yulaf zəmisinin içində tapdılar.
Səhər açılanda düzənliklə getməyə qorxdum; meşəyə də azı 3 km yol vardı, buna görə də gündüzü keçırmək üçün yulaf zəmisində gizləndim. Sünbülləri ovcumun içində əzişdirib dən elədim, bir az yedim, bir qədər də ehtiyat üçün ciblərimə doldurdum. Bir də gördüm ki, haradasa it hürür, motosikl səsi gəlir. Ürəyim qopdu, çünki itlər getdikcə mənə yaxınlaşırdı. Üzü üstə yerə yatdım, əllərimlə üzümü örtdüm ki, heç olmasa sifətimi didib-dağıtmasınlar. İtlər gəlib mənim üstümü aldılar, bircə dəqiqədə əynimdəki cır-cındırı parçalayıb çıxartdılar. Qaldım anadangəlmə lüt-üryan. İtlər məni yulafın içində istədikləri kimi o yan – bu yana sürüyürdülər. Axırda bir köpək qabaq ayaqlarını sinəmə qoydu, dişlərini qıcıyıb gözlərini boğazıma zillədi, ancaq hələ dəymirdi.
Bu zaman iki motosikl gəldi. Almanlar əvvəl məni könülləri istədiyi qədər döydülər, sonra itləri üstümə qısqırtdılar. İtlər məni didb-dağıdırdı, ətimi parça-parça qoparırdı. Almanlar məni çıl-çılpaq, bütün qan içində düşərgəyə apardılar. Bir ay məni karserə saldılar, yenə sağ qaldım… Ölmədim!
Qardaş, əsirlikdə başıma gələn müsibətləri yada salmaq mənim üçün əzabdır, amma onları danışmaq daha artıq əzabdır!… Almaniyada bizim adamların çəkdiyi müsibətləri, insan ağlına sığmayan zülmləri yada salanda, düşərgələrdə əzab içində tələf olan yoldaşlarımızı, dostlarımızı xatırlayanda ürəyim parçalanır, nəfəsim tutulur…
İkiillik əsarətdə məni haralara aparmadılar! Almaniyanın yarısını gəzdim: Saksoniyada oldum, silikat zavodunda işlədim, Rur vilayətində daş kömürü çıxartdım, Bavariyada torpaq işində işləməkdən belim büküldü. Türingiyada oldum. Alman torpağında ayaqlamadığım yer qalmadı. Oranın təbiəti cürbəcürdür, qardaş. Amma bizi hər yerdə bir qayda ilə döyürdülər, öldürürdülər. Özləri də, bu lənətə gəlmiş həşəratlar, bu məlunlar elə döyürdülər ki, bizdə heç heyvanı da elə döymürlər!. Yumruqla da döyürdülər, rezin dəyənəklə də, əllərinə keçən hər cür dəmirlə də. Ayaqlarının altına salıb tapdalayırdılar… Hələ mən tüfəng qundağını, ağacı demirəm!
Ona görə döyürdülər ki, biz rusuq; ona görə döyürdülər ki, biz hələ sağıq, hələ dünya işığına baxa bilirik; ona görə döyürdülər ki, onlar üçün, o əclaflar üçün işləyirdik. Bir də ona görə döyürdülər ki, nə bilim, ay elə baxmadın, addımını elə atmadın, elə dönmədin… Bir də ki, kefləri istədiyi istədiyi üçün döyürdülər; döyürdülər ki, səni şil-küt eləsinlər, sən öz qanında boğulasan, döyülə-döyülə gəbərəsən… Bizim hamımıza, yaqin ki, Almaniyadakı sobalar azlıq elərdi…
Hər yerdə də eyni cür yemək verirdilər: 150 qr çörək, onun da yarısı ağac ovuntusu; bir qab şalğam suyu. Bəzi yerdə qaynar su verirdilər, bəzi yerdə yox. Daha sənə nə deyim axı, bir özün fikirləş: davadan qabaq 86 kq idim, amma payızda 50kq-dan artıq gəlmirdim. Bir dəri, bir sümük qalmışdım, sümüklərimi də güclə çəkib aparırdım. Amma işləməyinə işlədirdilər, bircə kəlmə söz deməyə ixtiyarın yox idi. Elə işlədirdilər ki, heç yük atı da buna tab gətirə bilməzdi!
Sentyabrın əvvəllərində bizi, 140 sovet hərbi əsirini Kyustrin şəhəri ətrafındakı düşərgədən Drezdenin yaxınlığındakı B-14 düşərgəcinə apardılar. Həmin düşərgədə iki minə qədər bizim əsgərlərdən vardı. Hamısı da daş karxanalarında işləyirdi. Bütün işlər əl ilə görülürdü: daşı çıxardırıdıq, kəsirdik, əzirdik. Gündə hər adam gərək 4 kubmetr daş verəydi. Onu da bilin ki, bu adamlar elə hala düşmüşdülər ki, burunlarından tutsaydın, canları çıxardı. Elə oldu ki, iki aydan sonra bura gələn 140 adamdan 57-si qaldı. Fikir verirsən də, qardaş! Yamanca müsibətdi! Ölənləri basdırmağa macal tapmırdıq. O yandan da düşərgəyə səs yayılmışdı ki, almanlar Stalinqradı tutublar, Sibirə tərəf irəliləyirlər. Dərd dərd üstündən bizi çulğalayırdı, belimizi sındırırdı, gözümüzü yerdən ayıra bilmirdik, elə bil ki, biz də bu yad yerə, bu alman torpağının altına can atırdıq. Bir yandan da düşərgə keşikçiləri hər gün içirdilər, ucadan nəğmə oxuyurdular, sevinirdilər, şənlik edirdilər.
Bir gün işdən baraklara qayıtmışdıq. Bütün günü yağış yağmışdı, əynimizdəki cır-cındır islanıb suya dönmüşdü, əsən soyuq küləkdən it kimi tir-tir əsirdik, dişimiz-dişimizə dəyirdi. Paltarımızı qurutmağa yer yox idi, qızınmağa da elə. Acından ölürdük, bu, ölüm deyildi, bu, ölümdən də betərdi! Axşam bizə yemək də vermirdilər.
Mən yaş cır-cındırı əynimdən çıxartdım, taxtın üstünə atıb dedim: “Hər adam gərək gündə 4 kubmetr daş versin, amma bizim hər birimizin qəbrinə bir kubmetr daş lap bolluğuna çatar”. Mən ancaq bunu dedim, heç demə bizim içimizdə özümüzkülərdən əclaf varmış, gedib mənim ürək yanğısı ilə dediyim bu sözləri düşərgənin komendantına xəbər verib.
Düşərgənin komendantı, onların dilincə lager-fürer, Müller adlı bir almandı. Orta boylu, möhkəm bədənli, özü də bütün ağdı: saçı da, qaşı da, kirpiyi də, hətta gözləri də ağımtıldı; dəmbərəngöz bir şeydi. Rusca elə danışırdı ki, sənlə mən danışan kimi, özü də “o” hərfini bərk deyirdi, elə bil ki, lap Volqa ətrafında böyümüşdü. Ana söyüşü söyməkdə də yamanca usta idi. Heç bilmək olmurdu ki, bu məlun bu söyüşü hardan öyrənmişdi. Görərdin ki, bizi blokun qabağında sıraya düzdü (baraka onlar blok deyirdilər), öz əsas dəstəsi ilə, köpək sürüsü kimi sıranın qabağından keçməyə başladı; sağ əlini də yuxarıda hazır tutardı. Bu əlinə meşin əlcək taxardı, əlcəyin də içinə qurğuşun parçası qoyardı ki, vuranda əli əzilməsin. Yeridikcə bir adamı ötürər, o birinin burnuna vurub “qan alardı”, buna da “qripdən qoruma” deyərdi. Hər gün də bunu edərdi. Düşərgədə 4 blok vardı. Bu cür “qripdən qorumağı” bir gün bir blok üçün eləyirdi, o biri gün o biri blok üçün, üçüncü, dördüncü blokları da o biri günlər… Məlun yamanca səliqəli idi. İstirahət günləri də işləyirdi. Ancaq o axmaq bir şeyi anlaya bilmirdi: adamların burnundan qan “almamışdan” əvvəl, özünü acıqlandırmaq üçün, on dəqiqə sıranın qabağında durub bizi söyərdi: ana söyüşlərini nahaq yerə bizim üstümüzə yağdırardı, amma biz bundan yüngüllük duyardıq: axı bunlar bizim sözlərdi, bu sözləri eşidəndə elə bil ki, ana yurdundan balaca bir meh əsirdi… O Müller deyilən bilsəydi ki, onun söyüşü bizə ancaq ləzzət verir, bizi rus dilində söyməzdi, öz dilində söyərdi. Mənim bir moskvalı dostum vardı, ancaq onun Müllerə bərk acığı tuturdu. Deyirdi ki: “Müller bizi söyəndə gözlərimi yumuram, mənə elə gəlir ki, Moskvada, Zatsepdəyəm, pivəxanada oturub pivə içirəm: könlümə elə pivə düşür ki, lap başım gicəllənir”.
Bəli, həmin bu komendant, daş barəsində ki söz demişdim, onun ertəsi günü məni öz yanına çağırtdırdı. Baraka axşam bir dilmanc , iki də keşikçi gəldi. Soruşdu ki: “Sokolov Andrey kimdir?” Dedim ki, mənəm. “Dalımızca gəl, səni herr lager-fürer özü tələb edir!” Məlum şeydir ki, niyə tələb edir: öldürməyə! Yoldaşlarımla vidalaşıb ayrıldım, hamı bilirdi ki, ölümə gedirəm. Ah çəkib yola düşdüm. Düşərgənin həyətindən gedirdim, ulduzlara baxırdım, onlarla da vidalaşırdım, fikirləşib öz-özümə deyirdim: “Budur, Andrey Sokolov, sənin əzablı günlərin qurtardı, yəni düşərgə dili ilə desək, 331-ci nömrə öldü”. İrinkaya, uşaqlara yazığım gəldi. Sonra bu ürək sızıntısı keçib getdi. Özümü ələ aldım; ona görə ələ aldım ki, bir əsgər kimi tapançanın lüləsinə cəsarətlə baxım, düşmənlər görməsin ki, ömrümün son dəqiqəsində həyatdan ayrılmaq hər necə olsa mənim üçün çətindir…
Komendantın otağı, bizim yaxşı kənd klubu kimi, tərtəmizdi. Pəncərələrə gül dibçəkləri qoyulmuşdu. Düşərgənin bütün böyükləri stolun ətrafında oturmuşdu. Onlar beş nəfərdi; şnaps içir, üstündən də donuz piyi yeyirdilər. Stolun üstündə təzə açılmış yekə bir şnaps şüşəsi, çörək, donuz piyi, islanmış alma, ağzıaçıq cürbəcür konserv qutuları vardı. Mən bir anda bu yeməli şeyləri gözdən keçirtdim, desəm inanmazsan, – başım elə hərləndi ki, az qaldı qusam. Axı mən ac qurd kimi idim, insan yeyən yeməklərdən yadırğamışdım, amma burada, gözümün qabağında gör nə qədər yeməli şey vardı! Birtəhər özümü saxladım ki, qusmayım, amma gözümü süfrədən güclə ayırdım.
Müller düz mənim qabağımda oturmuşdu; bir az kefli idi, tapançanı bir əlindən o biri əlinə ata-ata oynadırdı, özü də düz mənə baxırdı, gözlərini də ilan kimi qırpmırdı. Mən, əlbəttə, hərbi qayda ilə əllərimi yana salıb, çəkmələrimin yeyilmiş dabanlarını şaqqıltı ilə bir-birinə vurub bərkdən dedim: “Herr komendant, hərbi əsir Andrey Sokolov sizin əmrinizə görə gəlmişdir!” O da mənə belə dedi: “Adə, russ İvan, demək 4 kubmetr daş hazırlamaq çoxdur?” Dedim: “Bəli, herr komendant, çoxdur”. – “Bəs onda bir kubmetr sənin qəbrinə çatarmı”. “Bəli, herr komendant, çatar da, hələ artıq da qalar”.
O yerindən qalxıb dedi: “Mən sənə indi böyük bir yaxşılıq edəcəyəm: bu sözə görə bu saat səni özüm öz əlimlə güllələyəcəyəm. Ancaq burada yaxşı deyil, həyətə gedək, orada məsələni həll edərik”. Dedim: “İxtiyar sizindir”. O, bir az da dayanıb fikirləşdi, sonra tapançanı stolun üstünə atdı, bir dolu stəkan şnaps tökdü, bir parça çörək götürüb üstünə bir tikə donuz piyi qoydu, bunları mənə verib dedi: “Russ İvan, ölməmişdən qabaq bu şnapsı alman silahının qalibiyyəti şərəfinə iç”.
Mən şnaps dolu cnəkanı da, üstünə donuz piyi qoyulmuş çörəyi də əlimə almışdım, ancaq bu sözləri eşidəndə elə bil ki, üstümə od tökdülər! Fikirləşib öz-özümə dedim: “Mən rus əsgəri alman silahının qalibiyyəti şərəfinə içim, – elə şey olar?! Herr komendant, sən daha ayrı şey istəmirsən ki? Mən onsuz da öləcəyəm, cəhənnəm ol sən öz arağınla!”
Stəkanı, çörəyi süfrəyə qoyub dedim: “Məni qonaq etdiyiniz üçün təşəkkür edirəm, ancaq içən deyiləm”. O gülümsəyib dedi: “Bizim qalibiyyətimiz üçün içmək istəmirsən? Onda öz ölümün üçün iç”. Mən bundan nə itirirdim?! Dedim: “Öz ölümüm üçün, çəkdiyim əzabdan qurtarmağım üçün içirəm!”. Bunu deyib stəkanı götürdüm, arağı iki qurtuma içib, stəkanı yerə qoydum, çörəyə heç əl vurmadım, ağzımı ədəblə silib dedim: “Məni qonaq etdiyiniz üçün təşəkkür edirəm, herr komendant, mən hazıram, gedək məsələni həll edin”.
O, diqqətlə mənə baxıb dedi: “Heç olmasa ölməmişdən qabaq şnapsın üstündən bir parça çörək ye”. Mən ona belə cavab verdim: “Mən birinci stəkandan sonra çörək yemirəm”. Stəkanı yenə də doldurub mənə verdi. Mən bunu da içdim. Çörəyə yenə də əl vurmadım, özümü qoçaqlığa vurub fikirləşdim: “Heç olmasa həyətə çıxmamışdan, ölməmişdən qabaq bir içim!” Komendant ağımtıl qaşlarını qaldırıb soruşdu: “Russ İvan, sən niyə çörək yemirsən? Utanma, ye!” Mən yenə də öz sözümün üstündə durdum: “Bağışlayın, herr komendant, mən ikinci stəkanın da üstündən çörək yeməyə vərdiş eləməmişəm”. Komendant ovurdlarını şişirdib fınxırdı, qəhqəhə ilə güldü, gülə-gülə yoldaşlarına almanca nəsə dedi, görünür, mənim sözlərimi onlara tərcümə edirdi. Onlar da güldülər, stullarını tərpədib, sifətlərini mənə sarı döndərdilər, gördüm ki, deyəsən, indi bir az yumşalıblar.
Komendant stəkanı bir də doldurdu. Onun əlləri gülməkdən əsirdi. Bu stəkanı da başıma çəkdim, ancaq iki qurtuma deyil, yavaş-yavaş içdim; çörəkdən bir tikə dişlədim, qalanını süfrəyə qoydum. İstədim o məlunlara göstərim ki, mən acından ölsəm də, onların sədəqəsinə göz dikmirəm, məndə rus ləyaqəti, rus qüruru var, onlar nə qədər çalışsa da, məni heyvana döndərə bilmədilər!
Komendant üzdən ciddiləşdi, döşündəki iki dəmir xaçı düzəltdi, stolun dalından silahsız çıxıb dedi: “Sokolov, sən xalis rus əsgərisən. Sən qoçaq əsgərsən. Mən də əsgərəm, mən ləyaqətli düşmənə hörmət edirəm. Mən səni öldürməyəcəyəm. Bir də ki, bu gün bizim şanlı qoşunlarımız Volqanın sahilinə çatmışdır. Stalinqradı tamam tutmuşlar. Bu bizim üçün böyük sevincdir, buna görə də mən böyük bir alicənablıqla sənin ömrünü sənə bağışlayıram. Öz blokuna get. Bunu da göstərdiyin cəsarət üçün sənə verirəm”. Süfrədən bir kömbə çörək, bir parça da donuz piyi götürüb mənə verdi.
Çörəyi var gücümlə özümə sıxdım, piyi sol əlimdə tutdum, işin belə qurtaracağını heç gözləmirdim, özümü elə itirmişdim ki, heç sağ ol da demədim, nizamla dönüb, qapıya sarı getdim. Gedə-gedə fikirləşirdim: “İndi o mənim kürəyimi odlayacaq, bu şeyləri uşaqlara yetirə bilməyəcəyəm”. Yox, zaval ötmüşdü. Bu dəfə də ölüm mənim yanımdan keçib getdi, onun ancaq soyuq nəfəsi mənə toxundu…
Komendantın otağından çıxanda ayaq üstə möhkəm dururdum, amma həyətdə işim xarablaşdı. Özümü birtəhər baraka salıb, sement döşəməyə yıxıldım; huşumu itirdim. Hələ səhər açılmamışdı, yoldaşlarım məni ayıldıb soruşdular: “Danış görək nə olmuşdu?” Komendant otağında olan əhvalatı yadıma salıb onlara danışdım. Taxtada, mənim yanımda yatan yoldaşım soruşdu: “Bu yeməyi necə bölüşdürəcəyik?” Bunu soruşanda onun səsi əsirdi. Dedim: “Hamıya bir təndə!” Səhər açılana kimi gözlədik. Səhər açılanda çörəyi, piyi bərk sapla kəcdik. Hərəyə kibrit qutusu boyda çörək düşdü, çörəyin hər qırıntısını hesaba alırdıq, piy də, özün başa düşürsən, elə oldu ki, hərə öz payına düşənlə ancaq dodağını yağlaya bilərdi. Amma elə bölüşdürürdük ki, heç kəs incimədi.
Çox keçmədi ki, əsirlərdən 300 nəfər ən sağlam olanlarını bataqlıq qurutmağa göndərdilər, oradan da Rur vilayətində kömür mədənlərində işləməyə apardılar. Mən 44-cü ilə kimi orada qaldım. Bu zaman bizimkilər Almaniyanın əngini əzmişdilər, faşistlər indi əsirlərə ayrı cür baxırdılar, Bir gün gündüz işləyən əsirlərin hamısını sıraya düzdülər, bir nəfər ober-leytenant gəlmişdi o, dilmancla bizə belə dedi: “Kim ki orduda, ya da davadan əvvəl şofer olub, bir addım qabağa çıxsın”. Yeddi nəfər qabağa çıxdı. Bizə köhnə şofer paltarı verdilər, özümüzü də keşikçi dəstədi ilə Potsdam şəhərinə apardılar. Orada bizim hamımızı bir-birimizdən ayırdılar. Məni “Todt”-da işləməyə göndərdilər: almanların yol çəkmək və müdafiə istehkamı qurmaq üçün bir üzdəniraq idarəsi vardı, ona “Todt” deyirdilər.
Mən “Opel-Admiral” maşınında, mayor rütbəsində olan bir mühəndisi gəzdirirdim. Pah, bu yamanca kök faşistdi! Boy balaca, qarın yekə, eni-uzunu bir boyda; daldan enli – iri sağrılı arvad kimi! Qabaq tərəfdən, mundirinin yaxasından, bir-birinin üstündən üç yekə kət buxaq sallanmışdı, dal tərəfdən də, boynunun ardında bir-birinin üstə üç qalın qırışıq vardı. Mənə elə gəlirdi ki, onun bədənində üç pud xalis piy var. Yeriyəndə parovoz kimi fıs-fıs fısıldayırdı, yeməyə oturanda o qədər yeyirdi ki, adam lap məətəl qalırdı! Bütün günü gövşəyirdi, matradan konyak içirdi. Onun yediyindən mənə də hərdən bir şey düşürdü: bir də görürdün yolda maşını saxlatdırdı, kolbasa, pendir kəsib yeməyə başladı, yedikcə də konyak içirdi, kefi gələndə mənim də qabağıma bir parça şey atırdı, – it qabağına atan kimi! Bu şeyləri heç vaxt əlimə verməzdi, bunu özü üçün əskiklik hesab elərdi. Hər necə olsa, mənim indiki halımı güşərgədəki halımla heç tutuşdurmaq olmazdı. Buna görə də yavaş-yavaş adama oxşamağa, az da olsa əmələ gəlməyə başladım.
Mən bu mayoru iki həftə Potsdamdan Berlinə, Berlindən Potsdama apardım. Sonra onu cəbhə boyunda müdafiə istehkamları qurmağa göndərdilər. Burada yuxum da tamam qaçdı: gecələr sabaha kimi fikirləşirdim ki, vətənə necə qaçım…
Biz Polotsk şəhərinə gəldik. Dan yeri ağarırdı; mən bu iki ildə bizim topların gurultusunu birinci dəfə eşitdim. Bunu eşidəndə, bilirsən, qardaş, ürəyim necə çırpındı! Hələ subay olanda, İrina ilə görüşə gedəndə də ürəyim belə çırpınmamışdı! Vuruşma Polotskinin şərq tərəfində, şəhərin 18 km-liyində gedirdi. Almanlar şəhərdə yaman acıqlı, əsəbi olmuşdular. Mənim gəzdirdiyim kök mayor da tez-tez içməyə başlamışdı. Gündüzlər mən onu maşında şəhərin kənarına aparırdım. O, istehkam qurmaq üçün sərəncam verirdi, gecə isə təkbaşına oturub içirdi. O, başdan-ayağa şişmişdi, gözlərinin altı torbalaşmışdı…
Fikirləşib öz-özümə dedim: “Daha gözləmək olmaz! Mənim vaxtım gəlib çatıb! Özü də gərək tək qaçmayam, bu kök mayoru da özümlə aparam, orada bizimkilərə lazım olar!”
Xarabalıqdan iki kiloqramlıq bir çəki daşı tapdım. Onu silki cır-cındırına bükdüm ki, mayoru vurmalı olsam, qan çıxmasın. Yolda bir qırıq telefon məftili gördüm, onu da götürdüm. Nə lazımsa hamısını diqqətlə hazırladım, qabaq oturacağın altında gizlətdim. Almanlarla vidalaşmağa iki gün qalmışdı. Axşamdı. Benzin götürüb qayıdırdım, gördüm ki, bir alman zabiti divardan yapışa-yapışa gəlir, bərk keflidir, üst-başı da tamam toz-torpağa batıb. Maşını saxladım, onu uçmuş evlərin içinə çəkdim, mundirini dartıb əynindən çıxartdım, pilotkasını başından götürdüm, bunları da gətirib oturacağın altına qoydum.
İyunun 29-da mayor əmr etdi ki, onu şəhərin qırağına, Trosnitsa tərəfə aparım. Orada qurulan istehkamlara o başçılıq edirdi. Yola düşdük. Mayor dal tərəfdə oturub sakitcə mürgüləyirdi, mənim də ürəyim elə döyünürdü ki, az qalırdı ağzımdan çıxsın. Maşını bərk sürürdüm, şəhərin kənarına çatanda sürəti azaltdım; sonra maşını saxladım. Düşüb ətrafa baxdım: uzaqdan, arxa tərəfdən iki yük maşını gəlirdi. Çəki daşını çıxartdım, maşının qapısını açdım. Kök mayor özünü oturacağın arxasına verib xoruldayırdı, elə bil ki, arvadının yanında yatırdı. Çəki daşını onun sol gicgahına vurdum; başı sallandı; daşı bir də gicgahına vurdum, – mayorun özündın getdiyini yəqin bilmək istəyirdim, öldürmək istəmirdim, onu diri aparmaq fikirində idim, bizim adamlara o, gərək çox şeylər danışaydı… “Parabellumunu qoburundan çıxarıb cibimə qoydum: mantirovkanı dal oturacağın arxasına vurdum, telefon məftilini mayorun boynuna keçirdim, o biri ucunu aparıb mantirovkaya bağladım. Bunu ona görə elədim ki, maşını bərk sürəndə mayor böyrü üstə yıxılmasın. Alman mundirini tez əynimə geydim, pilotkanı başıma qoydum, maşını bir baş o yerə sürdüm ki, orada yer uğuldayırdı, vuruşma gedirdi…
Almanların qabaq xəttini – iki üstüörtülü səngər arasından keçdim. Blindajdan bir neçə avtomatçı çıxdı, mən qəsdən sürəti azaltdım ki, mayoru görsünlər. Onlar hay-küy qaldırdılar, əllərini yellədilər, demək istəyirdilər ki, o yana getməl olmaz, mən də guya onların nə demək istədiyini başa düşmürdüm. Maşını sürətlə sürdüm: saatda 80 km! Onlar duyuq düşüb maşını pulemyota tutanda mən öxümü ara zonaya yetirmişdim, top mərmilərinin, bombaların açdığı çuxurlar arasında maşını 0 yan – bu yana bura-bura elə qaçırdım ki, heç dovşan da belə qaşa bilməzdi.
Almanlar dal tərəfdən maşını gülləyə basmışdı, bizimkilər də qabaq tərəfdən zəhhləmi tökürdü: avtomatdan atəş açırdılar. Maşının qabaq şüşəsini dörd yerdən deşdilər, radiatora da bir neçə güllə dəydi…Birtəhər özümü göl qırağındakı kiçik meşəyə yetirdim. Bizimkilər maşına sarı yüyürdülər : mən cəld maşından çıxıb özümü meşəyə atdım, yerə yıxılıb torpağı öpməyə başladım; nəfəsim tutulurdu…
Hamıdan tez cavan bir oğlan yüyürüb gəldi, onun gimnastyorkasında xaki rəngli paqon vardı, – mən indiyə kimi belə şey görməmişdim. O, dişini qıcıyıb dedi: “Hə, məlun fris, yol azmısan?” Mən o saat əynimdəki alman mundirini çıxartdım, pilotkanı ayağımın altına atıb dedim: “Ay səfeh, ay mənim əzizim! Oğul, başına dönüm! Mən fris hardan oldum, mən xalis voronejliyəm. Əsir düşmüşdüm, bildinmi? Siz o qabanı oradan açın – o maşında oturanı; onun portfelini götürün, məni komandirinizin yanına aparın”. Tapançamı onlara verdim. Onlar məni aparıb bir-birinə təhvil verdilər. Axşamüstü polkovnikin yanına çatdım. O, diviziya komandiri idi. Diviziya komandirinin yanına çatana kimi məni yaxşıca yedirtdilər, hamama apardılar, sorğu-sual edib danışdırdılar, mənə pal-paltar verdilər, belə ki, blindaja, polkovnikin yanına lap qayda ilə gəldim; həm bədəncə, həm ruhca tər-təmiz, özü də hərbi geyimdə! Polkovnik stolun dalından durub mənim qabağıma gəldi. Bütün zabitlərin yanında məni qucaqlayıb dedi: “Sağ ol, əsgər, almanlardan gətirdiyin bu qiymətli hədiyyə üçün sağ ol! Sənin o portfelli mayorun, tutulub gətirilən iyirmi “dildən” də qiymətlidir! Komandanlıqdan xahiş edəcəyəm, səni dövlət mükafatına təqdim etsinlər”. Onun bu sözündən, mənə göstərdiyi bu hörmətdən yaman həyəcanlandım, dodaqlarım əsdi, ancaq bu sözləri deyə bildim: “Yoldaş polkovnik, xahiş edirəm, məni atıcı hissəyə göndərəsiniz!”
Polkovnik güldü, əlini çiynimə vurub dedi: “Sən güclə ayaq üstə durursan, səndən nə döyüşçü. Elə bu gün səni hərbi xəstəxanaya göndərərəm. Orada səni müalicə edərlər, yaxşı yedirdərlər, əmələ gələrsən, sonra da bir aylığa evinizə, məzuniyyətə gedərsən, geri qayıdanda baxarıq, görək səni hansı hissəyə göndərmək olar”.
Polkovnik də, onun yanında olan zabitlər də lap ürəkdən əlimi sıxdılar, mənimlə vidalaşdılar. Blindajdan çıxanda böyük həyəcan içində idim, çünki bu iki ildə mənimlə bir insan kimi rəftar edilməmişdi, mən bundan yadırğamışdım. Qardaş, onu da deyim ki, hələ uzun zaman məndə bir şey adət olub qaldı: rəislərlə danışanda istər-istəməz boynumu qısırdım, elə bil qorxurdum ki, məni vuracaqlar. Bax, faşist düşərgələrində bizi bu kökə salmışdılar!..
Xəstəxanaya gedən kimi İrinaya kağız göndərdim. Başıma gələn əhvalatları, əsir düşdüyümü, əsirlikdən qaçdığımı, özümlə bir alman mayoru gətirdiyimi qısaca yazdım. Özümü saxlaya bilməyib, bunu da yazdım ki, polkovnik məni mükafata təqdim etməyə söz vermişdir, ancaq heç bilmirəm bu uşaqcasına lovğalıq haradan mənim ağlıma gəlmişdi…
İki həftə yeyib yatdım. Mənə az-az, amma tez-tez yeməl verirdilər, həkim deyirdi ki, birdən çoxlu yemək verilsə, səni xarab elər. Yavaş-yavaş lap əmələ gəldim. Amma iki həftədən sonra heç bir şey yeyə bilmədim, – evdən cavab gəlmirdi, mən də, boynuma alıram, yaman darıxırdım. Yemək heç yadıma düşmürdü, gözümə yuxu getmirdi, fikrimə pis-pis şeylər gəlirdi… Üçüncü həftədə Voronejdən bir kağız aldım. Kağızı İrina deyil, qonşumuz dülgər İvan Timofeyeviç yazırdı. Heç kəsə rəva görmürəm ki, belə bir məktub alsın! İvan Timofeyeviç yazırdı ki, 42-ci ilin iyun ayında almanlar təyyarə zavodunu bombaladılar, onda ağır bombalardan biri düz sizin evinizin üstünə düşdü. Bu zaman İrina qızları ilə evdə imiş. Yazırdı ki, onların heç izini də tapmadıq, evin yerində dərin bir çuxur əmələ gəlmişdi… Kağızı axıra kimi oxuya bilmədim: gözlərim qaraldı, ürəyim yumaq kimi sıxıldı. Çarpayıda uzandım; bir azdan sonra kağızı axıra kimi oxudum. Qonşum yazırdı ki, almanlar oranı bombalayanda oğlum Anatoli şəhərdə idi. Axşam qəsəbəyə qayıtdı, gedib evlərinin yerində əmələ gələn çuxura baxdı, yenə də şəhərə getdi. Qonşusuna deyibmiş ki, gedib xahiş edəcəyəm, məni könüllü cəbhəyə göndərsinlər. Məktub bununla qurtarırdı.
Ürəyim sakit olanda, qulaqlarımda qanın uğultusunu duyanda İrina ilə vağzalda ayrılmağım yadıma düşdü: o məndən nə çətinliklə ayrılmışdı! Deməli, hələ onda İrinanın ürəyinə damıbmış ki, biz bir daha bu dünyada görüşməyəcəyik…
Onda mən İrinanı itələdim… Mənim ailəmvardı, evim vardı; bunu mən illərlə qurub düzəltmişdim; bir anda bunlar hamısı məhv olub getdi, mən tək qaldım, fikirləşib öz-özümə dedim: Bəlkə mənim bu məşəqqətli həyatım bir yuxu imiş! Axır əsir olanda mən çox vaxt gecələr öəyalımda İrina ilə, uşaqlarla danışırdım, onlara ürək-dirək verirdim, deyirdim ki, İrina, mənim balalarım, dərd çəkməyin, mənim canım bərkdir, hər şeyə dözəcəyəm, yenə də qayıdacağam, biz yenə də bir yerdə yaşayacağıq…
Deməli, mən iki il ölülərlə danışırmışam!..
Sokolov bir az susdu, sonra astadan qırıq-qırıq dedi:

Qardaş, elə bil ki, boğuluram, gəl bir papiros çəkək..
Papiros çəkdik. Su basmış meşədə ağacdələn ağacı dimdiyi ilə bərkdən taqqıldadırdı. Yenə əvvəlki kimi isti külək qızılağac sırğacıqlarını ağır-ağır tərpədirdi; yenə əvvəlki kimi ağ buludlar göyün mavi dərinliklərində, ağ yelkənli qayıq kimi üzürdü. Lakin bu kədərli sükut anlarında bu ucsuz-bucaqsız dünya mənə başqa cür görünürdü – o dünya ki, öz baharı ilə böyük bir dəyişikliyə, canlıların həyatda həmişəlik bərqərar olmasına hazırlaşırdı…
Susmaq mənə əzab verirdi; soruşdum ki:
– Sonra nə oldu?
O könülsüz halda dedi:
– Sonra? Sonra polkovnik mənə bir aylıq məzuniyyət verdi. Bir həftədən sonra özümü Voronejə yetirdim. Vaxtilə ailəm yaşadığı yerə piyada getdim. Orada nə gördüm: çirkli su ilə dolmuş dərin bir çuxur, çuxurun da ətrafında qurşağa kimi alaqotu… Boş, kimsəsiz bir yer, qəbir sükutu… Ah, qardaş, bilirsən onda mən nə əzab çəkdim!.. Xeyli dayanıb durdum, ürəyim od tutub yandı, sonra yenə də vağzala getdim. Orada bircə saat da qala bilməzdim: elə o gün diviziyaya qayıtdım.
Üç aydan sonra mənim də ürəyim açıldı, elə bil ki, bulud altından gün çıxdı. Anatolidən xəbər gəldi. Mənə məktub yazmışdı; görünür, məktubu başqa bir cəbhədən göndərmişdi… Ünvanımı qonşumuz İvan Timofeyeviçdən öyrənibmiş. Heç demə, əvvəl o topçuluq məktəbində oxuyubmuş, riyaziyyata olan qabiliyyəti orada lazım olmuşdu. Məktəbi bir ildən sonra uğurla bitirmiş, cəbhəyə getmişdi. Yazırdı ki, “mənə kapitan rütbəsi vermişlər, “qırxbeşlər” deyilən batareyaya komandirlik edirəm, altı dənə ordenim, medalım var”. Sözün qısası, atasını hər barədə vurub ötmüşdü! Yenə də mən onunla yaman lovğalandım!
Hər necə olsa, o mənim oğlumdu, özü də kapitandı, batareya komandiri idi, bu sənə zarafat gəlməsin! Gör nə qədər ordeni vardı! Amma onun atası “Studebekker”də top mərmisi, başqa hərbi ləvazimatlat daşıyırdı. Bunun eybi yoxdur: mən öz dövranımı sürmüşəm, amma onun həyatı hələ qabağda idi.
Bu məktubu alandan sonra, gecələr, qoca adam kimi, xəyala dalardım, öz-özümə deyərdim: elə ki dava qurtardı, oğlumu evləndirəcəyəm, özüm də onların yanında yaşayacağam, dülgərlik eləyəcəyəm, həm də öz nəvələrimə baxacağam. Bəli, ağlıma belə-belə qocalığa xas olan fikirlər gəlirdi. Ancaq burada da əlim boşa çıxdı. Qışda biz dayanmadan hücum edirdik, bir-birimizə tez-tez kağız yazmağa vaxt yox idi. Davanın qurtarmasına az qalmışdı. Berlinin lap yanında, səhər çağı Anatoliyə balaca bir məktub göndərdim, ertəsi gün məktuba cavab gəldi. Burada mən başa düşdüm ki, bizim hər ikimiz, ata-oğul, ayrı-ayrı yollarla alman paytaxtına yaxınlaşmışıq, özümüz də bir-birimizdən uzaqda deyilik. Onu böyük intizarla gözləyirdim, ürəyim dözmürdü, deyirdim, görəsən haçan görüşəcəyik…Bu da mənə nəsib olmadı… Düz mayın 9-da, səhər çağı, Qələbə günü alman snayperi mənim Anatolimi vurub öldürdü…
Bundan bir gün sonra rota komandiri məni öz yanına şağırtdırdı. Onun yanında mənim tanımadığım bir topçu podpolkovniki də oturmuşdu. Otağa girdim. O, yerindən qalxdı, elə bil ki, rütbəcə mən ondan böyükdüm. Rota komandiri dedi: “Sokolov, səni görmək istəyirlər”. Özü isə pəncərəyə sarı döndü. Bu zaman elə bil məni ildırım vurdu: pis bir xəbər eşidəcəyəmi duymuşdum. Podpolkovnik mənə yaxınlaşıb yavaşca dedi: “Ata, özünü möhkəm tut. Sənin oğlun kapitan Sokolov bu gün batareyada həlak olmuşdur. Gedək!”
Mən səndələdim, amma özümü ayaqüstə saxlaya dildim. Hələ indi də podpolkovniklə bərabər yekə bir maşında getdiyimi, daş-torpaq tökülmüş küçələrdən keçdiyimi, sıraya düzülmüş soldatları, qırmızı məxmərə tutulmuş tabutu yuxu kimi xatırlayıram. Amma Anatolini, bax, səni görən kimi görürəm, qardaş. Tabuta yaxınlaşdım. Oğlum o tabutda idi: o həm mənim oğlumdu, həm də mənim deyildi. Mənim oğlum gülərüzlü, ensizkürəkli, nazikboyunlu, arıqlığından xirtdəyi çıxmış bir uşaqdı; amma tabutda yatan enlikürək, cavan, qəşəng bir kişi idi. Onun gözləri azca açıqdı, elə bil ki, o mənə yox, mənə məlum olmayan uzaq-uzaq üfüqlərə baxırdı.Yalnız mənim əvvəlki oğlumun, mənim tanıdığım Tolkanın kiçik bir təbəssümü djdaqlarının ucunda həmişəlik qalmışdı. Mən onu öpüb kənara çəkildim. Podpolkovnik nitq söylədi. Mənim Anatolimin yoldaşları, dostları göz yaşlarını silirdilər, amma mənim gözümdən yaş çıxmırdı, görünür, mənim göz yaşım ürəyimdə qurumuşdu… Bəlkə də ona görə ürəyim belə ağrıyır?..
Mən son fərəhimi, son ümidimi yad bir ölkədə – alman torpağında dəfn etdim. Oğlumun batareyası atəş açdı, o öz komandirini uzaq-uzaq yollara yola salırdı. Mənim də qəlbimdə elə bil ki, bir şey qırıldı… böyük müsibət içində öz hissəmə qayıtdım. Çox keçmədi, məni ordudan buraxdılar. Fikirləşdim ki, hara gedim! Voronejəmi? Yox, dedim, ora getmərəm! Yadıma düşdü ki, Uryupinskdə bir dostum var, yaralandığına görə hələ qışda ordudan buraxılmışdı, bir zaman o məni öz yanına çağırırdı. Bu yadıma düşdü. Uryupinskə getdim.
Dostum arvadı ilə şəhərin kənarında yaşayırdı. Ev özünükü idi. Özləri də sonsuzdular. O, əlil olsa da, avtorotada şoferlik edirdi, mən də orada işə girdim. Onlar öz evlərində mənə yer verdilər. Biz rayonlara cürbəcür yük daşıyırdıq. Payızda taxıl daşımağa başladıq. Bu zaman mən bu təzə oğlumla tanış oldum, – indi odur, qumda oynayır.
Maşınla işdən şəhərə qayıdanda, məlum şeydir, ən əvvəl çayxanaya girirdim ki, bir şey yeyim, yorğunluğum çıxsın deyə 100 qr da içirdim. Bunu da deyim ki, mən bu zəhrimar arağa yamanca öyrəşmişdim… Bir gün çayxananın qabağında bu uşağı gördüm. Ertəsi gün yenə gördüm. Üstü-başı cır-cındır, xırdaca bir uşaq. Üzü tamam qarpız suyuna bulaşmışdı, üstündən də toz qonmuşdu. Yamanca çirkli idi. Saçı daranmamışdı, amma gözləri, gecə yağışından sonra ulduz kimi parıldayırdı! Qəribə şeydir, o mənim elə xoşuma gəldi ki, onsuz darıxmağa başladım, tələsirdim ki, işdən tez qayıdıb onu görüm. O, çayxananın qabağında dolanırdı, kim nə versə onu yeyirdi.
Dördüncü günü taxıl yüklənmiş maşını sovxozdan birbaş çayxananın qabağına sürdüm. Həmin uşaq artırmada oturub ayaqlarını yelləyirdi, aydın görünürdü ki, acdır. Başımı maşının pəncərəsindən çıxarıb onu çağırdım, dedim ki: “Adə, Vanyuşka! Tez ol maşına min, səni elevatora aparım, qayıdıb gələndə burada nahar elərik”. O mənim səsimdən diksindi, tez artırmadan düşüb, birtəhər maşının pilləsinə qalxdı, sonra da yavaşca dedi: “Əmi, siz haradan bilirsiniz ki, mənim adım Vanyadır?” Özü də təəccüblə mənə baxırdı, gözləyirdi ki, görsün mən nə deyəcəyəm. Dedim ki, mən dünya görmüş adamam, hər şeyi bilirəm.
O düşüb sağ tərəfdən maşına yaxınlaşdı; mən maşının qapısını açdım, onu öz yanımda oturtdum; yola düşdük. Çox diribaş uşaqdı. O birdən susdu, fikrə getdi. Ucları yuxarı qatlanmış kirpikləri altından arabir mənə baxıb ah çəkirdi, Özü körpəcə tifildi, amma ah çəkməyi öyrənmişdi. Onun nəsibi bumu olmalı idi? Soruşdum ki: “Vanya, sənin atan hardadır?” O pıçıldayıb dedi: “Cəbhədə ölüb”. – “Bəs anan hanı?” – “Biz gələndə bomba düşdü, aman vaqonda öldü”. – “Siz hardan gəlirdiniz?” – “Bilmirəm, yadımda deyil”. – “Burada sənin heç bir qohum-əqrəban yoxdur?” – “Heç kəsim yoxdur”. – “Gecə harda qalırsan?” – “Harda olsa”.
Bunu eşidəndə ürəyim odlandı, gözlərim doldu, o saat belə bir qərara gəldim: – Yox, heç ola bilməz ki, biz ayrılıqda məhv olub gedək! Mən onu oğulluğa götürəcəyəm! Elə o saat ürəyimdə bir yüngüllük hiss etdim, elə bil könlümə işıq düşdü. Ona sarı əyilib yavaşca dedim: “Vanyuşa, sən bilirsənmi mən kiməm?” O yavaşca soruşdu: “Kimsiniz?” Mən yenə də yavaşca dedim: “Mən sənin atanam!”
Aman allah, bu vaxt heş bilirsən nə oldu?! O, boynumu qucaqladı, üzümü, gözümü, dodağımı, alnımı öpməyə başladı, özü də ardıcquşu ikimi, elə nazik səslə çığırdı ki, kabinədə ayrı heş bir səs eşitmək olmadı. Dedi ki: “Atacan, əzizim! Mən bilirdim! Mən dilirdim ki, sən məni tapacaqsan! Hər necə olsa tapacaqsan! Mən səni çox gözlədim, deyirdim, görəsən sən məni haçaq tapacaqsan!” O mənə sıxılmışdı, bütün bədəni, küləkdə əsən xırdaca ot kimi titrəyirdi. Mənim də bütün bədənim titrəyirdi, əllərim əsirdi, gözlərimə elə bil duman şökmüşdü… Onda necə oldu ki, maşının sükanını əlimdən buraxmadım, buna ancaq təəccüb etmək olar!
Ancaq maşın su dolmuş xəndəyə girdi, onda motoru söndürdüm. Nə qədər ki, duman gözümdən çəkilməmişdi, maşını sürməyə qorxurdum, deyirdim, adam-zad basıb elərəm. Beş-altı dəqiqə dayanıb gözlədim, oğlum var gücü ilə mənə sıxılırdı, susurdu, titrəyirdi. Mən onu sağ əlimlə qucaqladım, yavaşca özümə sıxdım, sol əlimlə maşını işə salıb, geri döndüm, öz otağıma qayıtdım. Daha elevatora getmək nədi, onda heç elevator yadıma düşürdü?!
Maşını darvazanın qabağında saxladım, təzə oğlumu qucağıma alıb, evə sarı getdim. O, xırdaca əlləri ilə boynumu qucaqlamışdı, üzünü qırxılmamış üzümə bərk-bərk sıxmışdı, elə bil mənə yapışıb qalmışdı. Bu cür də mən onu evə apardım. Dostum da, arvadı da evdə idilər – bu lap yerinə düşdü. İçəri girən kimi gözümün ikisi ilə də göz vurub, gümrah səslə dedim: “Budur, mən öz Vanyuşkamı tapdım! Əziz dostlar, bizi qəbul edin!”
Onların övladı olmurdu, o saat bildilər ki, mən nə demək istəyirəm, tez əl-ayağa düşdülər. Amma mən ha çalışırdım, oğlumu özümdən aralaya bilmirdim. Axırda birtəhər tovlayıb yola gətirdim. Əllərini sabunla yuyub, stolun yanında oturtdum. Dostumun arvadı boşqaba borş töküb onun qabağına qoydu. Oğlum, görünür, çox ac imiş: arvad onun xörəyi acgözlüklə yediyini görüb, özünü saxlaya bilmədi, gözündən yaş sel kimi axdı. Sobanın qabağında, döşlüyünü gözünə basıb ağlayırdı. Vanyuşka onun ağladığını görüb yanına yüyürdü, ətəyindən çəkə-çəkə soruşdu: “Xala, siz niyə ağlayırsınız? Atam məni cayxananın qabağında tapdı. Hamı gərək buna sevinsin, siz ağlayırsınız!” Arvad bunu eşidəndə daha bərkdən ağlamağa başladı; ağlamaqdan gözləri şişdi!
Nahardan sonra onu dəlləkxanaya apardım, saçını qırxdırdım, evdə özüm onu təknəyə qoyub yuyundurdum, təmiz bir döşəkağına büküdüm. O məni qucaqladı, elə qucağımda da yuxuya getdi. Onu üsulluca çarpayıya qoydum, gedib maşına mindim, birbaş elevatora sürdüm. Taxılı boşaltdım, maşını aparıb dayanacaqda qoydum, tez mağazalara dəydim. Oğluma balaca bir mahud şalvar, bir üst köynəyi, bir cüt səndəl, bir dənə də lif kartuz aldım. Evə aparanda məlum oldu ki, bunlar hamısı uşağa çox böyükdür, malı da çox pisdir. Aldığım şalvardan ötrü dostumun arvadı məni danladı da. Dedi ki: “Sənin ağlın çaşıb hədi? Belə istidə uşağa mahud şalvar geydirmək olar?” O saat tikiş maşınını stolun üstünə qoydu, sandığı axtardı. Bir saata kimi mənim Vanyuşkama xırdaca bir sətin tuman, bir də qısa qollu ağ köynək tikdi. Axşam mən onu öz yanıma salıb yatırtdım: bu uzun müddətdə birinci dəfə idi ki, mən rahat yata bilmişdim. Amma gecə dörd dəfə yuxudan oyandım. Ayılıb görürdüm ki, o mənim qoltuğuma sıxılıb, – sərçə öz yuvasına sıxılan kimi, özü də yavaş-yavaş fısıldayır. Elə sevinirdim ki, bunu söz ilə demək olmaz! Çalışırdım ki, tərpənməyim, onu yuxudan oyatmayım, ancaq yenə səbrim çatmırdı, astaca durub kibriti yandırırdım, ona fərəhlə baxırdım…
Səhərə yaxın yuxudan ayıldım, elə bil ki, nəfəsim tutulurdu. Gördüm ki, oğlum döşəkağının arasından çıxıb, əl-qolunu atıb çəpinə yatıbdır, ayağını da boğazıma dirəyib. Onunla bir yerdə yatanda narahat olurdum, ancaq buna adət eləmişdim, onsuz darıxırdım. Gecə yatanda gah baş-gözünü sığallayırdım, gah saçını qoxulayırdım, onda ürəyim sakit olurdu, yumşalırdı. Axı dərd əlindən ürəyim daşa dönmüşdü.
İlk günlər onu maşına qoyub özümlə aparırdım. Sonra gördüm ki, belə olmayacaq. Tək olanda mənim özümə nə lazımdı? Bir parça çörək, bir baş soğan, bir az da duz – bütün günü tox olurdum. Amma indi məsələ başqa cür olmuşdu: ona gah süd tapmaq, gah yumurta bişirmək lazımdı; bunlar olsa da yenə isti xörəksiz iş keçmirdi. Bunu da eləyəndə işim tökülüb qalırdı. Canımı dişimə tutub, onu ev yiyəsinin arvadının yanında qoydum, özüm maşına minib getdim. O, axşama kimi göz yaşı tökmüşdü, axşam da qaçıb elevatora gəlmişdi ki, məni görsün. Axşamdan xeyli keçənə kimi orada məni gözləmişdi.
Əvvəl vaxtlar onu saxlamaqda çox çətinlik çəkirdim. Bir gün bərk yorulmuşdum. Hava heç qaralmamışdı ki, yerimə girdim. Oğlum həmişə sərçə kimi civildəyər, bir şey danışardı, amma indi susurdu. Soruşdum ki: “Oğul, nə fikirləşirsən?” O tavana baxa-baxa məndən soruşdu: “Ata, sən meşin paltonu neylədin?” Mənim heç ömrümdə meşin paltom olmamışdı! İşin içindən çıxmaq üçün dedim: “Voronejdə qalıb”. – “Bəs sən məni niyə bu qədər çox axtardın?” Dedim ki: “Oğul, mən səni Almaniyada da axtarmışam, Polşada da, bütün Belorusiyanı gəzib dolanmışam, gah piyada, gah maşında, heç demə sən Uryupinskdə imişsən…” – “Uryupinsk Almaniyaya yaxındır! Polşa bizim evimizdən çox uzaqdadır?” Ta yatana kimi biz belə söhbət edirdik.
Qardaş, sən elə bilirsən meşin paltonu o nahaq yerə soruşurdu? Xeyr, bunu heç də nahaq yerə soruşmurdu. Görünür, onun əsil atası bir vaxtlar meşin palto geyirmiş, bu da onun yadında qalmışdır. Uşaq yaddaşı yayda çaxan ildırım kimidir, bir anda parıldayır, hər yeri işıqlandırır, yenə də sönür. Onun da yaddaşı ildırım kimi çaxıb sönürdü.
Biz bəlkə bir il də Uryupinskdə yaşardıq, ancaq noyabr ayında başıma qəziyə gəldi. Bir gün maşını sürürdüm, yer palçıqdı, bir xutorun içindən keçəndə maşın baş alıb getdi, saxlaya bilmədim. Elə bu zaman hardansa bir inək çıxdı, maşın ona toxundu, inək yıxıldı. Elə o saat arvadlar hay-küy saldılar, camaat yığışdı, avtomobil müfəttişi də dərhal hazır oldu. Nə qədər yalvardım ki, mənə rəhmi gəlsin, olmadı, şoferlik vəsiqəmi alıb apardı. İnək yerindən qalxdı, quyruğunu belinə qoyub, küçı ilə qaça-qaça getdi, mən də şoferlik vəsiqəsindən məhrum oldum. Qışı dülgər işlədim. Mənim bir dostum var, orduda bir yerdə qulluq eləmişdik. O sizin vilayətdə Kaşar rayonunda şoferlik edir. Onunla məktublaşdım; o məni öz yanına çağırdı. Yazdı ki, beş-altı ay dülgər işlərsən, sonra bizim vilayətdə sənə təzə şoferlik vəsiqəsi verərlər. İndi mən də öz oğlumla səfərə çıxıb Kaşara gedirəm.
Bir də ki, bu qəziyə mənim başıma gəlməsəydi də, Uryupinskdən çıxıb gedəcəkdim. Qəm-qüssə məni uzun zaman bir yerdə yaşamağa qoymur. Elə ki, Vanyuşka böyüdü, onu məktəbə qoydum – bəlkə ondan sonra sakitləşib, bir yerdə yaşaya bildim. İndisə hələlik oğlumla rus torpağını gəzib dolanıram.
Dedim ki:
– Yol getmək onun üçün çətin olar.

O öz ayağı ilə çox az yeriyir, çiynimə alıb aparıram. Könlü gəzmək istəyəndə çiynimdən düşür, yolun qırağı ilə çəpiş kimi tullana-tullana gedir. Qardaş, bunlar hamısı keçib gedərdi, biz birtəhər yaşardıq, ancaq ürəyim axır vaxtlar sözümə baxmır, qapaqlarını dəyişmək lazımdır. Hərdən elə sıxılır, elə ağrıyır ki, gözüm qaranlıq gətirir. Qorxuram ki, bir gün yuxuda öləm, oğlumu qorxudam. Bundan başqa bir müsibət də mənə üz verib: öz əziz arvadımı, uşaqlarımı çox vaxt yuxuda görürəm. Çox vaxt da belə görürəm: mən tikanlı məftil çəpər içindəyəm, onlar da çəpərin bayırında… İrina ilə, uşaqlarla söhbət eləyirəm; ancaq məftilləri əlimlə aralamaq istəyəndə, onlar çıxıb gedirlər, elə bil ki, yox olurlar… Bir şey də çox qəribədir: gündüzlər özümü şox möhkəm tuturam, bircə “ah-vay” da eləmirəm, amma gecə yuxudan ayılanda görürəm, balış göz yaşımdan tamam islanıb…
Meşədən yoldaşımın və suya dəyən avarların səsi eşidildi.
İndi mənə yaxın olan bu yad adam yerindən qalxdı, ağac kimi bərk, iri əlini mənə sarı uzadaraq dedi:
– Sağlıqla qal, qardaş! Yaxşı yol!
– Sən də sağlıqla qal! Uğur olsun!
– Təşəkkür edirəm! Adə, oğul, gəl minək qayığa.

Uşaq atasına sarı yüyürdü, onun sağ tərəfinə keçib sırıqlısının ətəyindən tutdu, ayaqlarını xırda-xırda ataraq, iri addımlarla gedən atasının yanı ilə tez-tez yeriməyə başladı.

Budur, misli-bərabəri görünməmiş dəhşətli bir hərdi qasırğa ilə qürbət ellərə atılmış iki xırdaca qum zərrəsi, yetim qalmış iki insan!.. Qarşıda onları nə gözləyirdi? Adam düşünmək istəyir ki, bu rus, yenilməz iradəyə malik olan bu insan ağır vəziyyətdən çıxacaq, onun qanadı altında böyüyən bu uşaqdan elə bir insan yetişəcək ki, Vətən tələb edərsə, o hər şeyə dözəcək, qarşısına çıxan maneələri dəf edəcəkdir!

Mən ağır bir kədərlə onların ardınca baxırdım… Bəlkə də bizim bu ayrılığımız elə bununla da bitib gedəcəkdi, lakin belə olmadı: Vanyuşka, xırdaca ayaqları bir-birinə dolaşa-dolaşa, bir neçə addım getdikdən sonra, dayanmadan dönüb mənə baxdı, kiçicik, çəhrayı əlini yellədi. Birdən sanki yumşaq, lakin caynaqlı bir pəncə ürəyimi sıxdı, tez üzümü yana çevirdim. Bəli, yaşa dolmuş, müharibə illərində saçı ağarmış kişilər ancaq yuxuda ağlamırlar, onlar oyaq da olanda ağlayırlar. Burada əsas məsələ bacarıb vaxtında üzünü yana çevirməkdir. Burada ən əsas məsələ uşağın qəlbini yaralamamaqdır: o gərək sənin yanaqlarından axan bir neçə damla göz yaşını görməsin, kişilərin axıtdığı odlu göz yaşını…


1956