Kefli İsgəndərlə araq içmək – Qan Turalı yazır…

Qan Turalı

Ölkədə hamının danışıb heç kimin bilmədiyi bir mövzu var: Təhsil. Yaxşı, çox az adamın bildiyi deyək. Müzakirələr, sözsüz ki, yaxşıdır, ancaq mahiyyəti üzrə…

Əvvəlcə, biz problemlərə aydın şəkildə baxmalıyıq. Universitet nədir? Biliyin yaradılmasını, ötürülməsini və yayılmasını təmin edən ali təhsil qurumu. Birincisi elmdir, ötürən təhsildir, yayan isə elmi nəşrlər… Və universitet budur. İş tapmaq üçün vasitə yox…

Təəssüf ki, bizim universitetlərimiz BDU istisna olmaq, sovet dövründə qurulub və əsas missiyaları da sovet sisteminə uyğun olaraq əmək prosesi üçün peşəkar kadrlar yetişdirmək olub. Universitet bizdə heç bir zaman yuxarıda qeyd etdiyim üç funksiyanı birlikdə yerinə yetirməyib. Biz bu gün həmin dövrün sisteminə uyğun qurulan universitetlərin müasir dövrümüz üçün köhnəldiyini görürük. Təsəvvür edin ki, sovet zamanında bir çox fakültələrə daxil olmaq üçün iş stajı tələb edilirdi. İndi universitet məzunundan tələb edilən iş stajı o zaman abituriyentin qarşısında dayanırdı.

Sovet isə 30 ildən çoxdur ki, yoxdur. Artıq dünya bambaşqa bir yerə gedir. Keçən il ABŞ Əmək Nazirliyinin apardığı bir araşdırmağa nəzər salın. Hazırda universitetdə oxuyanların 65 faizi 40 yaşına çatdıqda, yəni təxminən 20 il sonra hazırda mövcud olmayan, indi heç kəsin adını da bilmədiyi peşələrdə çalışacaq. Bəs bizim bugünkü təhsilimiz adını bilmədiyimiz peşə üzrə necə kadr hazırlayır? Təhsilin təkcə bizdə yox, elə bütün dünyadakı çıxılmazlığı bundadır. Ancaq onlar bizdən fərqli olaraq bu barədə düşünür və çalışırlar.

Sadə bir misal: Əvvəllər gedib kontur alırdıq, indi isə evdən çıxmadan həmin funksiyanı telefonla edə bilirik. ABŞ-da bir neçə böyük şirkət, o cümlədən “Apple”, “Google” sürücüsüz maşınlar istehsal edir. Banka yolum düşəndə iqtisadiyyat liseyi oxuduğuma görə özümə uzaqdan da olsa, həmkar hiss etdiyim əməliyyatçıları görürəm. Dörd il təhsil alıb, “görünməz əl”dən “inzibati amirlik sistemin”ə, ali riyaziyyatdan pul-kredit siyasətinə qədər o qədər dərs oxu və sənin işin kreditin ilkin ödənişin çıxıb onu aylar üzrə faizlərə bölmək, sonra da kserokopiya çıxartmaq olsun. Axı bu gəncin 15 illik təhsilinə dövlətin ayırdığı pul heyifdir. Pul heç, bu adam heyifdir…

Dediklərim iqtisadiyyat, ya da maliyyə təhsilinin gərəksizliyi kimi başa düşülməsin. Yüksək intellekt, zəka tələb edən işlər əlbəttə ki, insansız görülə bilməz. Ancaq dörd il iqtisadiyyat təhsili bank əməliyyatçısı kimi orta məktəbi normal oxumuş bir insanın edə biləcəyi iş üçün xərclənməməlidir.

Azərbaycan elektron dövlət modelini uğurla tətbiq edən ölkələrdən biridir. Yəqin ki, kredit almaq üçün banka yox, e-dövlətə müraciət edəcəyimiz bu gün bizə fantastik görünmür. Bəs bu işçilər nə olacaq? Məsələ burdadır…

Misalı iqtisadçılardan verdim, amma proses qlobal əhəmiyyət daşıyır. Sürücüsüz maşınlar dövründə sürücülər neyləyəcək? ABŞ Əmək Nazirliyinin dediyi də budur. Burada mediadan oxuduğum bir xəbəri xatırlayıram. Pilotsuz uçuş aparatları, hörmətli itqovanlar… Bəli, düşünürük ki, nə gözəl texnikadır, pilotsuz uçur. Amma onu uçuran lazımdır axı. Xəbər də bu idi: ABŞ ordusu pilotsuz uçuş aparatını idarə edəcək insanlar axtarırdı. Bəli, bunun üçün xüsusi qabiliyyət, savad gərəkdir. Ancaq tarixdən bilirik ki, əksər hallarda sənayenin inkişafı elmi qabaqlayır. Harvarda dron operatorluğu fakültəsi yox idi ki… Gələcəyin peşələri də bu cür olacaq. Dron demişkən, artıq dünyada dronlarla evə yemək çatdırmağa başlayırlar. Bu, milyonlarla kuryerin işsiz qalması ilə nəticələnəcək. O dövrlərin televizor ustaları indi nə ilə məşğuldur?

Yəhudi professor Hariri kitabında maraqlı bir fikir irəli sürür. Belə ki, avtomobilin kəşfi və populyarlaşmasından sonra faytonçular taksi sürməyə başladılar. Onların şəhəri tanımaları burada köməklərinə çatırdı. Fikrin dəhşəti isə professorun proqnozundadır: “Artıq bizi faytonçuların yox, atların aqibəti gözləyir…” Çünki sürücüsüz maşınlar yolları sürücülərdən də yaxşı tanıyır. Elə sürücülər də elektron naviqasiya ilə yol getmirlərmi?

Bütün bunları ümidsizlik yaymaq, qorxulu ssenarilər quraşdırmaq üçün yazmıram. Əksinə… Artıq dünyada elm sürətlə inkişaf edir. İki-üç il ərzində elmi biliklər yenilənir. Peşələr məhv olur, yeni sahələr yaranır. Buna görə də universitetlərin sözün həqiqi mənasında biliyin yarandığı yer halına gətirmək lazımdır. Yəni, bu prosesdə biliyi tələbəyə başına qoymaqdan daha çox onu necə əldə etməyi öyrətmək daha əhəmiyyətlidir. Başqa cür desəm, biliyi öyrətmək yox öyrənməyi öyrətmək. Dediyim kimi, indiki tələbələrin 20 il sonra 65 faizinin peşəsinin adı bizə məlum deyil. Bəs indi doğulanlar necə? Bəs təhsil nəyə xidmət etməlidir? Onların bilikləri asanlıqla əxz etməsini, analitik təfəkkürlərini formalaşdırmağa… Balıq köhnələ bilər, balıq tutmaq isə əsla…

Ancaq təəssüf ki, biz bu prosesin uzağında qalmışıq. Nisbətən yaxşı bildiyim tarix, ədəbiyyat dərsliklərinə baxıram, əsərin məzmunu izah olunmur, tarixi prosesin mahiyyəti göstərilmir. Halbuki tarixi öyrənmək xronologiyanı əzbərləmək yox tarixi proseslərin hansı ictimai-siyasi şəraitdə baş verdiyini anlamaqdır. Ya da ədəbiyyatı bilmək “Anamın kitabı”ndakı qəhrəmanlarının adını əzbər bilmək yox əsərin bədii-fəlsəfi eləcə də ictimai məzmununu başa düşməkdir. Biz isə tarixi ədəbiyyat, ədəbiyyatı isə tarix kimi öyrənirik, öyrədirik… Tarixi hekayə kimi danışırıq, ədəbiyyatda isə illəri əzbərlədirik.

Biz bunları yazarkən bəlkə elə qonşu binada yaşayan ədəbiyyat müəllimi də şagirdlər üçün sual hazırlayır: “Kefli İsgəndər arağı hansı cibindən çıxartmışdı?”

Proses bu cür davam edəcəksə, “Kefli İsgəndər”in böyründə əyləşib onunla vurmaqdan başqa əlacımız qalmır…