Kitablarla bağlı 14 bilmədiyiniz fakt

Epiloq.az kitablar haqqında 14 maraqlı faktı təqdim edir.

Dünyanın ən uzun cümləsi olan kitab “Səfillər” romanıdır. 823 sözdən ibarət cümlə 3 səhifə davam edir.

Dünyanın ən balaca kitabı “Dörd fəslin gülləri” adlı miniatür kitabdır. 22 səhifədən ibarət kitabın eni ilə uzunu 0.75 mm-dir. Bu ölçülərinə görə kitab “Ginnesin Rekordlar Kitabı”na da düşüb. Yaponiyada nəşr olunan kitab hal-hazırda Azərbaycanda saxlanılır. Kitabı oxumaq üçün isə, təbii ki, xüsusi mikroskopa ehtiyac var.

Dünyanın ən uzun romanı 13095 səhifədən ibarət olan “Artamin” (“Artamène”) kitabıdır. Fransız yazıçılar Madlen və Corc Skuderi tərəfindən qələmə alınan kitab 2 milyon kəlmədən ibarətdir.

“E” hərfindən istifadə olunmayan kitab isə Ernest Vinsentin “Qedsbi” əsəridir. Statistiklər göstərir ki, ingilis dilində oxunan hər altı hərfdən biri “e” hərfidir. Yəni “e” ən çox istifadə olunan hərfdir. Lakin adı çəkilən romanda 50 min kəlmədən heç birində “e” hərfi yoxdur.

Ən çox tərcümə olunan kitab isə “Balaca Şahzadə”dir. Əsər 253 dilə çevrilib.

Dünyanın ən bahalı kitabı Leonardo da Vinçiyə aiddir. Əlyazmanı Bill Qeyts 48 milyon dollara alıb. Kitabda Leonardo da Vinçinin astronomiya, suyun hərəkəti, eləcə də hidrologiya və geologiya sahəsində apardığı araşdırmalar yer almışdır.

Tarixdə ən böyük kitab oğurluğunu Stefan Blumberq etmişdir. Kitab toplama xəstəliyi, yəni bibliomaniyadan əziyyət çəkən Stefan 268 kitabxanadan 23 min kitab oğurlayıb. Bu kitabların ümumi dəyərinin 23 milyon dollar olduğu ehtimal edilir.

Yazı makinası ilə yazılan ilk kitab Mark Tvenin “Tom Soyyerin macəraları” romanıdır. Özünəməxsus yumoru ilə amerikan ədəbiyyatının klassiki olan Mark Tven həm də “Reminqton” makina markasının ilk müştərisi kimi tanınır.

Ən qədim yemək kitabı e.ə.1750-ci illərdə qələmə alınıb. “Babil yemək kitabı” adlanan kitabın yazılma tarixi Hammurapinin qanunlarının yazıldığı vaxtlarla üst-üstə düşür. İki lövhədən ibarət olan kitabda 25 yemək resepti var.  Reseptlərin çoxunda keçi, donuz, ev heyvanları ilə yanaşı, əncir, xurma, üzüm, alma kimi meyvə və tərəvəzlərin də adı var. Maraqlısı odur ki, kitabda yeməklərin hazırlanma qaydası yox, ancaq istifadə olunan ərzaqlar əks olunub.

Harvard Universitetinin kitabxanasında insan dərisiylə cildlənmiş 3 kitab saxlanılır. Bunlar “Roma şeirləri”, fransız fəlsəfəsi və orta əsrlər İspaniya hüququndan bəhs edən kitablardır. Aparılan araşdırmalar göstərir ki, XVII əsrdə kitabları, xüsusilə, anatomiyaya aid olanları insan dərisiylə cildləyirmişlər. Tibb dərslərində istifadə olunan meyitlərin dərisi üzülərək kitabların üzərinə çəkilirmiş.

Bütün dövrlərin ən çox satılan kitabı isə Çarlz Dikkensin “İki şəhərin hekayəsi” əsəridir.

İlk çap olunan kitabların üzərində müəllifin adı yox idi. Həmin kitablar kitabxanalarda zəncirlənmiş halda saxlanırdı. Buna səbəb isə hazırlanması həddindən artıq zəhmət tələb edən kitabların oğurlanması qorxusu idi.

Ən qısa müddətdə yazılan kitab Con Boynun müəllifi olduğu “Zolaqlı pijamalı oğlan” əsəridir. Kitab 2,5 gün ərzində yazılıb. Araşdırmalara görə bir romanı yazmaq üçün lazım olan orta müddət 475 saatdır.

Dünyanın ilk kitabxanası şumerlərə aiddir. Eramızdan əvvəl 2600-cü illərdə Şumerlərə aid məbədlərdə mixi yazılı lövhələr var idi. Dövlət və ticarət sənədlərinin olduğu bu lövhələr arxivdə saxlanırdı. Həmin arxivlər müasir kitabxanaların rüşeymi sayılır.

Cahan Seyidzadə