Leyla Əliyeva: “Zəhranın xatirəsinə…”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Leyla Əliyevanın “Zəhranın xatirəsinə…” şeirini təqdim edirik.


Zəhranın xatirəsinə…


Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!


Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!


Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?


Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda…
İlahi, sən özün bağışla məni!


Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?


Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!


Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə…

Tərcümə edən: Mahir Qarayev