Məğlub olanların rejissoru – Zəki Dəmirkubuz

Ona görə, film çəkmək həyatla hesablaşmaq üçün bir vasitədir. Çünki sənəti də həyatın içində öyrənib. Onun əsas məqsədi ortaya sənət qoymaq yox, fəryad eləməkdir. Filmlərində əzilənlərin, məğlub olanların, tənhaların hekayəsini dinləyir, bir küncdə isə özünün dayandığını görürük.

Uşaq vaxtı danışdığı yalanlar yaşadığı dünyada onun üçün bir nəfəslik olub. Elə o yalanlardan yola çıxaraq başlayıb kino həyatına da. Həyatı insanı yoracaq qədər hekayələrlə doludur. Elə bil yaşadıqlarını məhz filmə çəkilsin deyə yaşayıb. Fəhləlik, inqilabçılıq, işgəncələr, həbsxana, aclıq aksiyaları, küçə alverçiliyi, əlaçatmaz sevgi, vərəm, xəstəxanalar, uğurlar, mükafatlar… Hamısı eyni adamın həyatına sığıb – məşhur türk rejissoru Zeki Demirkubuzun.

Onu kinoya itələyən uşaqlığı, 12 sentyabr hərbi çevrilişindən sonrakı həbsxana həyatı, arabesk mahnılara olan marağı, bütün bunları ifadə eləmək meyli olur. Ən əsası da uşaqlığı…

Savadsız kəndli ailəsində döyülməklə keçən uşaqlıq

– 1964-cü ildə Eyirdirin bir dağ kəndində anadan olmuşam. Yakavşar deyilən bir kənddə. Hansı ayda doğulduğumu bilmirdim heç. Əkin sahəsində anadan olduğumu deyirdilər. Bir dəfə anamla atam dalaşırdı, həmin vaxt iyulun 25-də doğulduğumu öyrəndim. Anam atamı qınayırdı ki, sən necə atasan, uşaqlarının doğum gününü belə bilmirsən. Bundan sonra atam nə vaxt dünyaya gəldiyimi dedi. Anam soruşanda ki, indiyə kimi niyə demirdin? Nə desə yaxşıdı: bu günə kimi soruşmamısan, ona görə…

Bax atam bu qədər laqeyd adam idi. Mən ailədə dörd uşağın ən böyüyüyəm. Atam heç vaxt bizim nə etdiyimizi, nəylə məşğul olduğumuzu bilməyib. Bir dəfə ibtidai sinifdə oxuyan qardaşımdan “sən neçənci sinifdə oxuyursan?” deyə soruşmuşdu. Belə komik bir adamıydı atam. Əslində, bu laqeydliyi mənə sərf eləyirdi.

Beləcə, gözdən uzaq oldum. Mən heç vaxt ailə təzyiqi görməmişəm. Demokratik bir ailəm olduğuna görə yox, əksinə, kəndli olmaqlarından və savadsızlıqlarından qaynaqlanırdı bu laqeydlikləri. Yazıq anam yazıb-oxumaq bilmirdi. Arabir analıq hissiylə üstümə gələr, atamı da dümsükləyərdi. Atam da məni döyərdi. Çox pis vurardı, “şlank”la döyərdi. Amma mən də döyüldükcə lap yolumu azardım. O dəcəl uşaq haqqını alana qədər belə də davam elədi. Axırda məndən əl çəkdilər. Amma çox keçmədi ki, məni başqa qəsəbəyə oxumağa göndərdilər. Kənddən ayrıldım.

“Kinonu kəşf elədim  və bütün həyatım dəyişdi”

Kəndimizi yuxu kimi xatırlayıram. Babamı xatırlayıram. Peyvənd olduğum gün yadımdadı, konfetlə səsimi kəsmişdilər. Bir də ağlımda kənd görüntüləri var, nə bilim, bəlkə də, başqa kəndin fotoları ilə qarışdırıram.

Atam xalça alveri edirdi. İspartaya köçdük ailəlikcə. İspartada bəziləri xalçaçılıqla, bəziləri gülçülüklə məşğul olurdu, bir qism də Dəmirəlin yaratdığı şərait nəticəsində məmur olurdu. Atam İspartada bir xalça dükanı açdı, biz də yanına gəldik. Kinonu kəşf elədim  və bütün həyatım dəyişdi. Normal bir ispartalı ailənin oğlu olmaqdan çıxdım, bir az dəli, bir az özbaşına, üsyankarlığa meylli uşaq oldum. Kinoya gedənsən sonra yalanı kəşf elədim və dəhşətli yalanlar deməyə başladım.

Ağlınıza gələn hər cür yalanı danışırdım. Heç kim qabağımı ala bilmirdi. İlk yalanım məsumuydu, amma sonra yalanlarımı inkişaf etdirməyə başladım. Məsələn, ibtidai sinifdə oxuyan vaxtlarda atamın dükanında köməkçi kimi işləməyə başladım. Ən zəhləm gedən şey idi dükanda növbə çəkmək. Atamın və ordakı böyüklərin əlinin altındakı uşaq olmaq iyrənc bir şey idi. Məncə, danışdığım yalanlar o dünyadan başqa dünyalara çıxmağın məsum və təhlükəsiz yoluydu.

Deyirdim ki, guya Cüneyt Arkın həqiqətən karateçidi, arada gedib bizanslıları öldürüb gəlir. Guya arabir mən də onunla gedirəm. Hələ guya belimdə şar var idi, onunla pəncərəni açıb uçuram. Düşmənləri öldürüb qayıdıram.

Uşaqlara elə yalanlar danışırdım ki, gözlərini bərəldib qulaq asırdılar. Dəhşətiydim. Bu uşaqlar da hacıların, müəllimlərin, mühafizəkar fikirli adamların uşaqlarıydı, onlara kinoya baxmaq qadağan idi. O uşaqlara hər şey qadağanıydı. Hamısı Quran kursuna gedirdi. O qapalı dünyanın içində başqa şey görmədiklərindənmi, elə dünyaların var olduğunu bilmək onları həyacanlandırdığındanmı, ya da belə uydurmalara inanmaq xoşlarına gəldiyindənmi, məni çox diqqətlə dinləyirdilər. Onların həyəcanı məni lap qızışdırırdı.

“İlk dəfə o qızın əlini tutmuşam”

Kinoya getməyi çox sevsəm də, çox vaxt getməyə pulum olmurdu. Bir dəfə yeddi-səkkiz yaşım olardı, qış axşamıydı. Pulum yoxuydu, nəzarətçi gözünü qaçıran kimi içəri girmək istəyirdim. Qorxurdum da. Nəzarətçi məni tanıdığına görə gözünü məndən ayırmırdı. O vaxt bir möcüzə oldu. Məktəb kitablarında ailə şəkilləri olur ey, tipik ana, ata, qırmızı donlu qızları. Elə bir ailə gəldi. Necə də qar yağırdı, donurdular.

Dəhşət qürurlu uşağıydım, ömür boyu onlara qoşulub içəri girməzdim. Cüneyt Arkının və Yılmaz Güneyin bütün xasiyyətlərini mənimsəmişdim. Heç kim o qəhrəmanlar qədər təsir eləməyib mənə.

Hə, o ailə gəldi və məni də filmə dəvət etdilər. Qızlarını da mənə qoşub filmə yolladılar. İllər sonra “Məsumiyyət” filmində rol verdiyim kiçik qız “o”ydu. Filmi çəkən vaxt ona oxşayan qız uşağı tapdım, səhnələrin çoxunda da onun kimi qırmızı geyindirdik.

Mən ilk dəfə o qızın əlini tutmuşdum. Əslində, eyni yaşdaydıq, amma mənim böyük bir dünyam var idi deyə özümü ondan böyük hiss eləyirdim. Ailəsi gəlib qızı aparandan sonra dallarınca baxıb necə tək, necə yazıq olduğumu düşünmüşdüm niyəsə.

Bizim pulumuz olsa da, həmişə yoxsulluq içində yaşamışıq. Bunu görməzdən gələrdim. Amma o rəngli karandaşlarla çəkilmiş ailəni heç vaxt unutmadım…

“Dörd nömrəli otaq”da verilən işgəncələr

İnqilabçı olmağımın və həbs həyatımın başlanğıcı kimi oxuduğummüəllimlər məktəbini görürəm. Ailəmdən qopdum və bütün həyatım boyu davam edən tənhalığım ordan başladı. Maraqlı bir məktəbiydi. Sosializm mənə o məktəbdəki birinci sinfimi xatırladır. Hər şeyi özümüz hazırlayırdıq. Arıçılıq, meyvəçilik, heyvançılıqla məşğul olar, vaxtı gələndə satardıq. Hər şeyin əsasında paylaşmaq dayanırdı. Bu həyatda olmağımızla, kənd uşaqları, eyni taleni bölüşən insanlar olmağımızla, bizim olanı başqasıyla paylaşmaqla əsl solçuyduq. Solçuluğun ovaxtkı anlamını daha heç vaxt tapa bilmədim. Başçımız yoxuydu, böyük qardaşlarımız varıydı.

Sonra hökumətin dəyişməyiylə hər şey dəyişdi. Məktəbin demokratiyası əldən getdi.  Müəllim geyimində komandirlər gəldi. Məscid açıldı, terror törədildi. “Dörd nömrəli otaq” deyə bir şey ortaya çıxdı. Orada adamlara işgəncə verirdilər.  Eynilə polis şöbəsində verilən işgəncələr kimi. Elə döyərdilər ki, üzümüz-gözümüz şişərdi, qan içində qalırdıq. Dara düşəndə bizə kömək edən, böyük qardaş bildiyimiz adamlar küncdə-bucaqda döyülməyə başladı, məktəbdən uzaqlaşdırdılar. Onlara qarşı məndə bir simpatiya yarandı. Solçuydular və əzilirdilər. Cüneyt Arkının ədalət hissi, haqqı tapdalanan insanların yanında yer almasından ilhamlanaraq  mən də bu insanların yanında oldum.

“Ayağımı atan kimi palçığa batdım və İstanbulun sehri pozuldu”

Mən orta məktəbi bitirə bilmədim, bu hadisələrə görə məktəbdən qovuldum. O vaxt atam da iflas olmuşdu. Təsadüfən evə gəlmişdim, qapımızın ağzında bir kamaz gördüm. Gördüm ki, bizim əşyaları maşına yükləyirlər. Anam ağlayır, uşaqlar bir-birinə qarışıb. Məni qonşuya qoydular və İstanbul deyilən bir yerə getdilər.

Gəlməsəm, mənə xəbər vermədən gedəcəkdilər. Sizə qəribə gələ bilər, amma biz tərəflərdə belə şeylər başadüşüləndir. Oralarda həyat belədir. Məktəbdən qovulandan sonra mən də onların yanına getdim. Məktəbdən verilən paltarı, ayaqqabılarımı geyindim. Ən təmiz və səliqəl halım buydu. Məni İstanbula buraxmazlar deyə qorxmuşdum. Həmişə ancaq filmlərdə görmüşdüm axı… Atam orda məni gözləyirdi. Avtobusdan düşəndə ayağımı atan kimi palçığa batdım və beləcə İstanbulun sehri pozuldu. Başqa bir İstanbuluydu bu.

Yenə atamın yanında köməkçi kimi işləməyə başladım. Kino da həyatımdan çıxdı. Cəmiyyətin reallığı ilə üz-üzə qaldım. Oxumamışdım, ona görə də işləmək məcburiyyətində qaldım. Sənaye işlərində, plastik boşqab istehsal edən fabrikdə işlədim. Uzağı bir neçə gün işləyirdim oralarda. Səhv elədiyim hər işə reaksiya verirdilər. Mən də elə qarşı çıxırdım ki, elə bil Cüneyt Arkın Bizansa qarşı çıxır. Haqsızlığa qarşı çıxmaq, işgəncədə belə susmaq, ondan götürmüşdüm hamısını. Sonra inşaat işçiləriylə dostlaşdım. Çox yaxşı adamlar idi. Onlardan balacaydım, amma məhz onların yanında olmaq istəyirdim. Onlarla birlikdə inqilabçı oldum. Və çevriliş oldu. Həbs olunanda 17 yaşım var idi. Həyatımı “həbsdən əvvəl və həbsdən sonra” deyə iki yerə bölürəm həmişə.

Həbsdə olan dostlarla eyni fikirdə deyildim, amma yenə də onlardan uzaq bir tale yaşamaq istəmədim. Onların bütün aclıq aksiyalarının qoşuldum. Bədənimə elektrik belə verildi o yaşda. Sağlam bir uşaq xəstə bir adama çevrildi. Oxumağa da həbsdə başladım. İngilis dilini öyrəndim. Elə ordan çıxandan sonra bir müddət ingilis dilindən dərs keçərək dolandım. Kinoyla yenidən tapışdım.

“Çöldəki həyat içəridəkindən də qəddar idi”

Bu müddət ərzində oxumaq-yazmaq bilməyən valideynlərimin də sosializmdən xəbərləri oldu. Başıbağlı bir qadın belə onlara edilən rəftarı başa düşdü. Bunu bütün həbs olunanların ailəsi başa düşdü. Bizim taleyimizi bizdən də ağır yaşadılar.

Həbsdən çıxandan sonra tamam başqa bir həyatla qarşılaşdım. Qorxudan adama salam verməyən uşaqları gördüm. Mənim filmim bax burdan başladı. Özümü tək hiss etməyim içimdəkiləri ifadə ehtiyacı yaratdı. Çöldəki həyat içəridəkindən də qəddar idi. Atam yenə iflas olmuş, üstəlik, itkin düşmüşdü. İçəridən çıxmış bir insanın nazından istifadə edərək anamın qolundakı axırıncı bilərziyi də satdım və küçə satıcılığına başladım. Bazarlar, polis macəraları, qaçma-qovmalar…

Satıcılıq etdiyim vaxtdan yazmağa başladım. Özümdən 10 yaş böyük, evli bir qadına aşiq oldum. Başqa bir dünyanın adamıydı. Dostoyevskidən, Nazim Hikmətdən danışa biləcəyim bir adam idi. Dostumuydu mənim. Kino mövzusunda, yazdıqlarımla bağlı məni həvəsləndirən də o oldu. Əvvəlcədən bilirdim ki, bu sevgi alınan şey deyildi, elə də oldu. Xəstələndim, ağır vərəmə yoluxdum. Uzun müddət xəstəxanalarda yatdım və burda da həmişə yazdım. Bunlar hekayələrə, sonra da ssenarilərə çevrilməyə başladı. Rok musiqisiylə tanış oldum.

“Demək istədiyim o qədər şey var idi ki…”

Sonra bir az yüngül işlərlə məşğul olmağa başladım. Boş vaxtım çox oldu, kinoya aid yazılı nə varsa, oxudum. Universitetə qəbul oldum. Həmin vaxt hekayələrimi oxuyacaq rejissor axtarırdım. Sonra Zeki Öktenlə tanış oldum. O qadından sonra özümü yaxşı hiss elədiyim ikinci insanıydı. Mənə çox köməyi dəydi. Onun filmlərinin çəkiliş prosesində iştirak etdim. Və vaxtı gələndə öz filmlərimi çəkmək istədim. Demək istədiyim o qədər şey varıydı ki…

“Məncə,  dünyanın ən böyük əzabı budur”

Həyatı bu qədər ağır keçən rejissorda nə həbs, nə gördüyü işgəncələr dərin izlər buraxır. Bütün bunlar ona əzab vermir, onu incitmir. Onu nəyin incitdiyini biləndə, onun əzabıyla tanış olanda çəkdiyi bütün filmlər, filmlərinin verdiyi küt ağrılar keçir göz önündən, sən o ağrıları öz canında hiss edirsən. Kamyunun “Yad”ına, Demirkubuz filmlərinin tənhalıqdan ulayan qəhrəmanlarına çevrilirsən:

– Uşaq vaxtı gəzişirdim, bağlanmış məktəbimizə getdim. Heç kim yoxuydu təbii ki. Gözümün qabağına qış günləri, məktəbdə çox adam olan vaxtlar gəldi. Səssizlik ürəyimi sıxdı. Oturub gözləməyə başladım. Uzaqdan 2-3 uşaq gəldi, bezmiş kimi yavaş-yavaş top-top oyanamağa başladılar. Topun səsini belə o qədər dəqiq xatırlayıram ki: tap-tap… Sonra oyunu dayandırdılar, ortalığa bir sakitlik çökdü. Mən eləcə o topa baxdım, uşaqlara baxdım, məktəbə baxdım. İçimdə dəhşətli bir ağrı yarandı, sonra o ağrı böyüməyə başladı. Həyatımda o məktəbin həyətindəki qədər əzab çəkdiyim yadıma gəlmir. Məncə, dünyadakı ən böyük əzab budur. Çünki səbəbi yoxdur, niyəsi bilinmir. Kamyunun “Yad” əsərində isti bir yaz səhərinin verdiyi əzab kimi…

Sevinc Fədai