“Məni çağırma!” – Vilayət Hacıyevin hekayəsi

Vilayət Hacıyev tərcüməçi və alman dili mütəxəssisi kimi tanınır. Bildiyimiz kimi, tərcümə prosesi müxtəlif dillərin və mədəniyyətlərin semiosferası çərçivəsində yaradıcılıq aktıdır. Bu mənada, bədii tərcümə ilə məşğul olan insanların uğurunu şərtləndirən amillərdən biri də onların öz yaradıcılığının olmasıdır. Vilayət Hacıyev kimi. Gənclər onun vaxtilə gözəl hekayələr yazdığından xəbərsizdir. Buna görə də Epiloq.az Vilayət Hacıyevin 1972-ildə «Ədəbiyyat və İncəsənət» qəzetində nəşr olunmuş hekayəsini təqdim edir:

     

Gecənin ayazı torpağı dəmirə döndərmişdi. Külüngü endirəndə adamın üzünə qayıdırdı. Səhərdən bəri çalışdıqlarına baxmayaraq qazılan yer iki-üç qarış ancaq olardı. İki nəfər idi qəbirqazanlar.

     Ara-sıra düşən qar dənələri birdən-birə gücləndi, bomboz görünən qəbiristanın üstünə elə ağ pərdə çəkildi, bircə anın içində ətraf dümağ ağardı.

     O, külüngü var qüvvəsi ilə endirdi. Külüngün ucu yarıya qədər torpağın bağrına sancıldı. Dikəldi, dərindən nəfəs aldı.

     – Yumşaq torpağa çıxdıq…

    O biri də bükülmüş qəddini düzəltdi. Belin burnu ilə orda-burda tökülüb qalmış torpaq qalıqlarını bir yerə yığıb kənara atdı. Sonra beli yerə sancdı:

     – Hə, burdan beləsi asan olacaq, – dedi, – bir az dincimizi alaq, başlayanda sapmasına qədər vurarıq.

     Xəndəkdən çıxdılar, yumşaq torpaq qalığının üzündəki qarı bellə alıb yanlarını yerə verdilər; biri tütün kisəsi çıxartdı, o biri siqaret. Tamam sakitlik idi. Hərdən qar dənəciyi düz qəlyanın, ya da siqaretin közü üstünə düşəndə zəif cızıltıya oxşar bir səs eşidirdilər.

     –  Əhməd dayı, gəlsənə gedib günbəzdə oturaq, – başı ilə qəbiristanın ortasındakı  günbəzə işarə etdi. – Təkcə qar deyil, yağış da başlayır. Deyirəm sənə…

    Qoca qəlyanını dərindən sümürdü, gözaltı oğlana baxdı. Sözləri ağzından çıxan tüstüyə qatışdı:

   –  Zərər yoxdu, a bala, o qədər qarın-yağışın altında yatmışıq ki…

       Cavan susdu. Siqareti ağzına yaxınlaşdırarkən bir yağış damcısı düz onun üstünə düşdü, yenə cızıltıya oxşar səs eşitdi, siqareti dalbadal bir neçə dəfə sümürdü. Ağzına heç nə getmədiyini görüb kibrit üçün ciblərini qurdaladı. Çıxarıb alışdırana kimi  gözləri yenicə qazdıqları yerə sancılıb qaldı. Bu yarımçıq qəbir ona qəribə göründü. Elə bil səhərdən onun üçün əlləşməmişdi, sanki yenicə görürdü. Keçən  gecə – indi qəbrini qazdığı Heydər  kişinin can verdiyi gecə gəlib qəbirlə yanaşı gözləri önündə dayandı: kişi yerində çapaladı, yorğanın altında başı yenicə kəsilmiş toyuq kimi partlamağa başladı. Birdən çıraq kimi söndü, ağzını bircə dəfə açıb-yumdu, qolları yanına düşdü, sakitləşdi, daha tərpənmədi. Nə qədər silkələdilər, nə qədər övkələdilər, ayılmadı. Getdi. Biryolluq.

     Kibriti yandırmaq üçün qaldırdığı əli asılı qaldı. Ona elə gəldi ki, yağış damcısının  keçirdiyi papiros da Heydər kişi kimi oldu. Biryolluq söndü, daha yanmayacaq…

     Sönmüş siqareti atarkən əli titrədi, kötük qazdıqları yerə düşdü.

     Uzaqda düzənliklər, dərə-təpələr, yaxında can verən, indicə torpağa səriləcək adamlara oxşayan başdaşları. Lap böyründə isə hər şeyə – qazdıqları qəbrə, yarımçıq sönmüş papirosa, başdaşlarına da biganə olan, gözlərini uzaqlara zilləyərək qəlyanın zəhərli tüstüsünü şirin-şirin sinəsinə çəkən Əhməd kişi…

     Baxışları birdən rastlaşdı.

  –  Əyə, a bala, rəngin nə yaman avazıyıb, olmaya üşüyürsən? – qocanın əli sinəsindəki düymələrdə gəzdi, – bu sırıqlını verim geyin, öyrəncəliyəm, mənə soyuq kar eləməz.

    Oğlan sanki yatmışdı, ayıldı.

    Başdaşları gəncin gözlərində adamlara dönməyə başladı. Dik dayandığı üçün başında qar topası qalaqlanan daşlar qoca, yana əyildiyi üçün qarı saxlamayanlar isə cavanlar. Fikirləşdi ki, yəni bu adamların hamısı bir-birinin qəbrini qazıblar. Biri ölüb bu qazıb, bu da öləndə o biri. Belə-belə, bəlkə də bu ölülərin hamısı bir-birinin qəbirqazanı olublar.

    –  A bala, gəl mən deyənə qulaq as, verim sırıqlımı əyninə tax, lap tir-tir əsirsən.

       Gənc etiraz etdi. Ancaq  səhərdən bəri bircə kəlmə də kəsməyən qocanın təklifi ürəyindən olsa da, gənc etiraz etdi. Mütləq bir şey tapıb danışmaq, səs eləmək lazımdır. Qoca isə yenə susur, dinmirdi.

    –  Əhməd dayı?

    –  Hə…

      Dili dolaşdı, bilmədi nə desin. Kəkələdi.

   –  Əhməd dayı, niyə “kimi aparırsan özünlə” deyəndə mənim adımı çəkdin?

     Qoca duruxdu, qaşlarını dartaraq təəccüblə ona baxdı.

     –  Nə olar ki, sən olanda? Həmişə Kərəm kişinin oğlu ilə qazırdım. İndi iki-üç gündür harayasa gedib. Dedim ki, cavanların içində  qoldan qüvvətlisi sən olarsan. Olmaya yorulubsan?

     –  Yox, Əhməd dayı, elə-belə soruşdum…

     –  Əhməd dayı?!

     –  Nə deyirsən?

     –  Qəbirqazanlara gərək mütləq bir şey verələr? Pul, ya da… Olmazmı ki, mən heç nə götürməyim?

        Qocanın sifətinə narazılıq çökdü, giley-güzarlı səslə:

     –  A bala, elə bilirsən ki, mən puldan ötrü qəbir qazıram? – dedi, – ay tövbə, bircə oğlum ölsün ki, yox. Qəbir qazmaqla yığılan pula göz dikən adama Allah qənim olar, bala. Heç bir  nainsaf da  elə şey eləməz. – O, ətrafa boylandı və əlavə etdi. – Deyirəm, başlayıb qurtaraq, meyidi bir azdan götürərlər… Sən düş, bir bel ağzı da vur, durub ataram…

     Bir təpcək vuranda bel sapına kimi torpağa işləyirdi. Lap asanlaşmışdı qazmaq. Birdən ona  elə gəldi ki, tormağı qazdıqca qazılacaq, lap dərinləşəcək. İki qəbirlik olacaq. Birinə Heydər kişini basdıracaqlar, birinə də…

   –  A bala, sənə nə olub bu gün belə?

     Dayandı, heyrətlə qocaya baxdı.

   –  Hec bir şey, nə olub ki?

   –  Sənin bu hərəkətlərindən baş açmaq olmur. Bayaq torpaqdan kül seçirdin, indi də bir yerə boş-boşuna üç-dörd bel vurursan.

     Oğlan yerə baxdı. Belin ağzı boşda idi. Qoca başını buladı, ayağa qalxdı.

  İki bel ağzı da qazdılar. Birdən qoca dayandı, nəsə fikirləşərək beli kənara söykədi.

          –  Əyə, Bəşir, – dedi, – deyəsən, burasını gödək elədik. Sapmasını da bunun üstündə qazarıq, birdən sığışmaz… Bir tərəfə çəkil görüm.

           Bu dəfə oğlan onu başa düşmədi.

          – Neynəmək istəyirsən ki?

          – Qaç, bir yoxlayım görüm.

           Qoca bir əlini torpağa söykəyib qəbrin içində oturdu.

          – Rəhmətlik, indi olmasın, məndən bir azca uzun olardı, – deyərək əyildi.

          – Sən Allah. Əhməd dayı, nə etdiyindi?!

          Qocanın da rəngində dəyişiklik oldu. Oğlan onun qollarından yapışdı, kişi cavanın titrəyən əllərinə baxdı.

          – Burax, bala, belə şeylər mənə kar eləməz. Burada yatanların çoxusunun özündən qabaq qəbrində mən uzanmışam. Nə olacaq ki…

          Bəşir dinməzcə əllərini çəkdi. Qoca qəbir boyu uzanıb nəsə deyirdi. Ancaq Bəşir heç nə eşitmirdi. Təkcə görürdü. Görürdü ki, qoca başını bulaya-bulaya qalxdı. Görürdü ki, onun dodaqları qımıldayır.

          “Sən də bir yoxla görüm…”

          Cavanın bədənindən üşütmə keçdi:

          – Yox, Əhməd dayı, yox, yox…

          Qoca qulaqlarına inanmadı:

          – Nə?!

          – Yox!

          – Necə yəni yox? Sənin başına at təpib, nədir, bəs yarımçıq qoyaq?

          O da heyrətləndi:

          – Nəyi yarımçıq qoyaq?

          – Əyə, a bala, sənin də qulaqların mənimki kimi ağır eşidir? Belə deyirəm, yaxşıdır, sapmasını qoyaq.

          – Hə! Qazaq da, niyə qazmırıq ki, hə, qazaq.

          Ürəyində yüngüllük duydu. Qocanın təəccüblü baxışları oğlanın təpəsindən dırnağacan gəzdi.

          Qar kəsmiş, hava sakitləşmişdi. Qurtarıb kəndə qayıdırdılar.

          – Əhməd dayı?.

          – Hə…

          Yenə dili dolaşdı, yenə kəkələdi:

          – Əhməd dayı… sən Allah, bir də qəbir qazmağa gələndə məni çağırma…

          Dayandılar.

          –  Nə oldu?

          –  Sən Arifin canı, bir də demə. Təzə ev tikdirən olanda çağır, bütün daşını, qumunu çiynimdə təkcə daşıyım. Ancaq qəbir qazmağa çağırma…

          Oğlan susdu. Qoca başını buladı, köksünü ötürdü. Tərpəndilər.