Məşhur rəssamlar haqqında 11 film

Epiloq.az Rəssamların həyatını ekranlaşdıran  ən yaxşı 11 filmi təqdim edir.



1. Modilyani (2004)

Rəssam çəkdiyi uzunboğazlı qadın portretlərinin gözlərini boş qoyurdu. “Niyə rəsmdə gözlərimi görə bilmirəm?” deyənlərə isə belə cavab verirdi: “Mən sənin ruhunu görməyə başlayanda gözlərini çəkəcəyəm”.
Dövrünün zəngin rəssamlarından fərqli olaraq kasıb yaşadı. Rəsmlərinin satışına əhəmiyyət vermirdi. Satılan rəsmlərin pulunu isə içkiyə xərcləyirdi.  Elit təbəqənin təriflərinə əhəmiyyət vermir, onların ruhsuzluğunu daim üzlərinə vururdu.


2. Vinset Van Qoq (1991)

Film, rəssamın qatarla kəndə gəlməsi və kənd həkimini ziyarət etməsi ilə başlayır. Sənət vurğunu olan həkim Qaçet, Van Qoqu evində qalmağa dəvət edir. Van Qoq həkimin gənc və sevimli qızından əsərlərində model kimi istifadə edir. Sonda onlar bir-birilərini sevirlər. Qızın atası təəccüb içindədir. Həmin ərəfələrdə Vanq Qoqun qardaşı Teo ilə münasibəti getdikcə gərginləşir. Fransız rejissor Maurice Pialat bu filmdə Van Qoqun həyatının son üç ayını ekranlaşdırıb.



3. Frida (2002)

18 yaşında Frida ağır maşın qəzası keçirir. Qəzadan aldığı zədələr ona həyatının sonuna kimi əziyyət verir. Xəstəxanada onun müalicəsinin ilkin mərhələsi Kai qardaşlarının yaratdığı dəhşət çərçivəsində animasiya kimi göstərilir. Atası ağrıların bir az azalması üçün Fridaya şəkil çəkməyə kətan gətirir. Frida tərpənmək imkanı olmadığı üçün, xəstəxana yatağında uzanaraq şəkil çəkir. Bu filmdə həmçinin Fridanın əri ilə (Dieqo Rivera) əlaqələri göstərilir, onun başqa qadınlarla xəyanəti Fridada ərinə qarşı qəzəb hissi yaradır. Film iki “Oskar” mükafatı qazanıb.



4. Mirvari sırğalı qız (2003)

Trasi Çevalierin romanı əsasında çəkilən filmdə hollandiyalı rəssam Cohannes Vermerin “Mirvari sırğalı qız” əsərinin yaradılması ilə bağlı hadisələr təsvir edilir. Tablodakı qız haqqında çox az məlumat var. Tarixi dəlillər olmasa da rəssamın illərlə evində ailəsi və qulluqçuları ilə yaşadığı güman edilir. Tablodakı qız da həmin qulluqçulardan biridir.
On yeddi yaşlı Grietin atası qəzada gözlərini itirdikdən sonra onlar ailəlikcə rəssam Cohannes Vermerin evində qulluqçu kimi işləməyə başlayır. Tərbiyəsi, təhsili fərqli olsa da qız rənglərə və işığa qarşı həssaslığı ilə rəssam Vernerin diqqətini çəkir. Bu bənzərlik onları bir-birilərinə daha da yaxınlaşdırır.



5. Artemisa (1997)

Artemisa Centileski (1593-1653) məşhur qadın rəssamdır. Atası Orazio Centileski qızını uşaqlığından bəri qoruyur. Qadağan olunmasına baxmayaraq Artemisa kişi anatomiyası ilə maraqlanmağa başlayır.
Onu məşhur edən əsər isə 1612-ci ildə çəkdiyi rəsm müəlliminin gənc qıza təcavüzü tablosu olur.



6. Yaşam yanğısı (1956)

Antoni Kuinin “Yaşam yanğısı” filmi 4 nominasiya üzrə “Oskar”a layiq görülüb. Filmdə məşhur rəssam Van Qoqun gəncliyi, ailədaxili münasibətləri, qardaşı ilə məktublaşması, dostu və həmkarı Qogen ilə keçirdiyi dəhşətli günlər təsvir edilir.



7. Rembrandt (1936)

Rejissor Çarlz Lauqton çılğın təbiətli rəssam Rembrandtın obrazını ekran işində uğurla canlandırıb.
1642-ci ildə şöhrət və pul dahi rəssam Rembrandtın gözlərin kor edir. Çox sevdiyi həyat yoldaşını itirdikdən sonra isə onun həyatı tamamilə dəyişir. Bu hadisədən sonra Rembrandt iztirab dolu əsərlər yaratmağı hədəf seçir.



8. Pikasso ilə yaşamaq (1996)

Filmdə ekranboyu dahi ispan rəssamı Pikassonun qəddarlığına dözə bilən sevgilisi François Gilot ilə münasibətləri təsvir edilib. Filmin rejissoru Ceyms İvoridir.



9. Pollok (2000)
 
Dünyanın ən bahalı tablosunun rəssamı olan Pollokun depressiyaları rəsmdə də əks olunub. Sənət tarixində ekspressionizm cərəyanına yenilik gətirən amerikalı rəssam Cekson Pollokun keşməkeşli həyatını aktyor Ed Harris canlandırır.



10. Böyük gözlər (2014)

Əri və qızı ilə sadə həyat tərzi yaşayan Marqaret Ulbrik həyata tab gətirməyərək qızı ilə birlikdə San-Fransiskoya qaçır. Burada işini təmin etmək üçün yeganə ümidi çəkdiyi rəsm əsərlərini küçədə satmaqdır. Qadın bir gün ortabab rəssam olan Volter Kean ilə rastlaşır. Onlar evlənirlər. Marqaret qızından ilhamlanaraq iri gözlü uşaq rəsmləri çəkir və bu əsər seyrçilər tərəfindən böyük maraqla qarşılanır. Əri Volter isə onun əsərlərini öz adıyla təqdim edir.



11. Kiçik küllər (2008)

Salvador Dali böyük sənətkar olmaq həvəsilə universitetə girir. O, universitetdə iki nəfərin diqqətini çəkir-Federiko Qarsia Lorka və Luis Bunuel. Film bu üçlüyün gənclik dönəmləri, onların dostluqları və öz sahələrində rəssam, şair və rejissor kimi yüksəlmələrindən bəhs edir.

Dəniz Pənahova