Məşhur rejissorun fotoları

Məşhur İran rejissoru Abbas Kiyarüstəmi həm də ssenari müəllifi və fotoqraf kimi tanınır. O, İran kinosunda 1960-cı illərin sonlarından başlayaraq Füruğ Fərruxzad, Söhrab Şahit Sales, Bəhram Beyzayi, Pərviz Kimyavi kimi rejissorları sıralarında birləşdirən yeni dalğanın nümayəndələrindəndir. Bu cərəyanın xüsusiyyətlərinə poetik dialoqlardan istifadə, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayətlər və digər bədii elementlər daxildir. 1970-ci illərdən sonra rejissorluq fəaliyyətinə başlayan Kiyarüstəmi qısametrajlı və sənədli filmlər də daxil olmaqla 40-dan çox ekran işi yaradıb. “Koker” trilogiyası, “Albalının dadı” və “Külək bizi sovuracaq” filmləri ona dünya şöhrəti qazandırıb.

Müxtəlif təkliflərə baxmayaraq öz ölkəsini heç vaxt tərk etməyən rejissor mühacirətlə bağlı ona verilən sualı belə cavablandırıb: “Bir ağacı kökündən çıxarıb başqa yerdə əksək, bar verməz, versə də ilk kök atdığı yerdəki kimi məhsuldar olmaz. Bu, təbiətin qanunudur. Vətəni tərk etsəydim, özümü o ağac kimi hiss edəcəkdim”.

Epiloq.az Abbas Kiyarüstəminin fotolarından bəzilərini təqdim edir.