Mark Tven: “Mənim saatım”

Epiloq.az Mark Tvenin “Mənim saatım” hekayəsini təqdim edir.

                                

Mənim qəşəng yeni saatım geri qalamdan və irəli qaçmadan il yarım işlədi. Bütün bu müddət ərzində saatım bir dəfə də olsun dayanmadı və xarab olmadı. Mən vaxtı göstərmək cəhətdən saatımı ən mötəbər saat hesab edirdim və ona anatomic bir quruluş, sarsılmaz bir konstitusiya kimi baxırlar. Lakin, nəhayət, necə oldusa bir gecə saatımı qurmağı unutdum. Mən çox kədərləndim, çünki bunun pis bir əlamət olduğu hamı tərəfindən etiraf edilmişdir. Lakin çox çəkmədən mən sakitləşdim, vaxtı təxmini müəyyən edib, əqrəbləri düzəltdim və hər cür pis hissləri özümdən qovmağa çalışdım.
   Saatımın əqrəblərini düz vaxta çəkmək üçün ertəsi gün mən ən yaxşı saat maqazininə ketdim, firma başçısının özü saatı mənim əlimdən alıb, onu nəzərdən keçirməyə başladı. Bir qədər sükutdan sonra o dedi: “Saat dörd dəqiqə geri qalır- tənzimedici hissəni geri çəkmək lazımdır”. Mən onu saxlayıb demək istədim ki, saat indiyədək çox düz işləmişdir. Xeyr, bu balqabaq heç bir şey eşitmək istəmədi, o yalnız saatın dörd dəqiqə geri qaldığını və demək, tənzim edən hissəni irəli çəkmək lazım gəldiyini görürdü; bəli mən təşviş içərisində onun dörd dövrəsinə dolanıb, saatıma əl vurmamasını ondan xahiş edərək yalvardığım zaman o, qərardan getmədən və rəhm etmədən bu çirkin işi görüb qurtardı. Mənim saatım irəli qaçmağa başladı. Saat gündən-günə daha çox irəli qaçırdı. Bir həftədən sonra saat qızdırma içərisində imiş kimi irəli qaçır və nəbzi kölgədə yüz əlliyə çatırdı. İki Aydan sonra saatım şəhərdəki bütün saatları çox-çox geridə buraxdı və təqvimi on üç gündən çox qabaqladı. Oktyabr ayında xəzəl hələ də havada oynaşırkən mənim saatım noyabr qarının yağmasına sevinirdi. Saatım ev kirayəsini və müxtəlif hesabları ödəmək üçün məni tələsdirirdi; bu məni o qədər müflis etdi ki, axırda dözə bilməyib, saatımı saatsaza apardım. O məndən saatımın heç təmir olunub olunmadığını soruşdu. Mən dedim ki, olunmamışdır, indiyədək saat təmir etməyə heç bir ehtiyac olmamışdır. Onun gözləri amansız bir sevinclə parıldadı və tez saatın üzərinə atılıb onu cəld açdı, oymağa oxşayan kiçik bir stakanı gözlərinə keçirib mexanizmi yoxlamaöa başladı. O dedi ki, saatı tənzim etmək kifayət deyil, onu təmizləmək və yağlamaq lazımdır, bunu deyib, bir həftədən sonra gəlməyi mənə əmr etdi. Saat təmizləndikdən, yağlandıqdan və bütün başqa işlərdən sonra elə yavaş işləməyə başladı ki, onun tıqqıltısı dəfn mərasimi zəngini xatırladırdı. Mən qatarlara gecikməyə, iş üçün olan görüşləri əldən buraxmağa, nahara öz vaxtında gəlməməyə başladım; mənim saatım üç günlük möhləti uzadıb, dörd günlük elədi və buna görə də veksellərimə etiraz edildi. Özüm də bilmədən vaxtdan geri qaldım və gözümü açıb, özümü keçən həftədə gördüm. Çox çəkmədi başa düşdüm ki, o birisi həftənin ortasında tək-tənha gəzib dolanmaqdayam, bütün dünya isə çox-çox qabaqda gizlənmişdir. Bir də ayılıb gördüm ki, muzeydə faraon mumiyası ilə yoldaşlıq hissi kimi tutqun bir əyləncə mənim qəlbimə soxulmuşdur və mən bu faraon ilə söhbət etmək, günün mövzularından danışmaq istəyirəm. Mən təkrar saatsazın yanına getdim. O, saatın bütün mexanizmini mənim gözlərimin qabağında söküb bildirdi ki, saatın gövdəsi “köpmüşdür”. O dedi ki, bunu üç gündə düzəltməyi öhdəsinə götürür. Bundan sonra saat orta hesabla xeyli yaxşı işləyirdi, lakin əgər belə demək mümkündürsə, yalnız nəticə etibarilə yaxşı işləyirdi. Günün yarısını bütün gücü ilə irəli qaçır və elə öskürür. Elə asqırır, elə hürür və elə fınxırırdı ki, mən öz səsimi belə eşitmirdim; bu səs-küy kəsilmədikcə Amerikada bir saat da olsun ona çata bilmirdi. Bunun əvəzində, günün ikinci yarısını saat getdikcə daha yavaş-yavaş işləyirdi və onun geridə qoyduğu bütün saatlar indi onu ötürdü. Nəhayət, günün axırında saat hakimlər tribunasına lap vaxtında çatırdı və ümumiyyətlə, hər şey öz qaydasında olurdu. Orta hesabla saat heç də pis işləmirdi və heç kəs deyə bilməzdi ki, o öz borcunu yerinə yetirmir və ya qocalmışdır. Lakin söhbət saat haqqında gedirsə, orta hesabla pis işləməmək böyük bir üstünlük deyildir, odur ki, mən saatı başqa bir saatsaza apardım.  O dedi ki, saatın əsas boltu sınmışdır. Mən cavab verdim ki. Buna çox şadam və daha ciddi bir hissəsinin sındığından qorxurdum.

   Doğrusunu deyim ki, əsas boltun nə olduğundan mənim başım çıxmır, lakin axı kənar bir adama tamamilə cahil olduğumu göstərmək olmazdı. O, əsas noltu təmir elədi, ancaq saat bu cəhətdən uddusa, bütün başqa cəhətlərdən uduzdu. Saat gah işləyir, gah dayanırdı, özü də kefi istədiyi qədər ya dayanır ya işləyirdi. Hər dəfə işlədikdə dədə-babadan qalma tüfənk kimi təpirdi. Mən sinəmə pambıq qoydum, lakin axırda dözməyib, bir neçə gündən sonra onu yeni bir saatsaza apardım. O, saatın bütün mexanizmini hissəbəhissə sökdü və onların davamsız vücuduna ədəsə ilə baxdı, sonra dedi ki, deyəsən saatın tükünə nə isə bir şey olmuşdur. O, saatın tükünü düzəldib onu yenə də qurdu. Saat ona on dəqiqə qalmış əqrəblərin qayçı kimi bir-biri ilə bitişməsini və bu şəkildə işləməkdə davam etməsini nəzərə almasaq, indi saat yaxşı işləyirdi. Süleyman peyğəmbərin özü belə, bu saatın necə olduğundan baş aça bilməzdi, buna görə də mən saatı təkrar təmir etdirməli oldum. Saatsaz dedi ki, saatın billuru əyilmişdir və əsas yayı qaydada deyildir. Bundan əlavə o qeyd etdi ki, mexanizmin bəzi yerlərinə yamaq vurmaq lazımdır və padoş salmaq da heç pis olmazdı. O bütün bunları etdikdən sonra mənim saatım babat işlədi, yalnız hərdən bir mexanizmin içərisindən nə isə bir şey birdən-birə çılğın bir hərəkətə gələrək arı kimi vızıldamağa başladı, bu halda əqrəblər elə sürətlə hərlənirdilər ki, onların rəngi solur və siferblat sanki hörümçək toru arasından görünürdü. Bir günlük dövrəni əqrəblər altı və ya yeddi dəqiqədə başa çatdırır, sonra şıqqıldayaraq dayanırdılar. Mənim üçün nə qədər ağır olsa da, mən təkrar yeni bir saatsazın yanına getdim və və onun, mexanizmi hissələrə necə ayırdığına təkrar baxdım. Mən saatsazı ciddi çal-çarpaz sorğu-suala tutmağı qərara aldım, çünki məsələ ciddiləşirdi. Saatın qiyməti iki yüz dollar idi, onu təmir etdirmək isə mənə iki-üç min dollara başa gəlmişdi. Nəticəni gözləyib, saatsaza baxdığım zaman onun köhnə bir dostum-gəmi mexaniki olduğunu tanıdım, özü də elə yaxşı mexaniklərdən deyildi. Digər saatsazların etdiyi kimi o mənim saatımın mexanizminin bütün hissələrini nəzərdən keçirib, eyni inamla öz hökmünü verdi. O dedi:
– Bu saat həddindən çox sürətlə hərəkət edir, qoruyucu klapana daha bir qayka salmaq lazımdır.
Mən vurub onun başını yardım və öz hesabıma dəfn etdim.
Mənim əmim Vilyam (təəssüf ki, indi rəhmətə getmişdir) deyərdi ki, yaxşı at kəm dişləyənə qədər yaxşı olur, yaxşı saat isə-təmirdə olmayıncaya qədər yaxşı olur. O, uğursuz qalayçıların, silah qayıranların, çəkməçilərin, mexaniklərin və dəmirçilərin haraya itib-batdıqlarını həmişə öyrənməyə cəhd edərdi, lakin bunu heç kəs ona izah edə bilməmişdi.



1870




(Tərcümə edən Cabbar Məcnunbəyov)