Mark Tvenin “Tenessidə jurnalistika” hekayəsi

Epiloq.az Mark Tvenin “Tenessidə jurnalistika” hekayəsini təqdim edir.

                

                                                                     Memfi “Lavina”sının redaktoru,

                                                                  onu radikal adlandırmağa cəsarət

                                                                   etmiş müxbiri belə söyüb yamanla-

                                                                mışdır: “Birinci sözü yazdıqda, vergül

                                                                qoyduqda, dövrə yekun vurduqda, o,

                                                                 artıq yaxşıca bilirdi ki, başdan ayağa

                                                               alçaqlıqla dolu olan və yalan iyi verən

                                                               bir cümlə cızmaqaralayır”.

Həkim mənə dedi ki, cənubun havası mənə yaxşı təsir edər, odur ki, mən Tenessiyə gedib, “Səhər şəfəqi və Conson dairəsinin Döyüş çağırışı” qəzetinin redaktor köməkçisi vəzifəsinə daxil oldum. Mən redaksiyaya gəldikdə məsul redaktor üç ayaqlı bir stulda əyləşib, ayaqlarını şam ağacından qayrılmış stolun üstünə qoyaraq yırğalanırdı. Otaqda şam ağacından qayrılmış daha bir stol və üstünə top-top qəzet, kağız, əlyazmaları, yığılmış, ayaqları əyri daha bir stul var idi. Bundan əlavə içərisinə qum tökülmüş taxta bir qutu var idi ki, o, siqar və papiros kötükləri ilə dolu idi. Otaqdakı çuqun peçin kiçik qapısı yuxarıdakı yeganə cəftədən  güclə asılıb qalmışdı, Redaktor əyninə qara mahuddan ətəkləri uzun sürtük və ağ kətandan şalvar geymişdi. Ayağına geydiyi qəşəng çəkmələri silinib par-par parıldayırdı. O, döşlük və barmağına  üzəri möhürlü böyük bir üzük taxmış, boynuna köhnə modalı hündür boyunluq və ucları sallama dama-dama ipək boyun yaylığı salmışdı. Onun kostyumu təqribən 1848-ci ilə aid idi. O, siqar çəkir və lazım olan sözü axtarıb tapmaq üçün əllərini  tez-tez saçlarına soxduğundan, saçları yamanca dağılmışdı. O, qaşlarını heybətlə çatdığı üçün mən bu qərara gəldim ki, yəqin tünd bir baş məqalə yazacaqdır. O, mənə dəyişdirilmiş qəzet nüsxələrini götürüb, onları nəzərdən keçirməyi və diqqətəlayiq olan hər şeyi bu nüsxələrdən seçərək “Tenessi mətbuatının ruhu” mövzusunda icmal yazmağı tapmışdı.

  Mən də belə bir icmal yazdım:  

                                   “Tenessi mətbuatının ruhu”

Görünür Balliqek dəmir yol şirkəti haqqında “həftəlik zəlzələ” redaksiyasına düzgün məlumat verməyib onu azdırmışlar. Şirkət Bazzardvili kənara buraxmaq məqsədini heç də öz qarşısına qoymamışdır. Əksinə, bu şirkətonu dəmir yol xətti boyunda ən mühüm məntəqələrdən biri hesab edir və demək. Bu şəhəri kənarda buraxmaq niyyətində deyildir. “Zəlzələdən” olan centlmenlərin öz səhvlərini həvəslə islah edəcəklərinə biz şübhə etmirik.

 Xiqqinsvildə çıxan “ göy gurultusu və ildırım yaxud azadlığın Döyüş çağırışı” qəzetinin istedadlı redaktoru, Con U. Blossom dünən bizim şəhərimizə gəlmişdir. O, Van Burengilə düşmüşdür.

 Biz belə bir halı gördük ki, bizim “Səhər fəryadı”ndan olan həmkarımız, Van Verterin seçilməsinin baş tutmadığını güman etməklə səhv etmişdir, lakin şübhəsiz ki, o öz səhvini bizim bu sözlərimiz onun gözünə dəyməzdən daha tez tapacaqdır. Şübhəsiz ki, onu çaşdıran, seçkilər haqqındakı tam olmayan hesabatdır.

 Biz məmnuniyyətlə qeyd edirik ki, Blezerseil şəhəri, ehtimal ki, Nyu-York centlmenləri ilə müqavilə bağlamaq və öz şəhərlərinin, demək olar ki, keçilməz  küçələrini Nikolsonsayağı döşəmək niyyətindədir. “Gündəlik ura” bu təşəbbüs çox şiddətlə müdafiə edir və bu təşəbbüsün müvəffəqiyyətlə qurtaracağına ehtimal ki, əmindir”.        

 Mən öz əlyazmamı bəyənmək, dəyişmək və ya məhv etmək üçün redaktora verdim. O, əlyazmama nəzər salıb, qaş-qabağını tökdü. Bir neçə səhifə oxuduqdan sonra qara bulud kimi tutuldu. Burada nəyinsə yerində olmadığını sezmək çətin deyildi. O yerindən sıçrayıb dedi:

– Şimşək və ildırım! Doğrudanmı siz elə güman edirsiniz ki, mən bu heyvanlarla belə danışıram? Doğrudanmı siz elə güman edirsiniz ki, belə bir cızmaqara mənim abunəçilərimin ürəyini bulandırmaz?

Qələmi mənə verin!    

Mən qələmin kağızı bu qədər qəzəblə cızıb-cırmasını, özgənin feillərini və sifətlərini belə rəhmsizcəsinə cızdığını hələ görməmişdim. Redaktor əlyazmasının heç ortasına çatmamış, kim isə açıq pəncərədən ona bir atəş açdı, mənim də qulağımın şəklini dəyişdi.

O dedi:

–  Aha, bu “Mənəvi vulkandan” olan alçaq Smitdir, mən onu dünən gözləyirdim.

Bunu deyib o, donanma nümunəli tapançasını belindən çıxardaraq atəş açdı. Budundan yaralanmış Smit yerə yıxıldı. Bu onun lazımınca nişan almasına mane oldu. İkinci atəşi açırkən, özgə bir adamı yaralayıb şikəst etdi. Bu özgə adam mən idim. Demək lazımdır ki, o, mənim yalnız bircə barmağımı yaralamışdı. Bundan sonra baş redaktor təkrar əlyazmasını düzəltməyə və qaralamağa başladı. Bunu qurtarmağa macal tapmamışdı ki, əl qumbarası buxarıya düşüb, peçi yerlə yeksan elədi. Qəfil qəlpənin mənim iki dişimi çıxardığını hesab etməzsək, bu, böyük zərərlər vermədi.

Baş redaktor dedi:

– Peç lap uçdu ki.

Mən dedim ki, deyəsən, hə.

– Elə bir şey deyil. Belə havada peç nəyə gərəkdir? Bunun kim tərəfindən edildiyini mən bilirəm. O, yaxasını məndən qurtara bilməz. Mənə baxın, belə şeyləri bax. Bu cür yazmaq lazımdır.

Mən əlyazmasını ondan aldım. Əlyazması o qədər pozulub yazılmış və ona elə ləkələr calınmışdı ki, heç şeytan da baş çıxarmazdı.

Redaktor belə yazmışdı:

                          Tenessi mətbuatının ruhu

“Yarımhəftəlik zəlzələdən” olan qəddar yalançılar on doqquzuncu əsrin əzəmətli müəssisəsi Balliqek dəmir yolu haqqında alçaqcasına və qaba yalanlar yayaraq, bizim cəngavərcəsinə nəcib olan xalqımızı ehtimal təkrar aldatmaq istəyirlər. Bazzardvilin guya kənarda  qalacağı fikri, onların öz qoxumuş beyinlərində, daha doğrusu onların beynini əvəz edən sıyıqda doğmuşdur. Onlar murdar vücudlarını tamamilə layiq olduqları kötəkdən xilas etmək istəyirlərsə, yaxşısı budur, öz sözlərini geri götürüb özləri zəhirmarlansınlar.

Xiqqinsvildə çıxan “Göy gurultusu və İldırım yaxud azadlığın Döyüş çağırışı” qəzetindən olan o eşşək Blossom yenə də buradadır və Van- Burenin qoltuğuna sığınıb veyillənir.

Biz belə bir halı gördük ki, “Səhər fəryadından” olan beyinsiz kələkbaz, yalan söyləməyə qabağı alınmaz meyl göstərdiyin üçün belə bir yalan satmışdır ki, guya Van-Verter seçkilərdə keçməmişdir. Jurnalistin yüksək vəzifəsi həqiqəti yamaqdan, yalanların kökünü kəsməkdən, ictimai moral və əxlaq tərbiyə edib, onu təmizləməkdən, onun ahəngini yüksəltməkdən, insanların daha mülayim, daha xeyirxah, daha şəfqətli olmalarına, onların hər cəhətdən daha yaxşı olmalarına  çalışmaqdan ibarətdir; ancaq bu iyrənc, alçaq hər yeri yalan, böhtan yaraşmaz hədyan və hər cür bayağılıq yayaraq, özünün yüksək adını rüsvay edir.

Blezersvillilərə birdən-birə Nikolsonsayağı küçə döşəməsi lazım olmuşdur. – onlara həbsxana və şikəstlər üçün ev daha çox lazımdır. İki meyxanadan, bir dəmirçixanadan və qəzet əvəzinə zəhirmar tuluğu olan “Gündəlik uradan” ibarət əhəmiyyətsiz bir şəhərcikdə küçə döşəməsi kimi lazımdır? “Ura” qəzetini redaktə edən bu əfi ilan Bakner özünün adi əbləhliyi ilə küçə döşəməsi xəyalındadı və guya bir işdən danışdığını təsəvvür edir.

– Bax belə yazmaq lazımdır: həm tutarlı olsun, həm də artıq söz olmasın. Sizin süd iyi verən məqaləciyiniz isə adamın canını sıxır.

Bu zaman gurultu ilə pəncərəyə dəyən kərpicdən şüşələr çilik-çilik olub yerə töküldü və kərpic əməlli-başlı mənim belimə dəydi. Mən kənara çəkildim; mən burada artıq olduğumu hiss etməyə başladım.

Redaktor dedi:

– Bu polkovnik olmalıdır. Mən üçüncü gündür ki, omu gözləyirəm. Bu dəqiqə o özü də gəlməlidir.

O səhv etməmişdi. Bir dəqiqə sonra əlində ordu nümunəli tapança tutmuş polkovnik qapının ağzında göründü.

O dedi:

– Ser, gərək ki, mən bu zibil qəzeti redaktə edən mənfur bir qorxaqla danışmaq şərəfinə nailəm?

– Tamamilə doğrudur, ser. Mən sizinlə kiçik bir hesab çəkməyə gəlmişəm. Əgər vaxtınız varsa, biz elə indicə başlayarıq.

– Mən “Amerikada əxlaq və zəka tərəqqisinin şirnikləşdirilməsi” haqqında məqaləni qurtarmalıyam, lakin bu iş tələsik deyildir. Başlayın.

Hər iki tapança eyni zamanda gurladı. Redaktor saçından bir cəngə itirdi, polkovnikin gülləsi isə mənim budumun yumşaq yerinə dəydi. Onlar yenə də atəş açdılar. Bu dəfə rəqiblərdən nə o, nə də digəri zərər görmədi, ancaq mənim qismətimə bir şey düşdü – güllə çiynimə dəydi. Üçüncü dəfə atəş açdıqda hər iki centlmen yüngül yaralandı, mənimsə biləngim sındı. Belə olduqda isə mən dedim ki, gedib bir qədər özümü havaya verim, çünki bu onların şəxsi işləridir, və bu işə qarışmağı mən nəzakətsizlik hesab edirəm. Lakin hər iki centlmen məndən qalmağı çox xahiş edib, məni inandırdılar ki, mən onlara zərrə qədər də mane olmuram.

Sonra onlar tapançalarını yenidən doldurarkən, seçkilərdən və məhsulun vəziyyətindən danışdılar, mən isə öz yaralarımı bağlamaq istədim. Lakin onlar çox ləngimədilər, təkrar qızğın surətdə atışdılar və güllələrdən heç biri boşa getmədi. Altı gülllədən beşi mənim payıma düşdü. Altıncı güllə polkovniki ölümcül yaraladı və o zarafatla qeyd etdi ki, şəhərdə işi olduğu üçün indi  bizimlə salamatlaşa bilər. O tabut qayıranın adresini soruşub getdi.

– Redaktor mənə müraciət edərək dedi:

Mən nahara qonaqlar gözləyirəm və hazırlıq görüb qurtarmalıyam. Zəhmət çəkin, korrekturanı oxuyun, redaksiyaya gələnləri də qəbul edin.

Gələnləri qəbul haqqında eşitdikdə, mən üz-gözümü azca qırışdırdımsa da cavab verməyə bir söz tapmadım, – atışmadan lap qulaqlarım batmışdı və heç bir vəchlə özümə gələ bilmirdim.

O davam etdi:

Cons saat üçdə burada olacaqdır – onu qırmancla əzişdirin, Gilspay ehtimal ondan tez gəlsin – onu pəncərədən bayıra atın, Ferqyuson saat dördə yaxın dəyməlidi – onu öldürün. Bu günlük deyəsən bəsdir. Əgər boş vaxtınız olsa, polis haqqında tünd bir məqalə yazın – baş müfəttişə döşəyin, qoy canına lərzə düşsün. Qamçılar stolun altındadır, silah süyürmədədir, güllə və barıt odur, orada,  küncdədir.Tənzif və sarğı dolabın yuxarı gözlərində idi. Əgər sizə bir hadisə üz verərsə, Lansetin yanına gedin – o cərrahdı, bizdən bir mərtəbə aşağıda yaşayır, biz onun elanlarını pulsuz çap edirik.

O çıxıb getdi. Mənim bədənimə titrətmə düşdü. Bundan sonra cəmisi üç saat keçməsinə baxmayaraq, mən o qədər həyəcan keçirdim ki, hər cür sakitlik, hər cür şənlik məni həmişəlik olaraq tərk etdi. Gillspay məni gəlib pəncərədən bayıra atdı. Cons da gecikmədən gəldi, mən onu qamçı ilə kötəkləməyə hazırlaşmışdım ki, o, qamçını mənim əlimdən aldı. Cədvəldən kənar gələn naməlum adamla tutuşma zamanı mənim başımın dərisi soyuldu. Tomson familiyalı digər naməlum adam məndə daha can qoymadı. Nəhayət, bir küncə sıxışdırılıb bar-bar bağıran deyinən və silahlarını mənim başım üzərində oynadıb, havanı qığılcımlarla dolduran və işıldaq poladla parıldadan redaktorlar, siyasətçilər, siyasətçilər və başkəsənlərin qəzəbli izdihamı ilə mühasirə olunub redaksiyadakı vəzifəmlə artıq vidalaşmağa hazırlaşdığım zaman mənim şefim özünü sevincli pərəştişkarları və dostları ilə birlikdə gəlib çıxdı. Elə bir savaş və qırğın başladı ki, lap poladdan olan insan qələmi belə, bunu təsvir etmək iqtidarında deyildi. Adamlar atəş açır, bir-birlərini deşir doğrayır, partladır və pəncərədən bayıra atırdılar. Amansız bir döyüşün coşqun tufanı gəlib keçdi və hər şey qurtardı. Beş dəqiqədən sonra ortaya sükut çökdü. Və mən, qanı axan redaktorla ikilikdə qalıb, qanlı cəsədlərlə dolu döyüş meydanına tamaşa etməyə başladıq.

O dedi:

– Bir qədər alışdıqdan sonra bura sizin xoşunuza gələcəkdir.

Mən dedim:

–        Mən sizdən üzr istəməliyəm; bəlkə də bir müddət sonra mən yazmağı sizin bəyəndiyiniz kimi öyrənə bildim; mən əminəm ki, bir qədər təcrübədən sonra qəzet dilinə alışardım. Lakin təmiz vicdanımla deməliyəm ki, belə qızğın ifadə vərdişinin özünün namünasib cəhətləri var və insanın işləməsinə daima mane olur. Siz bunu özünüz də anlayırsınız. Şübhəsiz ki, qızğın üslubun məqsədi oxucunun qəlbini coşdurmaqdan ibarətdir, lakin mən özümə qarşı diqqət oyatmağı sevmirəm, bu isə burada labüddür. Bu gün olduğu kimi mənə hey mane olduqda mən sakit yaza bilmirəm. Bu vəzifə mənim çox xoşuma gəlir, yalnız bircə şey mənim xoşuma gəlmir, o da tək qalıb gələnləri qəbul etməkdir. Bu təəssürat mənim üçün eynidir, bununla da razıyam ki, hətta bir qədər maraqlıdır, lakin bu təəssürat birtərəfli xarakter daşıyır. Centlmen pəncərədən sizə atəş açır, güllə isə mənə dəyir; buxarıya bomba atırlar ki, siz məmnun qalasınız, ancaq peçin qapısı çıxıb mənim dişlərimi sındırır. Dostunuz buraya gəlir ki, sizinlə söz oynatsın, güllələrlə mənim dərimi xəlbir kimi deşik-deşik edib korlayır, elə korlayır ki, indi mənim dərim  jurnalistikanın bir prinsipini də saxlaya bilməyəcəkdir; siz nahar etməyə gedirsiniz, Conson isə əlində qamçı mənim yanıma gəlir, Gillspay məni pəncərədən bayıra atır, Tomson məni küt soyundurur, tamamilə kənar bir adam köhnə bir tanış kimi özünü sərbəst apararaq, mənim başımın dərisini soyur və heç beş dəqiqə keçməmiş, bütün dairənin fırıldaqçıları hərbi görkəmdə buraya gəlib öz toppuzları ilə mənim ürəyimi ayağımın altına salırlar. Dediklərimə inanın ki, mən ömrümdə vaxtımı heç bir zaman bu günkü kimi şən keçirməmişəm. Siz mənim xoşuma gəlirsiniz, sizin redaksiyaya gələnlərlə sakit və özünüzü itirmədən danışmaq hərəkətiniz mənə xoş gəlir, lakin mən, görürsünüzmü, buna adət etməmişəm. Cənublular həddindən çox ürəyi açıq adam olub, kənar adamları qonaq qəbul edəndə, həddindən daha artıq səxavət göstərirlər. Bu gün mənim yazdığım və mənim soyuq cümlələrimə Tenessi jurnalistikasının coşğun ruhunu verərək sizin ustad əlinizlə cana gətirilmiş o səhifələr daha bir eşşək arısı yuvasını oyadacaqdır. Redaktorlardan ibaret bütün o it sürüsü buraya gələcək – onlar ac gəlib birisini yeməklə qəlyanaltı etmək istəyəcəklər. Mən sizinlə vidalaşmalıyam. Bu məclisdə iştirak etmək şərəfindən boyun qaçırıram. Mən cənuba səhhətimi düzəltmək üçün gəlmişdim və bir dəqiqə də yubanmadan bu məqsəd üçün çıxıb gedirəm. Tenessidə jurnalistika dedikcə canlı bir işdir – bu iş mənə yaramır.

Biz bir-birimizə qarşılıqlı təəssüf ifadə edərək ayrıldıq və mən dərhal xəstəxanaya getdim. 

Tərcümə edən: Cabbar Məcnunbəyov