Mark Tven: “İntervyuerlə söhbət”

Epiloq.az Mark Tvenin “İntervyuerlə söhbət” hekayəsini təqdim edir.

Bir yerdə qərar tuta bilməyən şıq geyinmiş və özünü sərbəst tutan cavan oğlan mənim təklif etdiyim stula əyləşərək, “Gündəlik tufandan” göndərildiyini dedi və əlavə etdi:
– Ümidvaram ki, sizdən intervyu almaq üçün gəldiyimə siz zidd deyilsiniz?
– Nə üçün gəlmisiniz?
İntervyu almaq üçün.
– Aha, başa düşürəm. Bəli, bəli. Hm! Bəli, bəli həmin səhər mən özümü yaxşı hiss etmirdim. Doğrudan da nə üçünsə başım işləmirdi. Buna baxmayaraq mən kitab şkafına yaxınlaşdım, lakin kitab şkafında altı-yeddi dəqiqə qurdalandıqdan sonra cavan oğlana müraciət etməyə məcbur oldum. Mən soruşdum:
– Bu söz necə yazılır?
– Hansı söz?
– İntervyu
– Pərvərdigara! Bunu bilmək sizin nəyinizə gərəkdir?
– Lüğətə baxmaq istəyirdim, görüm bu sözün mənası nədir.
– Hm! Bu təəccüblüdür, çox təəccüblüdür. Mən bu sözün necə yazıldığını sizə deyə bilərəm, əgər siz… əgər siz…
– Nə olar buyurun! Sizə çox minnətdar olaram.
– İ-n, in, t-e-r, ter, inter…
– Demək, sizcə, bu söz “i” hərfi ilə yazılır?
– Əlbəttə.
– Ah, elə buna görə də mən çox axtarmalı olmuşam.
– Möhtərəm ser, bəs sizcə bu sözü necə yazmaq lazımdır?
– Mən… mən, doğrusu, bilmirəm. Mən tam lüğəti götürüb, axırdakı vərəqləri çevirdim, görüm bu sözü şəkillərin arasında bir yerdə tapa bilərəmmi. Ancaq mənim lüğətim çox köhnə nəşrdir.
– Lakin dostum, belə şəkil ola bilməz. Hətta ən axırıncı nəşrdə belə… Bağışlayın, mən sizin ürəyinizə dəymək istəmirəm, lakin siz mənə… mənim sizi təsəvvür etdiyim kimi savadlı adam görünmürsünüz. Üzr istəyirəm, ancaq mən sizin ürəyinizə dəymək istəmirdim.
– Ah, üzr istəməyinə dəyməz. Həm mənə yaltaqlıq etməyən, həm də mənə yaltaqlıq etməyə ehtiyacları olmayan adamlardan çox tez-tez eşitmişəm ki, mənim nadanlığımın həddi hüdudu-yoxdur. Bəli, bəli. O adamlar bununla həmişə fəxr edirlər.
– Təsəvvür edirəm. Lakin bizim intervyumuza qayıdaq. İndi siz bilirsiniz ki, şöhrət qazanmış hər bir adamı intervyu etmək dəbdir.
– Belə deyin, mən bunu birinci dəfədir ki, eşidirəm. Yəqin bu çox maraqlıdır. Bəs siz bunu necə edirsiniz?
– Bilirsinizmi, insan sadəcə olaraq məyus ola bilər! Bəzi hallarda dəyənəklə təsir etmək lazım gələrd, lakin intervyuer adama suallar verir, o adam isə cavab verir. İndi bu çox dəbdədir.  Sizin ictimai fəaliyyətinizin və şəxsi həyatınızın ən mühüm cəhətlərini aydınlaşdırmaq üçün icazə verərsinizmi, sizə bir neçə sual verim?
– Ah, buyurun, buyurun! Mənim yaddaşım çox pisdir,lakin ümidvaram ki, siz məni əfv edərsiniz. Daha doğrusu mənim yaddaşım intizamsızdır, hətta bu intizamsızlıq çox qəribədir. Gah görürsən ki. Dörd ayaq qaçır, gah da iki həftə içərisində lazım olan yerə heç bir vəchlə sürünüb çata bilmir. Bu məni çox məyus edir.
– Eybi yoxdu, hər halda siz bacardığınızı yadınıza salmağa çalışın.
– Çalışaram. Bütün səyimi sərf edərəm.
– Təşəkkür edirəm. Siz hazırsınızmı? Başlamaq olarmı?
– Bəli mən hazıram.
– Sizin neçə yaşınız var?
– İyunda on doqquz olacaq.
– Beləmi? Mən sizə otuz beş, otuz altı yaş verərdim. Siz harada anadan olmusunuz?
– Missuri ştatında.
– Siz nə vaxt yazmağa başlamısınız?
– Min səkkiz yüz otuz altıncı ildə
– Sizin indi cəmisi on doqquz yaşınız olduğu halda, bu necə ola bilər.
– Bilmirəm, doğrudan da nə isə qəribədir.
– Bəli, doğrudan da qəribədir. Gördüyünüz adamlardan siz kimi ən gözəl adam hesab edirsiniz?
– Aaron Barrı.
– Madam ki. Sizin on doqquz yaşınız vardır, siz onunla görüşə bilməzdiniz.
– Siz bu barədə məndən çox bilirsinizsə, o zaman məndən nə üçün soruşursunuz?
– Mən yalnız öz mülahizəmi söylədim, vəssalam. Siz Barrla necə tanış olmusunuz?
– Bu onun dəfni zamanı təsadüfən olmuşdur: o məndən çox səs-küy salmamağı xahiş etdi və…
– Ey göylərin qüvvələri! Əgər siz onun dəfnində olmuşsunuzsa, demək, o ölübmüş; madam ki, o ölmüşdür, sizin səs-küy salıb-salmamağınız onun üçün bir deyildimi?
– Bilmirəm. O həmişə çox qəribə adam olmuşdur.
– Hər halda mən tamamilə başa düşmürəm. Siz deyirsiniz ki, o sizinlə söhbət etmiş və ölmüşdür.
– Mən demədim ki, o ölmüşdür.
– Axı o ölmüşdür?
– Bəziləri deyirdilər ki, o ölüb, bəziləri deyirdilər ki  ölməyib.
– Bəs siz özünüz necə düşünürsünüz?
– Mənim nəyimə qalıb? Məni ki. Dəfn etmirdilər.
– Bəs siz… Deyəsən bu məsələdən biz heç bir zaman baş çıxarmayacağıq. İcazə verin, sizdən başqa bir şey haqqında soruşum. Siz nə zaman anadan olmusunuz?
– Mən altı yüz doxsan üçüncü ilin otuz bir oktyabrında, bazar ertəsi.
– Necə, nə dediniz? O zaman sizin yüz həştad yaşınız olmalıdır. Siz bunu necə izah edirsiniz?
– Heç cür izah etmirəm.
– Axı siz dediniz ki, cəmisi on doqquz yaşınız vardır. İndi demə, sizin yüz həştad yaşınız varmış. Çox böyük ziddiyətdir.
– Ah, siz bunu sezmisinizmi? ( Bir-birinin əlini sıxırlar.) Həmçinin mənə də çox tez-tez elə gəlirdi ki, burada ziddiyət vardır, lakin bu ziddiyətin olub-olmadığını və ya yalnız mənə belə gəldiyini heç cür qət edə bilmirdim. Siz hər şeyi necə tez sezə bilirsiniz!

–Kompliment üçün təşəkkür edirəm. Sizin qardaşlarınız və bacılarınız varmı?
– Eh-h…məncə vardır…öz aramızdır, yadıma sala bilmirəm.
– Belə qəribə bir bəyanatı birinci dəfədir ki, eşidirəm.
– Doğrudanmı?
– Əlbəttə, bəs siz necə bilirdiniz? Mənə baxın! Divardan asılmış əks kimindir? O sizin qardaşınız deyilmi?
– Ah, elədir, elədir, elədir. İndi siz mənim yadıma saldınız: O mənim qardaşımdır. O Vilyamdır, biz ona Bill diyerdik.
– Necə? Demək o ölmüşdür?
– Bəli, deyəsən ölmüşdür. Doğrusunu demək çətindir. Bu məsələdə çox qaranlıq cəhətlər var.
– Bunu eşitmək kədərlidir. Yəqin ki, o itkin düşmüşdür.
– Bəli, Ümumiyyətlə desək, müəyyən mənada bu belədir. Biz onu dəfn etmişik.
– Dəfn etmisiniz? Sağ və ya ölmüş olub-olmadığını bilmədənmi dəfn etmisiniz?
– Yox canım! Məsələ bunda deyildir. Ölməyinə o doğrudan da ölmüşdür.
– Etiraf edirəm ki, mən bu məsələdən heç bir şey anlamadım. Bir halda ki, siz onu dəfn etmisiniz və bilirdiniz ki, o ölmüşdür…
– Xeyr, xeyr! Biz onun yalnız öldüyünü güman edirdik…
– Ah, anlayıram! O təkrar dirilmişdirmi?
– Heç də yox.
– Ancaq mən ömrümdə belə bir şey eşitməmişdim. İnsan ölmüşdür. İnsanı dəfn etmişlər. Burada aydın olmayan nədir?
– Elə mən də bunu deyirəm. Məsələ də bundadır. Bilirsinizmi, biz rəhmətliklə əkiz idik, – daha doğrusu, biz cəmisi iki həftəlik olanda, bizi kiçik bir vannada dolaşıq salmşlar və bizlərdən birimiz boğulmuşuq. Lakin biz hansımızın boğulduğunu bilmirdik. Bəziləri güman edirlər ki, boğulan Billdir. Bəziləri güman edirlər ki, mənəm.
– Bu eşidilməmiş bir şeydir! Bəs sizin özünüz necə güman edirsiniz?
– Allah bilir! Mən doğrusunu bilmək üçün dünyada hər şeyimdən keçərdim. Bu məşum, dəhşətli tapmaca mənim həyatımı qaranlığa döndərmişdir. Lakin mən bir sirri sizə açacağam ki, indiyədək bu sirr haqqında dünyada heç kəsə bir kəlmə də deməmişəm. Bizlərdən birimizin xüsusi bir nişanımız vardı, bu nişan sol qolda böyük bir xaldan ibarət idi: bu mən idim. Bax həmin körpə boğulmuşdur!
– Çox gözəl. Belə olan halda burada heç bir tapmaca görmürəm.
– Görmürsünüz? Mənsə görürəm. Hər halda mən başa düşürəm, onlar özlərini bu dərəcə necə itirə bilərdilər ki, belə bir körpəni dəfn etməsinlər. Lakin s-s! Mənim valideynlərimin yanında bu barədə söz açmayın. Allah bilir ki, onsuz da onların kifayət qədər dərdi vardır.
– Məncə, mənim kifayət qədər materialım vardır, göstərdiyiniz nəzakət üçün sizə çox minnətdaram. Lakin Aaron Barrın dəfn haqqında sizin məlumatınız məni çox maraqlandırmışdır. Mənə deməzsinizmi, məhz hansı bir məsələ sizi vadar edir ki, Barrı belə gözəl bir adam hesab edəsiniz?
– Eh! Bu ki, boş şeydir! Bəlkə də əlli adamdan birisi buna diqqət vermiş olardı. Dua oxunub qurtarmışdı, mərasim qəbristana getməyə hazırlaşırdı, mərhumu təntənə ilə cənazə arabasına qoymaq istəyirdilər ki, o birdən-birə mənzərəyə axırıncı dəfə tamaşa etmək istədiyini dedi və tabutdan durub sürücünün yanında əyləşdi.
Gənc oğlan hörmətlə və tələsik təzim etdi. Demə, o çox ürəkaçan həmsöhbət imiş və onun belə tez getməsinə mən təəssüf etdim.

1875

Tərcümə edən: Cabbar Məcnunbəyov